| 
						
						
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də 
						Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey 
						Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən 
						sonrakı vəziyyəti ilə tanış olub. 
						
						Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi 
						inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş 
						tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil 
						müəssisələrinin əsaslı şəkildə təmir və yenidənqurma 
						işləri ardıcıl olaraq həyata keçirilir. Hər il olduğu 
						kimi, bu il də respublikanın hər yerində mövcud 
						məktəblər təmir edilir, müasir təhsil müəssisələri, yeni 
						tədris korpusları, idman meydançaları, iclas zalları 
						inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.
						 
						
						Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala 
						Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına 
						məlumat verdi.  
						
						Qeyd edildi ki, Məktəb-Lisey Kompleksi istedadlı və 
						qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı 
						Dövlət Proqramına uyğun olaraq 2010-cu ildə Bakı Slavyan 
						Universiteti Humanitar Liseyinin və Bakı şəhər 15 
						nömrəli tam orta məktəbin bazasında yaradılıb. 
						Kompleksdə minə yaxın şagird təhsil alır. Məktəb-liseydə 
						33 sinif fəaliyyət göstərir. Təhsil Azərbaycan və rus 
						dillərində həyata keçirilir. Azərbaycan bölməsində 600, 
						rus bölməsində isə 400-dək şagird təhsil alır. Məktəbin 
						binası 1935-ci ildə inşa olunub. Əvvəllər hospital kimi 
						fəaliyyət göstərən bina 1958-ci ildə məktəbə çevrilib. 
						Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı 
						şəkildə təmir edilir. Binada bənd-bərkitmə işləri həyata 
						keçirilib.  
						
						Yeni dərs ili ərəfəsində təhsil kompleksinin 4800 
						kvadratmetr ərazisi əsaslı şəkildə yenidən qurulub, 
						lisey ən müasir tədris ləvazimatları və avadanlıqla 
						təchiz edilib. Binanın birinci mərtəbəsində xalqımızın 
						ümummilli lideri, ulu öndər Heydər Əliyevin və Prezident 
						İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən 
						işləri əks etdirən fotostend yaradılıb. 
						
						Dövlət başçısı təhsil kompleksinin sinif otaqlarında, 
						fənn kabinetlərində yaradılan şəraitlə tanış oldu. 
						
						Kompleksin istilik və işıqlandırma sistemləri, akt zalı, 
						açıq və örtülü idman meydançaları yüksək standartlara 
						uyğun şəkildə yenidən qurulub. Məktəb-Lisey Kompleksinin 
						həyətyanı sahəsində də abadlıq və quruculuq işləri 
						həyata keçirilib.  
						
						AzərTAc |