Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

İşə yeni qəbul olunmuş müəllimlər bu məqsədlə keçirilmiş müsabiqəni yüksək dəyərləndirirlər

 

Yeni dərs ilində ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə yekun vurulub. Müsabiqədə təklif olunmuş 2975 vakant yerdə işləmək üçün 17962 müəllim müraciət edib. Onlardan  1304 nəfəri müsabiqə mərhələlərini uğurla keçirərək yeni dərs ilindən təhsil müəssisələrində işləmək hüququ qazanıb. Bu barədə açıqlanan statistikadan görünür ki,  ən çətin mərhələ  test imtahanları olub. Belə ki, imtahanlarda iştirak etmiş 13544 nəfərdən cəmi 1837-si növbəti müsabiqə mərhələsinə keçə bilib.

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqə bir sıra nüansları ilə əvvəlki illərdəkindən fərqli olub. Belə ki, o, daha qısa müddətdə yekunlaşıb: imtaham mərhələsi 1 həftə, müsahibə isə 3 gün çəkib. Şəffaflıq təmin olunub, ədalət prinsipi gözlənilib. Bəs, görəsən, işə yeni qəbul olunan müəllimlər bu haqda nə fikirdədirlər? Onlar işə qəbul üzrə müsabiqəni necə dəyərləndirirlər? Bu sualları müsabiqədə yüksək bal toplayaraq paytaxtın bir sıra ümumtəhsil müəssisələrində işə qəbul olunmuş müəllimlərə ünvanladıq. Aşağıda onların cabvablarını təqdim edirik:  


Müsabiqədə ən yüksək bal toplayaraq birinci yeri tutdum 

Nigar QULUZADƏ,
Bakıdakı 130 nömrəli tam orta məktəbin ingilis dili  müəllimi 

1987-il sentyabrın 8-də Cəbrayıl şəhərində ziyalı ailəsində anadan olmuşam. Hazırda Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşayıram. 2004-cü ildə Bakı şəhəri 75 nömrəli tam orta məktəbi bitirmişəm. Elə həmin il Azərbaycan Dillər Universitetinə daxil olmuş, 2008-ci ildə həmin universiteti bitirərək, ingilis dili müəllimi ixtisasına yiyələnmişəm. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin magistratura pilləsində təhsilimi davam etdirmişəm. 2012-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm. 2009-cu ildən  "Zəfər" kurslarında  ingilis dili müəllimi işləyirəm.

2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə  iştirak etdim və 36.44 bal toplayaraq müsabiqə iştirakçıları arasında 1-ci yeri tutdum. Bu uğurum məni çox sevindirir. Yeni tədris ilindən Sabunçu rayonu  130 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətimi davam etdirəcəyəm.

Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilməsi çox müsbət haldır. Mən də özümü sınamaq üçün bu müsabiqəyə qoşuldum. Müsabiqədə iştirak etməyimin səbəbi dövlət müəssisəsində işləmək istəyimdir.

Müsabiqə 3 mərhələdən ibarət idi. 1-ci mərhələdə ərizə qəbulu zamanı problemlə üzləşmədim. 2-ci mərhələdə imtahan obyektiv keçdi. Sualların çətinlik dərəcəsi normal idi. Və imtahanın gedişi məni qane etdi. 3-cü mərhələdə isə yenə heç bir çətinlik olmadan seçdiyimiz məktəblərə yerləşdirildik.

Ötən illərə nisbətən bu il müəllimlərin işə qəbulu  prosesinin  tez başa çatması da təqdirəlayiqdir. Daha savadlı müəllimlərin işə qəbulunu təmin etmək üçün müsabiqənin böyük əhəmiyyəti var.   


Yüksək səviyyəli məktəbdə işləmək qürurvericidir 

Vüsalə  ASLANOVA,
BSU nəzdində Məktəb-Lisey Kompleksinin tarix müəllimi 

1978-ci ildə Naxçıvan şəhərində anadan olmuşam.1984-1994-cü illərdə Vəli Zeynalov adına 3 nömrəli rus məktəbində oxumuşam. Təhsilimi əla qiymətlərlə başa vurmuşam.1995-1999-cu illərdə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışam.

Hazırda Naxçıvan Dövlət Universitetində ən yeni tarix ixtisası üzrə magistratura təhsili alıram.15 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğulam. İndiyədək Çeşməbasar kənd, Naxçıvan şəhər  11 nömrəli tam orta məktəblərində işləmişəm, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbində  təlim-tərbiyə işləri üzrə direktor müavini olmuşam.

Azərbaycanda gedən islahatlar, qloballaşma prosesi təhsil sahəsində də özünü göstərir. Bunun bariz nümunələrindən biri də Təhsil Nazirliyinin  müəllimlərin vakant iş yerlərinə qəbulu  üçün keçirdiyi müsabiqədir. Müsabiqə yüksək səviyyədə təşkil olunmuşdu. Heç bir maneə olmadan dəqiq işə salınmış mexanizmlə, yüksək səviyyədə peşəkarlıqla reallşdırılır. Bununla da təhsil sahəsində Dövlət Strategiyasının əsas  istiqamətlərindən biri olan peşəkar təhsilverənlərin formalaşması həyata keçirilir. Zənnimcə, müsabiqənin ən böyük əhəmiyyəti onun şəffaf, ədalətli həyata keçirilməsidir.

Sevindirici haldır ki, yüksək səviyyəli kadrların işlə təmin olunması  artıq günümüzün reallığına çevrilib.  Bu isə, mənim fikrimcə,  ölkə Prezidentinin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir.  Mən bu diqqət və qayğıya görə  Prezidentimizə minnətdarlığımı bildirirəm. O da təqdirəlayiq haldır ki, az müddət ərzində təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə təhsil  sahəsində bir sıra nailiyyətlər əldə edilib.  Bütün bunlar bir Azərbaycan müəllimi kimi  məni sevindirir və daha yaxşı işləməyə ruhlandırır.

Mən tarix fənnindən Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksindəki vakant yeri tutmaq hüququ qazanmışam.  Bu təhsil ocağını seçmə səbəbim buranın Azərbaycan miqyasında aparıcı və özünəməxsus təhsil ocaqlarından biri olmasıdır. Mənim üçün qürurverici və sevindirici haldır ki, belə yüksək səviyyəli təhsil müəssisəsində xalqımızın gələcəyi və yüksəlişi naminə çalışmaq  hüququ qazanmışam.   


İşə qəbulun musabiqə yolu ilə aparılması yaxşı haldır 

Məharət  QARAYEV,
Bakı şəhəri, akademik Zərifə Əliyeva adına liseyin  kimya müəllimi
 

 Artıq ikinci dəfədir ki, Təhsil Nazirliyinin işə qəbulla bağlı keçirdiyi müsabiqədə iştirak edirəm.

1986-cı ildə Ucar rayonunun Məlikballı kəndində müəllim ailəsində doğulmuşam. Atam Nağı Qarayev həmin kənddəki məktəbin  riyaziyyat, anam Rəna Şərifova  isə fizika-riyaziyyat müəllimidir. Təbii ki, ilk təhsilimlə valideynlərim məşğul olub.1992-ci ildə birinci sinfə getmiş, 2003-cü ildə isə məktəbi əla qiymətlərlə bitirmişəm. 9-cu sinfə qədər riyaziyyata meylim olsa da həmin il məktəbə gələn kimya müəllimim Elsevər Nizamov  məndə bu sahəyə maraq yaratdı.Yeri gəlmişkən, üzərimdə əməyi olan bütün müəllimlərimə təkrar-təkrar təşəkkür edirəm.Valideynlərim başda olmaqla məhz  müəllimlərimin sayəsində orta məktəbi bitirən il yüksək balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil oldum. Səylə çalışaraq 2007-ci ildə kimya-biologiya fakültəsini əla qiymətlərlə bitirdim. 2010-cu ildə isə Bakı Dövlət Universitetində magistraturanı fərqlənmə diplomu ilə başa vurdum.

Magistraturanı qiyabi oxuya-oxuya universitetin təyinatı ilə 2007-2010-cu illərdə Şamaxı rayonunun Qızmeydan kəndində işlədim. Daha sonra internet saytlarından və KİV-dən Təhsil Nazirliyinin  işə qəbulla bağlı keçirdiyi  imtahan barədə eşitdim. 2010-cu ildə imtahan verərək yüksək nəticələrlə Sabunçu rayonunun Ramana qəsəbəsindəki  E.Ağayev adına 198 nömrəli tam orta məktəbə işə qəbul olundum.  3 il orada çalışdıqdan sonra yaşayış  yerimə uzaq olduğu üçün məktəbdən ayrıldım.

Başqa bir təhsil müəssisəsində işə qəbul olmaq istəyir və mütəmadi olaraq Təhsil Nazirliyinin rəsmi internet saytını izləyirdim. Bu il akademik Zərifə Əliyeva adına liseydə  ixtisasım üzrə vakant yerin olması məni sevindirdi. Bu məktəb haqqında, onun yüksək nəticələri barədə məlumatım vardı və liseydə potensialın yüksək olduğunu bilirdim. Ona görə də tərəddüd etmədən akademik Zərifə Əliyeva adına liseyi seçdim.

İmtahana gəlincə, çox rahatlıqla nazirliyin rəsmi saytında elektron ərizəni doldurdum, qısa müddət ərzində şəxsi səhifəmə ərizənin təsdiqi və imtahanın yeri, tarixi barədə məlumat  gəldi. İyulun 25-də imtahanda iştirak etdim. İmtahan çox rahat keçdi, hər kəs öz biliyini rahatca nümayiş etdirdi. Suallar və verilən vaxt normal idi. Elə həmin gün saat 18:00-da nəticələr açıqlandı və yüksək balla qəbul olduğumu gördüm. Avqustun 1-də müsahibə mərhələsindən də uğurla keçdim və bir neçə gün sonra adım rəsmən nazirliyin internet səhifəsində qəbul olunmuşların siyahısında açıqlandı.

Müəllimlərin işə qəbulunun  müsabiqə yolu ilə aparılması sevindirici haldır. Bu, savadlı müəllim kontingentinin artmasına, bu da öz növbəsində, savadlı şagirdlərin yetişdirilməsinə və intellektual gəncliyin formalaşmasına gətirib çıxarır. Dövlətimizin, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu islahatlar aparması bizi sevindirir. Mən bu işin bütün təşəbbüskarlarına təşəkkürümü bildirirəm.  


İlk yazdığım vakant yerə yüksək balla qəbul olundum 

Nigar İMANOVA,
Bakıdakı 21 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
 

1985-ci ildə Bakı şəhərində anadan olmuşam. Yasamal rayonundaki 286 nömrəli tam orta məktəbdə təhsil almışam.  2003-cü ildə  ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə 530 balla daxil olmuşam. 2007-ci ildə oranı bitirib, elə həmin il eyni ixtisasa  universitet üzrə ən yüksək bal toplayaraq, yəni 85 balla magistraturaya qəbul  olmuşam. Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Təhsilin müxtəlif məsələlərindən bəhs edən bir neçə məqalənin,  2-ci sinif riyaziyyatdan qiymətləndirmə vəsaitinin müəllifiyəm. Özəl məktəbdə işləmişəm.

Bu il Təhsil Nazirliyinin saytında vakant yerlər arasında 21 nömrəli məktəbin adını görəndə özümü imtahanda sınamaq qərarına gəldim. Çünki buranın həmişə qabaqcıl məktəblər siyahısında olduğunu bilirdim. Bu məktəbdə işləmək arzumu reallaşdırmaq istədim. Və imtahana qatıldım. Elə birinci yazdığım yerə, 21 nömrəli məktəbə ibtidai sinif müəllimləri arasında ən yüksək balla  qəbul oldum.

Müsabiqə çox şəffaf və obyektiv keçdi. Cavabların iki günə çıxması alqışlanası bir hal idi. Əvvəlki dönəmlərdəki kimi günlərlə həyəcan içərisində cavabları gözləmək lazım gəlmədi. Nəticəsinin az və ya çox olmasından asılı olmayaraq, imtahan həyəcanı hər bir insanda olur. Mən öz nəticəmin yüksək olduğunu bilsəm də bu həyəcan  məni də tərk etmirdi. Ümumiyyətlə, əksər müəllimlərin imtahan nəticələrinin aşağı olması qabaqcıl bir müəllim kimi məni çox narahat edir. Məktəbə ilk dəfə qədəm basan uşaqların təməlini qoyan müəllim geniş dünyagörüşünə, hərtərəfli elmi biliyə və güclü metodikaya malik olmalıdır. Çünki müəllim necədirsə, elə də şagird yetişdirir. Hazırda savadlı kadrlar yetişdirmək  ölkəmizin təhsil sisteminin qarşısında duran ən önəmli vəzifələrdən biridir.  Bu vəzifənin yerinə yetirilməsi isə, ilk növbədə, biz müəllimlərdən asılıdır. 


İmtahan yüksək səviyyədə və obyektiv keçdi 

Sevinc MƏMMƏDOVA,
Bakıdakı 254 nömrəli tam orta məktəbin  ibtidai sinif müəllimi
 

1976-cı il yanvarın 8-də Naxçıvan MR Ordubad rayonunun Bist kəndində anadan olmuşam. İlk təhsilimi Naxçıvan şəhər 12 nömrəli orta məktəbdə almışam.1993-cü ildə əla qiymətlərlə məktəbi bitirmişəm. Hələ uşaq yaşlarından məndə müəllimlik peşəsinə böyük maraq var idi. Elə bu səbəbdən 1994-cü ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin pedaqogika və ibtidai təhsilin metodikası fakültəsinə daxil oldum. 1998-ci ildə universiteti bitirdikdən sonra Naxçıvan şəhər İslam Səfərli adına 1 nömrəli orta məktəbdə əmək fəaliyyətinə başladım.

Mən uşaqlarla işləməyi çox sevdiyim üçün ibtidai sinif müəllimi olmaqdan qürur duyuram. 2009-cu ilə qədər bu məktəbdə müəllim vəzifəsində işlədim. Daha sonra Bakı şəhərinə köçdük. Burada mən peşəmi davam etdirmək qərarına gəldim. Üzrlü səbəblərdən bir neçə il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilmədim. Nəhayət, bu il sənədlərimi elektron ərizə vasitəsilə Təhsil Nazirliyinə təqdim etdim və müsabiqədə iştirak etmək hüququ qazandım. Müsabiqədə test üsulu ilə imtahana 35 sual salınmışdı. Suallar çox maraqlı və düşündürücü idi. İmtahan yüksək səviyyədə və obyektiv keçdi. Mən elə həmin gün imtahanın nəticələrini bildim.Yüksək bal (35,19) topladığım üçün növbəti mərhələyə keçdim. Həmin mərhələ müsahibə üsulu ilə keçirildi. Bu mərhələdən də yaxşı rəy aldım və ərizəmdə ilk qeyd etdiyim 254 nömrəli tam orta məktəbə müəllim təyin olundum. Bu məktəbə təyin olunduğum üçün çox şadam. Çünki 254 nömrəli məktəb rayonun nümunəvi məktəblərindən biridir. Üstəlik də mənim yaşadığım əraziyə yaxın yerdə yerləşir.

Biz ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. İlk dəfə balaca əllərinə qələm alan şagirdlərə "vətən", "ana" kəlmələrini yazdırmaq  şərəfli bir vəzifədir. Şagirdlərin vətənimizə, elimizə layiqli övladlar  kimi yetişməsində biz müəllimlərin rolu böyükdür.

Müəllimlərin işə müsabiqə yolu ilə qəbulunu mən də alqışlayıram. Çünki bu yolla daha bilikli və hazırlıqlı müəllimlər məktəblərə gəlirlər.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov