Nəzərov
Vahid Əliş oğlu 1959-cu il avqustun 17-də Bakının
Əmircan kəndində anadan olub. 1976-cı ildə Bakıdakı 114
nömrəli orta məktəbi bitirib. 1978-1980-ci illərdə ordu
sıralarında əsgəri xidmətdə olub. 1985-ci ildə S.M.Kirov
adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu,
2005-ci ildə isə Milli Aviasiya Akademiyasının
beynəlxalq hüquq fakültəsini bitirib. "Respublikanın ali
kateqoriyalı məşqçisi", həmçinin 1987-ci ildə
respublikanın "Əməkdar məşqçisi", 2005-ci ildə "Fəxri
bədən tərbiyəsi və idman işçisi" adlarını alıb və Təhsil
Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25
dekabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının
"Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına
layiq görülüb. Ailəlidir, iki övladı var.
Redaksiyamızın qonağı olan əməkdar bədən tərbiyəsi və
idman xadimi, "Təhsil" Respublika İdman Mərkəzi 1
nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi
Vahid Nəzərov bizimlə söhbətinə belə başladı:
- Əmək fəaliyyətinə 1980-ci ildə başlamışam. 18 il
Azərbaycanın ağır atletika üzrə yığma komandasının baş
məşqçisi olmuşam. 1986-cı ildən isə "Təhsil" Respublika
İdman Mərkəzinin 1 nömrəli RİOEUGİM-nin ağır atletika
bölməsində baş məşqçi vəzifəsində çalışıram. İşlədiyim
34 il ərzində yetirmələrim bir sıra respublika
birinciliklərinin, eləcə də Avropa və dünya çempionu və
rekordçusu, Olimpiya oyunlarının iştirakçıları olub.
1992-ci ildə müstəqil Azərbaycanın ilk beynəlxalq
dərəcəli hakimi adına layiq görülmüşəm. 1992-ci ildən
2010-cu ilədək Azərbaycan Ağır Atletika Federasiyasının
birinci vitse-prezidenti və Azərbaycanın beynəlxalq
konfranslarda layiqli təmsilçisi olmuşam.
Yetirmələrimdən Zahid Nəzərov 1998-ci ildə Avropa
çempionu və Avropa kubokunun sahibi, Nizami Paşayev
Avropa və dünya çempionu və rekordçusu, 2009-cu ildə
İntiqam Zairov, Sərdar Həsənov, Avropa çempionatının
mükafatçıları Əfqan Bayramov isə 2013-cü ildə Avropa
çempionu olublar. Eyni zamanda Təranə Abbasova, Nizami
Paşayev, Turan Mirzəyev, Elxan Süleymanov, Əfqan
Bayramov və Asif Məlikov yay olimpiya oyunlarında
iştirak ediblər. Rəhbərliyim altında ölkəmizin milli
yığma komandası Rumıniyada keçirilən Avropa
çempionatında Azərbaycan idman tarixində ilk dəfə olaraq
komanda hesabında 45 dövlət içərisində 3-cü yeri tutub.
Milli yığma komandanın baş məşqçisi kimi ölkəmizi 1996-cı
il Atlanta, 2000-ci il Sidney, 2008-ci ildə Pekin
Olimpiya oyunlarında təmsil etmişəm.
2010-cu
ildə Sinqapurda yeniyetmələrin Birinci Olimpiya
oyunlarında hakim kimi münsiflər heyətinin prezidenti
olmuşam. 2012-ci ildə Londonda Yay Olimpiya Oyunlarında
olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim,
2013-cü ildə İslam Oyunlarında hakimlər kollegiyasının
üzvü kimi respublikamızı təmsil etmişəm.
- Vahid müəllim, qarşıdan sizin 55 illik yubileyiniz
gəlir. İlk olaraq sizi redaksiyamızın kollektivi
adından təbrik edir, sizə cansağlığı və işlərinizdə
uğurlar arzulayırıq.
- Çox sağ olun. Mən də bu dəvətə görə "Azərbaycan
müəllimi" qəzetinin səmimi, mehriban kollektivinə
təşəkkürümü bildirirəm. Bu qəzet bütün təhsil işçiləri
üçün əziz və doğmadır. Sevindirici haldır ki, "Azərbaycan
müəllimi" qəzetinin də bu il 80 yaşı tamam olur. Bu
münasibətlə mən də sizin qəzetin kollektivini səmimi-qəlbdən
təbrik edirəm.
- İdmanın ağır atletika sahəsinə maraq sizdə necə
yarandı?
- Uşaq yaşlarımda musiqiyə böyük marağım olub. Anamın
xalası oğlu Cahangir Cahangirovun dəstəyi ilə musiqi
məktəbinin qarmon bölməsinə qəbul oldum və oranı
bitirdim. O, məndə həvəs yaratdı ki, Asəf Zeynallı adına
musiqi məktəbinə və Azərbaycan Milli Konservatoriyasına
qəbul olum. Amma sonradan idmana olan marağım musiqini
üstələdi. İlk vaxtlarda idmanın ağır atletika növü ilə
fərdi şəkildə məşğul olmağa başladım. Sonra 1971-ci
ildə "Neftçi" idman cəmiyyətinin ağır atletika
bölməsinə yazıldım. Orada təcrübəli idman ustası,
müəllimim Lev Nikolayeviç Şəpovdan bu idman növünün
sirlərini öyrənməyə başladım. Cəmiyyətlər arasında və
respublika daxili yarışlarda fərqlənərək 1978-ci ildə
SSRİ-nin idman ustası normasını yerinə yetirdim.
Dəfələrlə Azərbaycan çempionu və SSRİ-nin tərkibində
olan ölkələrdə keçirilən yarışlarda iştirak edərək qalib
olmuşam. 1992-ci ildə müstəqil Azərbaycanın ilk ağır
atletika üzrə beynəlxalq dərəcəli hakimi olmuşam.
- Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi,
idmanda da yüksək nəticələr əldə edilir. Bunun səbəbini
nədə görürsünüz? Yetirmələriniz haqqında nə deyə
bilərsiniz?
- Yetirmələrimdən Nizami Paşayev 2005-ci ildə Qətərin
Doci şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya
çempionatında qızıl medal qazandı. Çempionatdan
qayıtdıqdan sonra Prezident İlham Əliyev bizimlə görüşdü
və mənə mənzil hədiyyə etdi. Eyni zamanda
Prezidentimiz mənim əməyimi yüksək qiymətləndirərək
2006-cı ildə idmanda ən böyük ad olan "Əməkdar bədən
tərbiyəsi və idman xadimi" fəxri adını verdi.
Siz qeyd etdiyiniz kimi, Azərbaycan bütün sahələrdə
olduğu kimi idman sahəsində də çox sürətlə inkişaf edir.
Fikrimcə, bu inkişafa stimul verən dövlətimiz tərəfindən
bu sahəyə olan böyük diqqətdir. Mən dünyanın demək olar
ki, bütün ölkələrində olmuşam. Heç bir inkişaf etmiş
ölkədə idman sahəsinə dövlət tərəfindən bu qədər
diqqət görməmişəm. Fikir verirsinizsə son 10 ildə
ölkəmizdə nə qədər müasir standartlara cavab verən idman
kompleksləri tikilib. Bütün bunlar hər bir rayonda
yeniyetmə və gənclərimizin yaxşı, təcrübəli idmançı
kimi yetişməsi üçün çox vacibdir. Ümummilli liderimiz
Heydər Əliyev istəyirdi ki, hər bir azərbaycanlı gənc öz
intellektual savadı və idmançı kimi potensial
imkanları ilə Azərbaycanımızı layiqli təmsil etsin.
Şükürlər olsun ki, ulu öndərin siyasi kursunu bu gün
layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyev
uğurla davam etdirir. Siz fikir verin, olimpiya
oyunlarının qaliblərinə I yerə görə 500 min manat
verilir. Bu idmana olan çox böyük diqqət və qayğıdır.
Azərbaycan xoşbəxt və işıqlı gələcəyə onun rəhbərliyi
ilə gedir. Prezidentimiz idmanı çox sevir. O istəyir ki,
ölkəmizin gələcəyi sayılan yeniyetmə və gənclərimiz
idmanı sevsinlər, onunla müntəzəm məşğul olsunlar, pis
vərdişlərdən uzaq olaraq vaxtlarını daha səmərəli və
yaxşı keçirsinlər.
- Ailənizdə sizin yolunuzu davam etdirən varmı?
- İki övladım var, biri oğlan, biri qız. Oğlum Əliş
Nəzərov 1999-cu ildə, qızım Rəhimə Nəzərova isə
2001-ci ildə anadan olub. Əliş "Dədə Qorqud" liseyində
9-cu sinifdə oxuyur. Bu il onlarda yeniyetmələrin
sərbəst güləş üzrə spartakiadası keçirildi. Əliş həmin
yarışda III yerin sahibi oldu. İstəyirəm ki, Əliş də
ağır atletika üzrə təcrübəli və məşhur idmançı olsun.
- Ümummilli lider Heydər Əliyevlə görüşünüzü necə
xatırlayırsınız?
- İndiki kimi yadımdadır, ulu öndər Heydər Əliyevlə
görüşəndə onun müsbət aurası mənə imkan verdi ki,
həyəcanımın qarşısı alınsın. Cəsarət tapıb dedim ki,
cənab Prezident, biz idmançılar, məşqçilər çalışacağıq
ki, Azərbaycanın idmanını Sidney Olimpiya Oyunlarında
layiqli təmsil edək, yaxşı nəticələrlə xalqımızı və
şəxsən sizi sevindirək.
Ölkəmizə qayıtdıqdan sonra ulu öndərimiz bizimlə
yenidən görüşərək təbrik etdi və bizlərə pul mükafatı
verdi. Heç bir ölkədə üçlüyə düşməyən idmançılara
mükafat vermirlər. Ancaq baxmayaraq ki, 12-ci
yerdəydik, bizi ruhlandırmaq və həvəsləndirmək üçün
ümummilli liderimiz bizə mükafat verdi. Bizim balaca
işimizi böyük bir iş kimi qiymətləndirdi.
- Vahid müəllim, peşəkar və təcrübəli müəllim kimi
gənclərimizə nə tövsiyə edərdiniz?
- Gənclərimizə onu demək istərdim ki, zəhmətdən
qorxmasınlar. Qarşılarına məqsəd qoysunlar. Həmin
istiqamət üzrə qabağa getsinlər. Gec-tez çəkdikləri
zəhmətin bəhrəsini görəcəklər. Milli ruhda böyüsünlər.
Xalqımıza, dövlətimizə layiqli bir şəxsiyyət olsunlar.
Millətimiz onlarla fəxr etsin.
Sonda isə idmana göstərilən diqqət və qayğıya görə
Prezidentimiz İlham Əliyevə idmançılar və idmansevərlər
adından təşəkkürümü bildirirəm. |