Dövlətimizin
başçısının tapşırıq və tövsiyəsi ilə avqustun əvvəlində
başlanılan, gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük
təsir göstərən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında
iştirak edən Qobustan və Hacıqabul rayonlarının
məktəbliləri respublikamızın şimal-qərb bölgəsinə səfər
proqramına uyğun olaraq avqustun 11-də qədim Şəki
diyarında olublar.
Tur-aksiyanın iştirakçılarını Heydər Əliyev Mərkəzinin
qarşısında şəhər icra hakimiyyətinin, təhsil, mədəniyyət
və turizm şöbələrinin rəhbərləri, ictimaiyyətin
nümayəndələri səmimiyyətlə qarşılayıblar.
Bir gün əvvəl başlanan səfər çərçivəsində artıq
İsmayıllı və Qəbələ rayonlarının qədim tarixi məkanları,
görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə
edən məktəblilər çox şən olublar.
Məktəblilərə ipəkçilik diyarı kimi tanınan qədim Şəkinin
tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa
məlumat verilib. Bildirilib ki, 2700 ildən çox yaşı olan
bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq
abidələri ilə məşhurdur.
Tur-aksiyanın iştirakçılarına son illərdə Şəkinin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə
edilən uğurlardan bəhs edən kitabçalar da hədiyyə olunub.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən
qrup rəhbərləri bu layihənin məktəblilərin
dünyagörüşlərinin daha da zənginləşməsinə, ölkə
gənclərinin vətənpərvərlik və azərbaycançılıq
prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət
ruhunda tərbiyə olunmasına çox böyük töhfə olduğunu
diqqətə çatdırıblar.
Olimpiya İdman Kompleksinin otel və kotteclərində
yerləşən məktəblilər Şəkinin qədim tarixi məkanlarına
ekskursiya edib, muzeylərə baş çəkib və şəhərin görməli
yerləri ilə yaxından tanış olublar.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |