Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi
Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Təmiz
Binəqədi" layihəsi çərçivəsində və "2009-2014-cü illərdə
Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramı"nın rayonda icrasının təmin edilməsi və
gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlar
arasında şahmat idman növünü daha da inkişaf etdirmək
məqsədilə həyata keçirilən "Şahmat" dərslərinin bağlanış
mərasimi keçirilib.
Mərasimdə rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi
Bayramov, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri
Qabil Qafarov, Binəqədi rayon 3 nömrəli Uşaq-Gənclər
Şahmat İdman Məktəbinin müəllimi Xalidə Həsənova və
gənclər iştirak ediblər.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov
çıxış edərək, ölkəmizdə idmana və idmançılara göstərilən
diqqət və qayğıdan danışıb. Bildirilib ki, intellektual
idman növü olan şahmata yeniyetmə və gənclər arasında
maraq günü-gündən artmaqdadır. Məhz bunu nəzərə alaraq
rayon gəncləri üçün şahmat dərsləri təşkil olunaraq
keçirilib. Bundan sonra da gənclərin bilik və
bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm
addımlar atılacağı diqqətə çatdırılıb.
YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil
Qafarov da şahmat dərslərinin gənclərin diqqət və
düşünmək qabiliyyətinin möhkəmləndirilməsində mühüm rol
oynadığını vurğulayıb.
Şahmat dərslərini gənclərə həvəslə öyrədən müəllim
Xalidə Həsənova yaradılan şəraitə görə təşkilatçılara
təşəkkürünü bildirib. O, gənclərin dərslərdə xüsusi
fəallıq göstərdiyini qeyd edib.
Sonra tədbir gənc şahmatçıların oyunu ilə davam
etdirilib. |