Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL)
maliyyələşdirilməsi məqsədilə Beynəlxalq İnkişaf
Assosiasiyası ilə imzalanmış 4394AZ nömrəli
Maliyyələşdirmə Sazişinin 1-ci Əlavəsinin (Layihənin
Təsviri) B Hissəsinin (Müəllimlərin ixtisasartırma
təhsilinin müasirləşdirilməsi) 1-ci bəndinə və TSİİL-in
2-ci komponentinin İcra Planına uyğun olaraq,
2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərinin
ibtidai, V-VII siniflərində dərs deyəcək və indiyədək
kurikulum təlimlərindən keçməyən müəllimlərin fənn
kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik
hazırlığını təmin etmək məqsədilə "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərinin
ibtidai, V-VII siniflərində dərs deyəcək və indiyədək
kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn
kurikulumlarının tətbiqi üzrə 60 akademik saatlıq təlim
kursları təşkil edilsin.
2. Nəzərə alınsın ki:
2.1. Naxçıvan MR-də fənn kurikulumlarının tətbiqi üzrə
təlim kursları yerli mütəxəssislər tərəfindən aparılır.
2.2. Respublikanın şəhər və rayonlarında təlim kursları
TSİİL çərçivəsində keçirilmiş tenderlər nəticəsində
ibtidai siniflər və V-VII siniflərdə tədris olunan
fənlər üzrə bu təlimləri keçirmək hüququ qazanmış
təşkilatlar tərəfindən aparılır (siyahı əlavə olunur).
2.3. Bilavasitə Təhsil Nazirliyinin tabeliyində olan
ümumi təhsil müəssisələrinin ibtidai, V-VII siniflərində
dərs deyəcək fənn müəllimləri həmin müəssisələrin
yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin
həmin kateqoriyadan olan müəllimləri isə
məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim
kurslarına cəlb olunurlar.
2.4. Təlim kursunu müvəffəqiyyətlə başa vurmuş
müəllimlərə Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli
sertifikat verilir.
2.5. 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərinə
yeni işə qəbul olunan ibtidai və V-VII siniflərdə dərs
deyəcək müəllimlər üçün əlavə qruplar yaradılmaqla təlim
kursları keçirilir.
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
3.1. Təhsil şöbəsinin (idarəsinin) təlim kurslarının
keçirilməsi üzrə əlaqələndiricinin və kurs keçirilən
məktəblərə təhkim olunan əməkdaşların siyahısını əmrlə
təsdiq etsinlər və səlahiyyətlərini müəyyənləşdirsinlər.
3.2. İbtidai siniflər və V-VII siniflərdə tədris olunan
fənlər üzrə təlim kurslarını həyata keçirən təşkilatla
birlikdə keçiriləcək kursların cədvəlini tərtib etsinlər,
məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş
məktəblərdə lazımi şəraitin yaradılmasını, hər bir təlim
otağının zəruri texniki vasitələrlə (kompüter, proyektor)
təchiz olunmasını təmin etsinlər.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil
Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil
müəssisələri:
4.1. Təlim dili göstərilməklə kurslara cəlb olunacaq
müəllimlərin siyahısını yekun variantda dəqiqləşdirib
təsdiqləsinlər.
4.2. Təlim kursları başa çatdıqdan sonra təlim keçirən
təşkilatlarla təhvil-təslim sənədləşməsini həll etsinlər
və təlimlərin nəticələri barədə Nazirliyə hesabat təqdim
etsinlər.
5. Məcburi köçkün rayonlarının təhsil şöbələri ibtidai,
V-VII siniflərdə dərs deyəcək və indiyədək kurikulum
təlimlərindən keçməyən müəllimlərin işlədikləri
ümumtəhsil məktəblərinin yerləşdiyi ərazilər üzrə təşkil
olunan təlim kurslarında müntəzəm iştirakına ciddi
nəzarət etsinlər.
6. Təhsilin statistikası və keyfiyyətin
qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov) təlim kurslarının
monitorinqinin həyata keçirilməsi üçün şöbənin
əməkdaşlarının respublikanın rayon və şəhərlərinə ezam
olunmasını və monitorinqin nəticələrinə dair arayış
hazırlanıb rəhbərliyə təqdim edilməsini təmin etsin.
7. İnsan resursları şöbəsi (F.Qədirov), TSİİL üzrə
əlaqələndirici qrupun direktoru (E.Rüstəmov) təlim
kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında
təhsil orqanlarına və təlimləri keçirən təşkilatlara
əməli köməklik göstərilməsi üzrə müvafiq tədbirlərin
yerinə yetirilməsini təmin etsinlər.
8. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və əmrin əlavəsi ilə
birlikdə çoxaldılıb təhsil orqanlarına göndərilməsini,
təlim kurslarının nəticələrinin kütləvi informasiya
vasitələrində işıqlandırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov)
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
8 avqust 2014-cü il |