Bakıda müasir Azərbaycanın qurucusu, ümummilli lider
Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl
Qran-pri" beynəlxalq turnirinin final mərhələsi başa
çatıb. Azərbaycan Güləş Federasiyasından aldığımız
məlumata görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində
keçirilən turnirdə 35 ölkədən 400-ə yaxın idmançı
mübarizə aparıb.
Yarışın sonuncu günündə yunan-Roma güləşçiləri güclərini
sınayıblar. Güləşçilərimizdən Taleh Məmmədov (59 kq),
Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (75 kq), Elvin
Mürsəliyev (80 kq) qızıl, Rəsul Çunayev (71 kq), Salman
Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq) gümüş, Kamran
Məmmədov (59 kq), Rüstəm Əliyev (71 kq) və Şalva
Qadabadze (98 kq) isə bürünc medala layiq görülüblər.
Sərbəst güləşçilərimiz yarışda 3 qızıl, 3 gümüş, 7
bürünc, qadın güləşçilərimiz isə 2 qızıl medal
qazanıblar. Qaliblərə medal, diplom, pul mükafatı və
xatirə hədiyyələri təqdim olunub. |