Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarovla
müsahibə
Biz bu müsahibəni çoxdan gözləyirdik. Əvvəlcə, mən
müsahibəni apreldə - daha dəqiq desək, Mikayıl
Cabbarovun təhsil naziri kimi fəaliyyətə başlamağının
birinci ildönümündə aparmaq istəyirdim. Lakin
ezamiyyələr, buraxılış imtahanları və digər cari
məsələlər bu fikrimi üç ay təxirə saldı. Buna baxmayaraq,
bu da problem yaratmırdı, çünki ünvanlayacağım sualların
aktuallığı hələ də qalmaqda idi.
Əlbəttə ki, son illər ərzində Azərbaycanda təhsil ilə
bağlı vəziyyət çox mürəkkəb idi. Elə görünürdü ki, hətta
təhsili olmayan hər kəs asanlıqla təhsil sistemində
qüsurlar aşkar edə bilər. Milli təhsil sistemini tənqid
etmək, demək olar ki, adi hala çevrilmişdi. Tənqidin və
tənqidçilərin nə qədər obyektiv olduğunu, eyni zamanda
tunelin sonunda işığın görünüb-görünməməsini araşdırmağa
çalışdım. Biz üç saat danışsaq da, bütün məsələlərə
toxuna bilmədik. Buna baxmayaraq, əminəm ki, bunun
davamı olacaq və ən geci 1 il sonra nazirdən yenidən
müsahibə götürə biləcəyəm.
- Cənab nazir, artıq bir ildən çoxdur ki, təhsil naziri
kimi fəaliyyət göstərirsiniz. Bu müddət ərzində hansı
işləri görməyi bacardınız?
- Etiraz etmirsinizsə, cavabı iki hissəyə bölməyi təklif
edirəm. Birincisi, bu sahədə görülən və bütün
Azərbaycanı əhatə edən tədbirlər geniş anlamda Təhsil
Nazirliyi və burada çalışan komanda tərəfindən həyata
keçirilmişdir.
Mən başlıca olaraq cənab Prezident tərəfindən 2013-cü
ilin oktyabrında təsdiqlənmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"ndan danışmaq istərdim. Mövcud strategiya
aşağıdakı istiqamətləri əhatə edir:1. Müəllim. 2. Məzmun.
3. İdarəetmə. 4. İnfrastruktur. 5. Resurslar -
mövcudluğu və əlverişliliyi.
Strategiya - Azərbaycan qanunvericiliyində geniş
məzmunlu bir sənəddir. Mənim fikrimcə, strategiyada ilk
dəfə olaraq Azərbaycan Respublikasında təhsilin
vəziyyəti çox ətraflı və dəqiq təsvir olunmuşdur. Təhsil,
daha geniş desək, təhsil ictimaiyyəti qarşısında duran
məsələlər strategiyada emosional kolorit olmadan, çox
peşəkar şəkildə təqdim olunmuşdur. Strategiya əsasında
fəaliyyət planı hazırlanaraq, artıq hökumətə təqdim
olunub. Hal-hazırda sənəd baxılma və təsdiqolunma
mərhələsindədir. Əgər strategiya "nə etməliyik" sualına
cavab axtarırsa, fəaliyyət planı "necə etməliyik"
sualına cavabdır.
İkinci daha konkretdir- tələbələr, valideynlər,
müəllimlər üçün son 15 ayda hansı tədbirlər görülüb?
İlk olaraq, görülən iş məzunlara attestatın verilməsi
ilə bağlı məsələnin həll olunmasıdır. Hələ üç il əvvəl
11-ci sinfi bitirən dörd nəfərdən biri attestat ala
bilmirdi. Bu da onların təhsilin növbəti pillə və
səviyyələrinə inteqrasiyasına, eləcə də işədüzəlmə
prosesində çətinliklər yaradırdı. Belə ciddi problem
haqqında heç də bütün vətəndaşların məlumatı yox idi.
- Bildiyimə görə, Siz islahatları Bakı şəhərindən
başladınız.
- Bəli, ona görə ki, ölkə üzrə təhsilalanların, demək
olar ki, üçdə biripaytaxtdadır. Rayon təhsil
şöbələrindən fərqli olaraq, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi birbaşa Təhsil Nazirliyinə tabe olduğundan biz
daha çox səlahiyyətliyik. (Müsahibə 24 iyul 2014-cü
il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin Sərəncamının imzalanmasından
əvvəl götürülüb).
Ötən müddətdə yeni tədris ilindən təyinat alacaq
onlarla məktəb idarəedənləri hazırlanmışdır. Neqativ
halların qarşısının alınması məqsədilə tədbirlər
gücləndirilmişdir. Biz ümumi təhsil müəssisələrində
"təmir pulu", "bayram pulu" anlayışları adı altında pul
yığımlarının qarşısını aldıq və ya minimuma endirdik.
Təsərrüfat ehtiyaclarının ödənilməsi üçün məktəblərə
aylıq maliyyə vəsaiti ayırdıq. Onlarla məktəb təmir
olundu. Biz müəllimin orta dərs yükünü qaldırdıq ki, bu
da müəllimlərin gəlirlərinə, müəllim-şagird nisbətinə
təsir etdi. Biz 1:8 müəllim-şagird nisbətindən 1:12
müəllim - şagird nisbətinə doğru gedirik. Bu hal hələ ki
beynəlxalq standartdan aşağı olsa belə, eyni zamanda
irəli atılmış böyük addımdır. Bununla yanaşı, biz
müəllimlərin işə qəbulu ilə bağlı olan, onların bir
bölgə məktəbindən digərinə keçirilməsi kimi məsələni
həll etdik. Hal-hazırda bu sistem bütünlüklə elektron
formada mərkəzləşdirilmişdir. 2014-cü ildə bütün
müəllimlər üçün bir məktəbdən digərinə keçmək məqsədilə
mərkəzləşdirilmiş elektron imkanı reallaşdırdıq. Bu,
Azərbaycanın ümumi təhsil sistemində çalışan 150 min
müəllimin hər birinin peşəkar inkişafı və iş şəraitində
öz əksini tapan real nailiyyətdir.
- Buna baxmayaraq, bir çoxları islahatların
nəticələrinin o qədər hiss olunmadığından danışırlar.
- Təhsil sistemi qərarın verilməsi və onun həyata
keçirilməsi arasında müəyyən zamana ehtiyac olan bir
sahədir. Axı bu gün gördüyümüz və kökü Sovet İttifaqının
dağılması dövrünə gedib çıxan mənfi stereotiplər, həyat
səviyyəsinin aşağı düşməsinə səbəb olan sosial-iqtisadi
dəyişikliklərlə əlaqədardır. Bu da öz növbəsində
dəyərləndirmə şkalasının dəyişməsində öz əksini tapmalı
idi. Müəllim peşəsinin nüfuzu getdikcə aşağı düşdü.
Bunun ardınca müəllim peşəsindən digər səmtlərə doğru
axın başladı. Bu nəinki ölkədən kənara, eyni zamanda
təhsil sistemindən başqa sistemlərə, qısamüddətli də
olsa, hissolunan bir axın idi.
- İyun ayında müəllimlərin ilk sınaq qiymətləndirilməsi
keçirildi...
- Bakı şəhərində müəllimlərin sınaq qiymətləndirilməsi
müstəqil ölkə tarixində ilk dəfə keçirilən bir tədbir
idi. Biz qəbul etməliyik ki, bu ana qədər müəllim
ordusunun keyfiyyət göstəriciləri - ixtisas biliyi,
metodika və onun tətbiqi, psixoloji durumunun hansı
səviyyədə olması haqqında dəqiq təsəvvürümüz yox idi.
Təkmilləşdirmə ilə bağlı müvafiq təlimlərin həyata
keçirilməsi, dərs yükünün bölgüsü və s. ilə bağlı
verdiyimiz qərarlar bəzi aspektlər nəzərə alınmadan
verilirdi. Daha doğrusu, müayinə etmədən bu və ya digər
xəstəliyi müalicə etməyə çalışırdıq. Hal-hazırda isə biz
müəllimlər haqda daha çox məlumatlıyıq.
- KİV-də müəllimlərin sınaq qiymətləndirməsinə əsasən
onlardan 14,4 faizinin aşağı, 67,4 faizinin qənaətbəxş
və 18,2 faizinin isə yüksək nəticə göstərməsi barədə
informasiya verildi. Bəs Sizin bu qiymətləndirmə ilə
bağlı şəxsi təəssüratınız necədir? Bundan sonra hansı
tədbirlər görüləcək?
- Sınaq qiymətləndirməsinə qədər müəllimlər haqda
bildiklərimiz yalnız anket məlumatları idi. Onların nə
zaman anadan olduqlarını, hansı ali təhsil müəssisəsini
bitirdiklərini və nə qədər stajlarının olması barədə
məlumatları bilirdik. Eyni zamanda biz müəllimlərin
harada işləməsi, nə qədər dərs yükünün ayrılması,
təkmilləşdirilmə təlimlərinə göndərilib-göndərilməməsi
və hansı keyfiyyətlərin təkmilləşdirilməsi ilə bağlı
qərar qəbul etməli idik. Sonra nə olacaq? Bundan sonra
pedaqoqların peşəkar inkişafı ilə əlaqədar onlarda bütün
keyfiyyətlərin təkmilləşməsinə xidmət edəcək lazımi
qərarlar veriləcək.
- "Qeyri-qənaətbəxş nəticələr" nə deməkdir?
- Bu o deməkdir ki, bu müəllimlər məktəbdə işləmək üçün
uyğun deyillər. Heç də çətin olmayan bir
qiymətləndirmədə onlar 40 maksimum baldan 50 faizini
belə toplaya bilməyiblər. Bəs onlar diaqnostik
qiymətləndirmənin nəticələrinə əsasən işdən azad
olunacaqlar? Xeyr. Biz bu haqda əvvəl də bildirmişdik.
Bəs müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi üçün
imkan yaradılması məqsədilə sınaq qiymətləndirməsinin
nəticələri nəzərə alınacaq? Sözsüz, bu belə olacaq.
- Test üç bölmədən ibarət idi: ixtisas biliyi, müasir
təlim metodikası ilə bağlı biliklər və müəllimin
psixoloji durumu. Psixoloji durum hansı vəziyyətdədir?
- Mən deyərdim ki, müxtəlif. Biz yenə də nəyəsə
əsaslanmalı idik. Valideynlərin hər hansı bir müəllimin
bu peşəyə uyğun olmaması ilə bağlı şikayət etməsi
halları çox idi. Əgər bacarırsansa, get aydınlaşdır!
İndi isə bizdə ayrı-ayrı vəziyyətlərdə həqiqəti üzə
çıxarmağa imkan verməsə də, hər hansı bir müəllimin
sinfə daxil olmasına psixoloji durumunun imkan
verib-verməməsi haqqında ilkin ümumi fikir yaradan
obyektiv ölçü mexanizmimiz var. Bu amil qərar
qəbuletmədə çox vacibdir və təhsilalanların psixoloji
durumuna və təhsilin keyfiyyətinə birbaşa olaraq təsir
edir.
- Siz elektron işə qəbul
barədə qeyd etdiniz. Bu necə həyata keçirilir?
- Yetərincə sadə şəkildə.
Siz nə vaxtsa viza almaq üçün elektron formada anket
doldurmusunuz?
- Bəli.
- Eyni forma tətbiq edilir. Təhsil Nazirliyinin saytında
ölkə üzrə 3000 vakant yer barədə məlumat yerləşdirilir.
Minimum tələblərə cavab verən, yəni müəllim işləməyə
imkan verən diploma sahib olan və müəllim işləmək
istəyən hər bir şəxs anket doldurur. İmtahanlar
ayrı-ayrı fənlər üzrə eyni gündə keçirilir. Cari ildə
imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin iki
korpusunda eyni zamanda keçirildi. İmtahan elektron
formadadır. Test imtahanı üç bölmədən ibarətdir: ixtisas
biliyini, məntiqi düşüncə qabiliyyətini və metodika üzrə
bilikləri yoxlayan test sualları. Nəticələr imtahan
bitən kimi məlum olur. Namizəd nə qədər bal toplaması və
nə qədər toplamalı olduğu barədə məlumat alır. Biz
əvvəlcədən maksimum 35 baldan şəhər məktəblərində
işləmək üçün keçid balının 28, kənd məktəblərində
işləmək üçün isə keçid balının 21 olmasını bildiririk.
İkinci turda - müsahibədə namizədlərin kommunikativ
bacarıqları qiymətləndirilir. Lazımi bal toplamış
namizədlər şəffaflığın qorunması məqsədilə Təhsil
Nazirliyindən, dövlət orqanlarından və məktəblərdən olan
üzvlərdən təşkil olunmuş komissiyalar ilə müsahibədə
iştirak edirlər.
- Çox adam təhsil sistemində işləməyə çalışır?
- Keçən il 3000 vakant yer üçün 18000 iddiaçı müraciət
etmişdi. İmtahan nəticələrinə əsasən biz 1281 nəfəri işə
qəbul etdik. Qeyd edək ki, biz keçid balını aşağı
salmadıq və tələblərimizi sadələşdirmədik. Öz ixtisasını
heç "dörd" səviyyəsində bilməyəni işə qəbul etməyin nə
mənası var?!
- İşə qəbulda mərkəzləşdirilmiş sistem korrupsiyanın
qarşısını aldı. Amma hər halda bizim şübhələnmədiyimiz
problemlər də var?
- Məsələn, saxta diplomlar faktı. Ola bilər ki, bu
problem bilavasitə təhsil sisteminə aid deyil, amma
bizim göstəricilərimizə təsir edən indikator rolunu
oynayır. Bu sistem pedaqoji təhsili olmayan şəxslərin
məktəbə işə düzəlməsinə, şagirdlərimizə "dərs
keçməsinə" şərait yaradırdı. Buradan ritorik bir sual
meydana çıxır: öz peşəkar fəaliyyətini cinayət ilə -
saxta diplomla başlayanlar təhsilalanlara, gənclərimizə
nə öyrədə bilərlər?!
- Nə qədər saxta diplom satılmışdır?
- Dəqiq rəqəm deyə bilməyəcəm, təxminən bir neçə min.
Hal-hazırda bu məsələ ilə bağlı istintaq davam edir və
ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəmi
müəyyənləşdirdilər. Amma bilirik ki, əsasən
respublikanın rayonlarında 2000 belə saxta diplomlu şəxs
ümumi təhsil sistemində çalışır. Biz həmin adamları
adbaad tanıyırıq. Əldə olan bütün məlumatları, o
cümlədən saxta diplom satan şəxslər barədə məlumatı da
Baş Prokurorluğa təqdim etmişik. Bu şəxslər arasında
təhsilin idarəetməsində olanlar da var idi. Səhv
etmirəmsə, bu barədə Baş Prokurorluq artıq ictimaiyyəti
məlumatlandırmışdır. Hansı səbəbdən bu bizim üçün
vacibdir? Biz hələ də belə "müəllimlərin" qəbulunun
qarşısını kəsə bilməmişiksə, nədən danışa bilərik?
Çirklənmə mənbəyini aradan qaldırmasaq, suyu necə
təmizləmək olar ki? Bu gün müəllimlərin işə qəbulu üçün
mərkəzləşmiş sistemin, diplomları yoxlayan bazanın,
çoxpilləli və şəffaf seçimin olması bu sistemdə olan
dəyişikliklərin dönməz olacağına təminat verir.
- Müəyyən olunan "saxta müəllimlər" işlərinə davam
edəcəklər?
- Yaxşı terminə görə təşəkkür edirəm! Bəli, onlar hələ
də işlərinə davam edirlər. Birincisi, qanunu pozmuş
olsalar da, 2000 "saxta müəllim"in işdən qovulması eyni
sayda işçinin birdən işdən azad edilməsidir. İkincisi,
2000 müəllimin təhsil prosesindən çıxarılmasıdır ki, bu
vəziyyətdə onları dərhal əvəz etmək mümkün deyil.
Mürəkkəb bir dilemma qarşısındayıq: belə müəllimlə
işləyək, yoxsa, yox? Onların çoxu kənd məktəblərində
çalışır. Nəhayət, onların arasında yalanın qurbanı olan,
tələbə olduqlarına ürəkdən inanaraq dərslərdə, imtahan
sessiyalarında iştirak edən, adlarına xüsusi olaraq
jurnal açılan, qeydlər olan şəxslər də var. Bununla
yanaşı, onların bəziləri vakant yerlər üçün imtahanlarda
iştirak edərək öz peşəkarlıqlarını göstərmişlər. Və
ancaq sənədlərin yoxlanması nəticəsində məlum olmuşdur
ki, bu diplomlar Təhsil Nazirliyi tərəfindən
verilməmişdir... Dərhal olmasa da, təhsil sistemini belə
hallardan təmizləmə prosesi olacaq. Demək olar ki, artıq
bu proses başlamışdır.
- Biz hələ də orta məktəbdən danışırıq.
- Bəli, mən təhsilalanların böyük hissəsini əhatə etdiyi
üçün daha çox ümumi təhsil sistemindən danışdım. Lakin
digər sahələrdə, məsələn, ilk peşə-ixtisas təhsili
səviyyəsində müəyyən dəyişikliklər mövcuddur.
Azərbaycanın insan resurslarının perspektivli
gələcəyinə inanıram. Lakin hal-hazırda biz daha çox
digər ölkələrdən olan mütəxəssislərin xidmətindən
istifadə edirik. Bu niyə baş verir? Əvvəla, ona görə ki,
bazarın tələblərinə uyğun olan ixtisaslara qəbul planı
yox idi. Daha doğrusu, biz sovet sisteminə sadiq
qalaraq, son 25 ildə iqtisadiyyatda olan dəyişiklikləri,
yeni sahələrin yaradılmasını və digərlərinin
aktuallığını itirməsi faktını özümüzdən
uzaqlaşdırmışdıq. İlk dəfə olaraq, 2014-cü ildə Təhsil
Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələri üçün
bazarın tələblərinə uyğun qəbul planı hazırladı.
İkinci səbəb: tədrisin keyfiyyəti. Bu halda peşəkar
standartın nə olması anlamı meydana çıxır. Məsələn,
avtomobil mexaniki ixtisası üzrə təhsil alan çoxdan
istehsalatdan çıxmış avtomobilləri təmir etməyi
bacarmalı idi. Müasir avtomobillər haqqında heç bir
məlumat isə yoxdur. Proqramlar ciddi şəkildə
köhnəlmişdi. O səbəbdən biz, qeyd edim ki, heç vaxt
görülməmiş böyük bir tədbir həyata keçirdik. Bu
istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
ilə sıx əməkdaşlıq çərçivəsində 200 yeni standart
hazırlanmışdır. Hələ də 2000 standarta ehtiyac vardır.
Eyni zamanda, başa düşürük ki, işəgötürənlərin fikrini
öyrənmədən yeni standartların hazırlanması düzgün deyil.
Buna görə də bütün dövlət idarələrinə və özəl şirkətlərə
sorğular göndərmişik... Hal-hazırda təkcə ilk
peşə-ixtisas təhsilində deyil, bütün sahələr üzrə
peşəkar standartlara yenidən baxılır.
Qaranlıq qalan bir məsələni də qeyd edim. 15 ay ərzində
belə demək mümkünsə, "zəbt olunmuşlar"ı geri qaytarmaq
üçün böyük işlər görüldü. Onlarla təhsil müəssisəsinin
ərazisi zəbt olunmuşdu. Hal-hazırda həmin obyekt və
ərazilər yenidən təhsil müəssisələrinin tabeliyinə
qaytarılmışdır. Eləcə də külli miqdarda oğurlanmış
tədris vəsaitləri yerinə bərpa edilmişdir. Belə desək,
10 kompüter olmalı olduğu halda, yerində heç biri yox
idi. Bu gün isə hər şey öz yerinə qaytarılmışdır.
İnternat müəssisələrinin, idman məktəblərinin, kollec və
ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının
işdən azad olunması aysberqin yalnız görünən tərəfi idi.
Lakin mən daha çox təhsil sistemində: idarəedənlər,
müəllimlər və təhsilalanlar arasında əhvali-ruhiyyəni
dəyişə bildiyimiz üçün fəxr edirəm. Bəli, insanlar
istəyir ki, hər şey burada, indi və tezliklə baş
versin. Biz də bunu etmək istəyirik. Harada mümkün
deyilsə, biz səbəblərini aydınlaşdırmağa çalışırıq.
Bu gün biz işə yalnız müasir peşəkar standartlara cavab
verən müəllimləri qəbul edirik. Bəs qəbuldan sonra tez
bir zamanda nəticəni görə bilərik?! Əlbəttə ki, xeyr.
Müəllim əvvəlcə sinfə daxil olmalıdır, şərti olaraq onun
şagirdi məzun olmalıdır...
- Müəllimlərin aşağı əməkhaqqı alması da cəmiyyətdə
müzakirələrə səbəb olur. Məktəbdəki pul yığımları,
korrupsiya halları və təhsilin keyfiyyətinin aşağı
olması da onunla əlaqələndirilir. Müəllimlərin
əməkhaqlarının artırılması, onların sosial
vəziyyətlərinin yaxşılaşdırılması müzakirə obyektidirmi?
- Bu məsələnin bir neçə aspekti var. Birincisi,
müəllimlərin hal-hazırkı əməkhaqqı aşağıdırmı? Əgər
nəzərə alsaq ki, ölkədə orta aylıq əməkhaqqı 400
manatdan artıqdır, o zaman müəllimin orta aylıq
əməkhaqqısı onun orta dərs yükü baxımından, çox
aşağıdır. İkincisi, müəllim nə qədər işləyir? Bu tez-tez
müzakirədən kənarda qalan sualdır. Başqa ixtisas
sahibləri və xarici ölkə müəllimləri ilə müqayisədə
Azərbaycanda müəllimlərin orta dərs yükü çox aşağıdır.
Bizdə müəllimin orta dərs yükü həftədə 18 saata
bərabərdir. Amma nə siz, nə də mən həftədə 18 saat
işləmirik. Hətta elə müəllimlər var ki, onların dərs
yükü 6 və ya 4 saatdır. Biz çıxış yolunu nədə görürük,
hansı tədbirlər həyata keçiririk? Dərs yükünün
optimallaşdırılması yolu ilə biz minimal tələblərə cavab
verməyən müəllimləri sistemdən kənarlaşdırırıq.
Razılaşın ki, kobud desək, öz ixtisasını belə bilməyən
müəllimin əməkhaqqını artırmaq məntiqsizdir. Bu zaman
müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün
sertifikatlaşdırma imtahanlarının keçirilməsi ilə bağlı
sual meydana çıxır. Nəzəri olaraq, dövlətin müəllimlər
üçün şəffaf imtahan keçirməsi çox asan olardı: "Sabah
gəl imtahana, əgər keçə bilsən, əməkhaqqın artacaq, keçə
bilməsən, əvvəlki əməkhaqqın qalacaq". Bu tədbiri bir
neçə ölkədə həyata keçiriblər. Eləcə də bizi həmişə
müqayisə etməyə sevdikləri Gürcüstanda. Mən əvvəlcə
hazırlaşmağa imkan vermədən müəllimləri yeni proqram
üzrə qiymətləndirməyi o qədər də ədalətli saymıram. Biz
əvvəlcə onları təkmilləşdirmə kurslarına dəvət edəcəyik.
Təlimlərin sonunda isə sertifikatlaşdırma imtahanları
keçirəcəyik. Sertifikat almış müəllimlərin əməkhaqları,
əlbəttə ki, artacaqdır. Başqa bir məsələ. Təhsil
sahəsində əməkhaqqı artırılmasa, düşünürəm ki, bu sahəyə
gənc, istedadlı kadrların axınını təmin edə
bilməyəcəyik. Hal-hazırda təhsil sistemində çalışan
yaxşı kadrları da burada saxlamaq mümkün olmayacaq. Biz
çoxlu istedadlı müəllimlərin məktəbə gəlməsində və
davamlı olaraq işləməsində maraqlıyıq. Lakin
səbəb-nəticə əlaqəsi baxımından illüziyaya qapılmaq
lazım deyil: müəllimlərin əməkhaqlarının artırılması
akademik göstəricilərin yaxşılaşmasında sıçrayış
yaratmayacaq. Ümumiyyətlə, təhsil sistemində irəliləyiş
sıçrayışla deyil, tədricən, yavaş-yavaş olur. Bakı
şəhəri üzrə müəllimlərin vəziyyətini tədqiq etdikdən
sonra bu günün reallıqlarına uyğun olaraq, müəllimin
əməkhaqqının nə qədər artırılması və nə qədər vəsaitə
ehtiyac olması ilə bağlı hesablama apararaq nəticələri
Maliyyə Nazirliyinə təqdim etmişik.
- Belə çıxır ki, bir tərəfdən dərs yükü yenidən
paylanacaq, digər tərəfdən isə müəllimlərin əməkhaqları
artırılacaq?
- Doğrudur. Bu iki faktorun kombinasiyası olacaq: Dərs
yükünün optimallaşdırılması və saathesabı əməkhaqqının
artırılması yolu ilə. Sadəcə, bu gün məktəbdə iş saatla
deyil, dərs yükü ilə hesablanır. Dərs yükü - həftədə 12
saatdır.
- Akademik saatlar - dərslər nəzərdə tutulur?
- Bəli.
- Mənə həmişə maraqlı olub: Əgər mən dərs zamanı
şagirdlərdən nəsə soruşuramsa, deməli, mən işləyirəm.
Əgər mən müəllimlər otağında əyləşib yoxlama yazı
işlərini yoxlayıramsa, deməli, işləmirəm?
- Əla sualdır! İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
ölkələrinin böyük bir qismində müəllimin iş saatları
dərs və dərsdənkənar hissələrə ayrılır. Dərsdənkənar
saatlara dəftərlərin yoxlanılması, valideynlərlə görüş
və s. daxildir. Bizim qanunvericilikdə bu nəzərdə
tutulmur. Belə hesab edək ki, akademik saat tam saat
deyil. Hər saatdan qalan 15 dəqiqə toplananda 12 saatdan
3 saat edir ki, bu da dərsdənkənar işlərə sərf oluna
bilər. Amma istənilən halda heç bir ölkədə 12 saatdan
ibarət belə az dərs yükü yoxdur..
Onu da deyim ki, hər kəs müəllimin səviyyəsi ilə
təhsilin səviyyəsi arasında əlaqə axtarır. Müəllimin
səviyyəsindən o qədər çox asılı olmayan sosial mühitlə
təhsil səviyyəsi arasında səbəb-nəticə əlaqəsi
mövcuddur.
Gəlin sosial-iqtisadi vəziyyəti ölkə üzrə orta
göstəricidən fərqli bir yaşayış məntəqəsinin məktəbinə
ən yaxşı müəllimləri göndərək. Bu o anlama gəlirmi ki,
iki ildən sonra bu məktəbdə akademik göstəricilər
dəyişiləcək? Beynəlxalq təcrübə göstərir ki, xeyr.
Təcrübə göstərir ki, akademik göstəricilərin artmasına
daha çox sosial mühit təsir edir. Çünki hər şey
dəyərləndirmə şkalasından, şagirdin ailəsinin,
qohumlarının, onun əhatəsinin təhsilə olan
münasibətindən başlayır. Sosial kontekstin dəstəyi
olmadan güclü müəllim faktoru kifayət etmir. Bu səbəbdən
də bizim işimiz təkcə təhsil sisteminin
optimallaşdırılmasından deyil, müəyyən mənada dəyərlər
sisteminin yaxşılaşdırılmasından ibarətdir.
- Əlbəttə ki, şagirdin valideynləri və özü anlamalıdır
ki, təhsil almaq vacibdir. Reallıqda bu necədir?
- Hər il də aparacağımızı planlaşdırdığımız bir sosial
sorğu keçirmişik. Biz soruşuruq: "Sizin fikrinizcə,
həyatda uğur əldə etmək təhsil ilə bağlıdır?" Rəqəmləri
indi deməyəcəyəm, amma cavablar bizi çox narahat etdi.
Başqa bir statistika. ABŞ-da valideynlərin 87 faizi
məktəbəqədər yaşlı övladına kitab oxuyur. 37 faizi isə
bunu gündəlik edir. Bizim statistikamıza baxın: 34 faiz
ailələrdə uşaqlar üçün kitab yoxdur!
Avropa İttifaqı ölkələrində uşaqların 90 faizdən çoxu
məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib. Amma
bizdə sadəcə 16,5 faiz təşkil edir. Bu baxımdan,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
məktəbəqədər təhsilin kütləvi olaraq genişləndirilməsi
istiqamətində gördüyü tədbirləri böyük əhəmiyyətə malik
addım hesab edirəm.
- Daha çox uşaq bağçaları?
- Bəli, kommunikativ və sosial vərdişlər uşaqlara ilkin
olaraq orada öyrədilir. Bizim uşaq məktəbə gedərkən o,
məsələn, hollandiyalı uşaqdan geri qalır. Məktəbə uşaq
bağçasından gedən hollandiyalı uşağın inkişaf və
cəmiyyətlə bağlı məlumatı olur. Bizim məktəblinin 2-3
ayı onun məktəbə, kollektivə öyrəşməyə, intizama sərf
olunur. Bizim üçün kiçik görünən faktlar sonradan
akademik göstəricilərdə öz əksini tapır.
Təcrübədə məktəbəqədər və ibtidai sinif müəllimlərinin
əsasən aşağı balla universitetlərə qəbul olması
məlumdur. Baxmayaraq ki, bir valideyn kimi deyərdim ki,
məktəbəqədər uşağın təlimi yüksək peşəkarlıq tələb edən
çətin bir prosesdir. Təhsil sistemində olan bütün
problemlərlə yanaşı, valideynlərin və ictimaiyyətin
uşaqların təhsildə uğur qazanmaları üçün məsuliyyət
daşımasını kənara qoymaq heç də düzgün deyil.
Vətəndaşlar təhsil sisteminin effektiv işləməsini tələb
etmək hüququna malikdirlər və tələb də etməlidirlər.
Eyni zamanda biz də öz məsuliyyətimizi qəbul etməliyik.
- Bu ilin yazında müəllimlərin etik davranış qaydaları
qəbul edildi. Bu nəyə görə lazım idi?
- Müəllim mənə təkcə, məsələn, riyaziyyatı öyrədən bir
şəxs deyil. Müəllimlik mənə görə bir missiyadır. O,
bizim uşaqlarımıza həyatı tanış edən bir insandır.
Müəllimlər üçün etik davranış qaydalarının olması deyil,
olmaması suallar yaratmalı idi. Bu məsələyə idealizm,
romantizm adı verilsə də, müəllimin cəmiyyətdəki rolunu
yadına salmaqda yanlış bir məqam yoxdur.
- Bəli, bu doğrudan maraqlı məsələdir. Lakin belə
məsələlər daha çoxdur...
- Biz "fast-food" konsepsiyasının üstünlük təşkil
etdiyi, hamının "burada və indi" şüarı ilə yaşadığı
yüksək templi informasiya əsrində yaşayırıq. Bir
məsələni vurğulayaraq onun nəticəsini gözləyirlər. Amma
bizim islahat proqramımız birtərəfli deyil. Bu sadəcə,
müəllimin etik davranış qaydalarını yaratmaq, dərs
ilinin müddətini uzatmaq, 12 illik dərs sisteminə
keçmək, müəllimlərin dərs yükünü və əməkhaqlarını
artırmaq, "gəlin bu fənn üzrə dərslik yaxşı olsun" demək
deyil. Bütün xəstəliklərin çarəsi olan eliksir kimi bir
qərar verməyə çalışmaq səhv addımdır. Problem tək ola
bilər, amma onun həlli üçün 10 müxtəlif sferada 10 addım
atmaq lazımdır.
Gəlin təhsilin keyfiyyəti məsələsini götürək. Son
illərdə Azərbaycanda 2700 məktəb binası tikilib və
əsaslı təmir olunub. Bunu etmədən XXI əsrin
standartlarına cavab verən təhsil prosesini yoluna
qoymaq mümkün deyil. Bəs bu təhsilin keyfiyyətinin
artmasına kifayət edirmi? Xeyr, təmir olunmuş məktəbə
gedən müəllim elə həmin müəllimdir. Deməli, eyni zamanda
müəllimin də səviyyəsini qaldırmaq lazımdır. Bəs
təkmilləşdirmə kursunu bitirmiş və yüksək əməkhaqqı alan
müəllim vəsaitlərlə yaxşı təchiz olunmuş sinifdə yeni
dərsliklər olmadan keyfiyyətli dərs keçə bilərmi?
Əlbəttə ki, xeyr.
- Gəlin tədris sisteminin vaxtının uzadılması mövzusuna
toxunaq.
- Baxın, məni məntiqi əlaqəsizlik təəccübləndirir. Bir
tərəfdən insanlara maraqlıdır ki, 12 illik ümumi təhsil
sistemi nəyə lazımdır, o biri tərəfdən isə məktəbi
bitirdikdən sonra öz təhsillərini ali təhsil
müəssisələrində, kolleclərdə, ilk peşə-ixtisas təhsili
məktəblərində davam etdirməyə çalışırlar. Çox hallarda
öz zəhmətləri ilə qazandıqları pul hesabına...
- Mən şəxsən əleyhinə deyiləm, bu beynəlxalq təcrübəyə
əsaslanır.
- Bəli. Biz qlobal iqtisadiyyat sistemində yaşayırıq.
Şirkətlər kimi ölkələr də rəqabət aparır. Ölkələr insan
resursları sahəsində rəqabət aparırlar. 11 illik təhsil
sistemində oxumuş gənc azərbaycanlı universitetə qədər
14 il təhsil almış gənc hollandiyalı ilə necə rəqabət
aparacaq?! Digər tərəfdən, bizim tədris ili də
Hollandiya ilə müqayisədə qısadır.
- Dərs ili də uzadılacaq?
- Bizdə dərs ilinin müddəti 32 həftədir. Bu çox az
müddətdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
ölkələrində orta standart 38 həftədir, bəzi digər
ölkələrdə isə 41 həftədir. Aydın məsələdir ki, dərs
ilini qısaltmaqla deyil, uzatmaqla uşağa lazımi
materialı öyrətmək daha asan olar. Dərs ilinin 34 həftə
olması gündəlik dərslərin sayında və məktəbli çantasının
çəkisində də özünü göstərəcək. Eyni zamanda istənilən
müəllim təsdiq edə bilər ki, 3 ay yarım davam edən
tətildən qayıdan uşağın iki-üç həftəsi onun may ayında
qazandığı biliyi bərpa etməyə sərf olunur.
Təmayülləşmə haqqında da danışmaq lazımdır. Dünya
getdikcə daha da mürəkkəbləşir, daha çox məlumat
toplanır. Məsələn, məzun Azərbaycanın və ya Böyük
Britaniyanın istənilən ali məktəbində humanitar ixtisas
üzrə qəbul olur. Əgər o, son 3 ilini texniki və
humanitar fənlərin öyrənilməsinə sərf edibsə, bu zaman
onun qəbulolma şansı bu illər ərzində yalnız humanitar
elmlər üzrə təmayülləşən şəxslə müqayisədə azdır.
Beləliklə, 12 illik ümumi təhsil sisteminə keçid
təmayülləşməyə geniş imkan yaradacaq. Mən bir daha qeyd
edirəm ki, təhsil sistemində sıçrayışlar baş vermir...
Vyaçeslav Sapunov
(Davamı növbəti sayımızda) |