Quba rayonunda Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər
paytaxtı Quba gənclərin gözü ilə" ictimai aktivlik
layihəsinə start verilib.
Layihə rəhbəri Pərviz Muradovun verdiyi məlumata görə,
layihənin gerçəkləşdirilməsində əsas məqsəd istedadlı
gənclərin üzə çıxarılması, gənc liderlər şəbəkəsinin
formalaşdırılmasıdır. Layihə çərçivəsində 14-18 yaşlı
gənclər liderlik məktəbi çərçivəsində təşkil olunacaq 4
günlük təlimlərə cəlb olunacaqlar.
Layihənin açılış mərasimində Quba rayon Gənclər və
İdman İdarəsnin rəisi Mustafa Nöhbalayev, "Yurd"
Gənclərin İntellektual İnkişafına Dəstək İctimai
Birliyinin sədri Ramin Mahmudov və Liderlik məktəbinə
seçilmiş 20 nəfər gənc iştirak edib.
Çıxış edənlər bu tipli layihələrin əhəmiyyətindən
danışıb, Gənclər Fondunun fəaliyyətə başlamasından sonra
ölkədə gənclərin ictimai fəallığının artdığını,
bir-birinin ardınca müxtəlif məzmunlu və əhəmiyyətli
layihələrin gerçəkləşdiyini bildiriblər.
Qeyd edək ki, 4 gün davam edəcək təlimlərdə Quba
rayonunun müxtəlif kənd və qəsəbələrində, eləcə də rayon
mərkəzində yaşayan 14-18 yaşlı 20 nəfər gəncə peşəkar
təlimçilər tərəfindən "Şəxsi inkişaf və fərdi
potensialın üzə çıxarılması", "Liderlik", "Natiqlik" və
"Layihələrin yazılması və idarə edilməsi" mövzularında
təlimlər keçiriləcək. |