Sinifdə müxtəlif krossvordları həll etmək
uşaqlarda intellekti gücləndirir
Kembric Universitetinin alimləri belə qənaətə
gəliblər ki, uşaqlara sinif məşğələlərində
müxtəlif krossvordları həll etmək imkanı
yaradılmalıdır. Bu cür məşğuliyyət uşaqlarda
intellekti gücləndirir. Onlar uşaqların
yaddaşını möhkəmlədir. Müxtəlif sözlü oyunlar
isə uşaqların nitqini daha da sürətləndirir,
onların söz ehtiyatını artırır. "The Daily Mail"
qəzetinin yazdığına əsasən müəllimlərin 75 faizi
öz dərslərində bu və ya digər formada
müxtəlif tapmacalardan istifadə edir, lakin
onlar bunu təhsilin keyfiyyətini yaxşılaşdırmaq
üçün deyil, uşaqları məşğul etmək üçün edirlər.
Tədqiqatlar göstərir ki, tapmacalar daha geniş
potensiala malikdir və onlar uşaqların
psixoloji və koqnitiv inkişafına müsbət təsir
göstərirlər. Xüsusən də 7-11 yaşlı uşaqlar
üçün olan tapmacalar daha faydalıdır. |
|
Qırğızıstanda tələbələrin sayının azalması
narahatlıq doğurur
Qırğızıstanın ali məktəblərində tələbələrin
sayının azalması tendensiyası müşahidə
olunmaqdadır. Bu barədə Qırğızıstanın təhsil və
elm naziri Kanat Sadıkov rəhbərlik etdiyi
qurumun 2015-ci il üçün büdcə layihəsinin
müzakirəsinə həsr olunmuş iclasındakı çıxışında
bildirib. Onun sözlərinə görə, bu meyil davam
edərsə, iki ildən sonra tələbələrin sayı 2010-cu
illə müqayisədə 2 dəfə az olacaq.
"Ali təhsil sistemində tələbə sayının azalması
müşahidə olunmaqdadır, biz təhsilin bakalavriat
və magistratura səviyyəsinə keçmişik, hər il ali
məktəblərimizə tələbə qəbulu 15-20 min nəfər
azalır. Ola bilər bu onunla bağlıdır ki, biz
qiyabi təhsilin formatını tam dəyişdik və onu
distant texnologiyaları üçün məcburi şərt
etdik. Son 3 il ərzində qiyabi şöbələrə
qəbul 15 min nəfər təşkil edib", - deyə nazir
bildirib. O əlavə edib ki, Təhsil və Elm
Nazirliyinin proqnozlarına əsasən 2017-ci ildə
tələbələrin ümumi sayı 150 min nəfərə çatacaq.
Belə olan halda nazirlik qarşısında duran əsas
məqsəd təhsil xidmətlərinin keyfiyyətinin
yaxşılaşdırılması olmalıdır. |
|
MDU Çində beynəlxalq universitet yaradır
M.V.Lomonosov
adına Moskva Dövlət Universiteti Çində
beynəlxalq universitet yaradır. "Uçitelskaya
qazeta"nın məlumatına əsasən, bu barədə artıq
tərəflər arasında müqavilə imzalanıb. MDU
bazasında yaradılan beynəlxalq universitetdə
Rusiyanın ən nüfuzlu ali məktəblərinin tədris
proqramları və standartları əsasında təkcə
Rusiya və Çində deyil, bütün dünyada tələbat
duyulan ixtisaslar üzrə yüksəkixtisaslı
mütəxəssislər hazırlanacaq. Hər iki ölkənin
ali rəhbərliyi tərəfindən dəstək qazanmış
layihədə MDU və Çinin Pekin Politexnik
Universiteti tərəfdaş kimi çıxış edirlər.
Təhsil ocağında təkcə Çin vətəndaşları deyil,
Rusiyanın Uzaq Şərq vilayətləri və Orta Asiya,
eləcə də digər ölkələrdən olan tələbələr
oxuyacaq. Tədris prosesinə Rusiya və digər
xarici ölkələrdən ən yaxşı mütəxəssislər cəlb
olunacaq.
Tədris rus, ingilis və Çin dillərində aparılacaq.
Məzunlar həm MDU-nun, həm də müştərək
universitetin diplomunu alacaqlar. Tələbələr
icbari qaydada Rusiya və Çinin iri
şirkətlərində təcrübə keçəcəklər. MDU-nun
rektoru, akademik Viktor Sadovniçinin sözlərinə
görə, universitet ilk 5 min tələbəni 2015-ci
ildə qəbul edəcək. Buna qədər isə gələcək
tələbələrin rus dilini öyrənmələri üçün
hazırlıq kursları açılacaq. |
|
Özbəkistan
təhsil sistemi növbəti qrant alıb
Özbəkistan təhsil sisteminin inkişafı üçün
49,9 milyon ABŞ dolları həcmində növbəti
qrant alıb. Bu barədə UNESCO-nun Özbəkistan
üzrə nümayəndəliyinin rəhbəri Krista Pikkat
bildirib. Maliyyə yardımı təhsil sahəsində
Qlobal Tərəfdaşlıq Fondunun layihəsi əsasında
reallaşdırılıb. Qrant təhsil sahəsinin daha
da təkmilləşdirilməsinə, məktəbəqədər təhsilin
keyfiyyətinin, eləcə də ümumtəhsil məktəblərində
tədris prosesinin yaxşılaşdırılmasına xidmət
edəcək. Layihə çərçivəsində təhsil sisteminin
monitorinqinin təkmilləşdirilməsi də nəzərdə
tutulub. |
Oruc
MUSTAFAYEV,
"Azərbaycan müəllimi" xarici
mətbuat materialları əsasında |