| 
						
						
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də 
						Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə 
						əsaslı təmir və yenidənqurma işlərindən sonrakı 
						vəziyyətlə tanış olub. 
						
						Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı 
						şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi 
						inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü 
						və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi Dövlət 
						Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun 
						olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin 
						əsaslı şəkildə yenidən qurulması, yeni məktəb 
						binalarının, uşaq bağçalarının inşası uğurla həyata 
						keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər 
						yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf 
						qəsəbələrdə orta məktəb binaları yüksək standartlara 
						uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla 
						təchiz edilir, təhsil müəssisələrinin ərazilərində 
						abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır. 
						
						Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala 
						Abutalıbov bu istiqamətdə görülən işlərlə bağlı 
						Prezident İlham Əliyevə məlumat verdi. Qeyd edildi ki, 
						115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. 
						Dövlətimizin başçısının tapşırıqlarına əsasən, 5 min 
						kvadratmetr tikinti sahəsi olan məktəbdə yeni dərs ili 
						ərəfəsində əsaslı yenidənqurma işləri yüksək 
						standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif 
						otağından ibarət 1380 şagird yerlik məktəbdə dərslər 
						əsasən iki növbədə keçiriləcək. Məktəbin bütün sinif 
						otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə 
						təmir olunub və lazımi ləvazimatla təchiz edilib. 
						
						Prezident İlham Əliyev sinif otaqlarında və fənn 
						kabinetlərində yaradılan şəraitlə tanış oldu. 
						 
						
						Məktəbin akt zalı, yeməkxanası, açıq və örtülü idman 
						meydançaları da ən müasir standartlara uyğun şəkildə 
						yenidən qurulub. Təhsil ocağının bir hektarlıq həyətyanı 
						sahəsində abadlıq və quruculuq işləri həyata keçirilib, 
						yaşıllıqlar salınıb. İstilik və işıqlandırma sistemləri 
						də müasir standartlar səviyyəsindədir. Məktəb içməli və 
						texniki su sistemləri ilə təchiz edilibdir.  
						
						AzərTAc 
						 |