Naxçıvan şəhərindəki "Böyük bağ" mədəniyyət və
istirahət parkında Adil Babayev adına Uşaq
Kitabxanasının təşkilatçılığı ilə kitab sərgisi
keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın şöbə
müdiri Arifə Hüseynzadə ümummilli lider Heydər Əliyevin
dilimizin inkişafında, qorunub saxlanılmasındakı
yorulmaz fəaliyyətindən bəhs edib. Ulu öndər Heydər
Əliyevin "Hər bir azərbaycanlı öz ana dilini -
Azərbaycan dilini mükəmməl bilməlidir" kəlamını
xatırladan şöbə müdiri sərgidə 300-ə yaxın müxtəlif
məzmunlu ədəbiyyatın nümayiş olunduğunu qeyd edib.
Tədbirdə gələcəyimiz olan Azərbaycan uşaqlarının
xoşbəxt və firavan həyatının təminatından, bu
istiqamətdə həyata keçirilən önəmli layihələrdən söz
açılıb. Bildirilib ki, balacaların nağıl dünyalarını
təsvir edən belə tədbirlərin keçirilməsi uşaqların
estetik zövqünün formalaşması ilə yanaşı, onların
kitablara marağını da artırır.
Sərgidə Naxçıvan şəhərindəki 1 və 7 nömrəli uşaq
bağçalarının balaca fidanları, məktəblilər və şəhər
sakinləri iştirak ediblər. Tədbirdən məmnun qalan
iştirakçılar belə sərgilərin tez-tez keçirilməsinin
vacibliyini diqqətə çatdırıblar.
S.SƏFƏROVA,
"Azərbaycan müəllimi" |