Xorvatiyanın
paytaxtı Zaqreb şəhərində keçirilən gənclər arasında
güləş üzrə dünya çempionatında həmyerlilərimiz yaxşı
nəticə göstəriblər.
Azərbaycan Güləş Federasiyasının məlumatına görə,
çempionatın ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki
dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Mübarizənin ilk günündə Azərbaycanın dörd güləşçisi
xalça üzərinə çıxıb və millimiz 3 medal qazanıb.
Çempionatda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan
güləşçimiz İbrahim Nurullayev ermənistanlı Slavik
Qalstyana, Koreya Respublikasından olan idmançı Kim
Juhyeona, qazaxıstanlı Kanaqat Akilbekə qalib gələrək
finala yüksəlib. İbrahim Nurullayev həlledici görüşdə
Ukrayna təmsilçisi Aleksey Jabskiyi məğlub edərək fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.
Mundialda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan
Azərbaycan pəhləvanı Mircəlal Həsənzadə finaladək inamla
irəliləyib. Ardıcıl olaraq Qazaxıstan və Yaponiya
güləşçilərini təmiz qələbə, Gürcüstan idmançısını böyük
hesabla üstələyən təmsilçimiz, yarımfinalda ABŞ
idmançısı ilə gərgin keçən görüşü də qələbə ilə başa
vurub. Finalda Mircəlal Həsənzadə Rusiya idmançısına
minimal xal fərqi ilə uduzaraq dünya çempionatının gümüş
medalı ilə kifayətlənib.
Elman Muxtarov (60 kq) da finaladək inamla irəliləyib.
Güləşçimiz qırğızıstanlı Kali Sulaymanovu, belaruslu
Yahor Beliakı, finlandiyalı Lauri Mahoneni və fransalı
Yacin Ozayı məğlub edərək finala adlayıb. Qızıl medal
uğrunda mübarizədə Ermənistan idmançısı Karen Aslayanı
məğlub edən Azərbaycan güləşçisi qızıl medala sahib
olub.
Orxan Nuriyev (96 kq) mübarizəyə Çin təmsilçisi
Abudurexiti Alimujiang üzərində qələbə ilə başlayıb.
Aleksandr Kroczakı (Polşa), Yevgeni Gançevi
(Bolqarıstan) və Feliks Baldaufdu (Norveç) üstələyən
güləşçimiz finalda Koreya Respublikasından olan idmançı
Kim Seungjuna qalib gələrək dünya çempionu adını
qazanıb.
Sərbəst güləş yarışlarının ilk günündə güləşçilərimiz
Məhəmmədhacı Muxutov (74 kq) gümüş və Vurğun Əliyev (60
kq) isə bürünc medal qazanıblar. |