Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

Beynəlxalq təhsil xəbərləri

 

Amerikalı MeriMoniz 100 yaşında attestat alıb

Amerikalı təqaüdçü, Massaçusets ştatının sakini  Meri Moniz  100  yaşında attestat alıb.  Ştatın  təhsil  departamentinin rəhbəri  bu  günlərdə Meri Monizə baş  çəkərək çoxdan gözlənilən  attestatı  ona təqdim edib.

 Həyat elə gətirib ki,  Meri Moniz cəmi 2 sinif oxuyub,  onun ailəsi  yaşayış yerini dəyişməli olub. 

Uzun illər keçdikdən sonra  məktəb təhsilini unudan qadın metal konstruksiyalar istehsal edən müəssisədə işə düzəlib.  Meri Moniz uşaqlıqda tarix müəllimi olmağı arzulayıb. Qadın  orta  məktəbin  attestatını  almağın  onun üçün böyük fəxr olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl 2014-cü ildə analoji sənədi Virciniya ştatının 111 yaşlı sakini alıb. Qadın məktəbi 1918-ci ildə 15 yaşında atıb.


Dünya universitetlərinin veb-saytlarının növbəti reytinqi açıqlanıb

Dünya universitetlərinin yeni reytinq cədvəli (Webometrics Ranking of World Universities) açıqlanıb. Cədvəl  ali məktəblərin internet-saytlarının keyfiyyət göstəricilərinə əsaslanır. Siyahı 2004-cü ildən  ildə iki dəfə (yanvar-avqust) İspaniyanın tədqiqat qrupu olan  Cybermetrics Lab tərəfindən tərtib olunur. Bu dəfə  Cybermetrics Lab dünyanın 22 min  universitetinə məxsus internet-saytları təhlil edib.  Tərtibçilər təşkilatın saytında səhifələrin sayı,  digər resurslardan sitatgətirilmə, faylların (cədvəl, təqdimat, mətn) sayı və başqa kriteriyaları nəzərə alıblar.  Reytinqin ilk onluğuna aşağıdakı universitetlər daxildir: Harvard Universiteti, Massaçusets Texnologiya Universiteti, Stenford Universiteti, Kornell Universiteti, Miçiqan Universiteti, Kaliforniya Berkli  Universiteti, Nyu-York  Kolumbiya Universiteti, Vaşinqton  Universiteti, Minnesotta Universiteti, Pensilvaniya  Universiteti.  İlk  20 universitet arasında Amerikadan olmayan cəmi 3 universitet - Toronto, Kembric və Oksford universitetləri yer alıb.


Sinqapur Asiyanın regional təhsil mərkəzinə çevrilir

Sinqapur  regional  təhsil  mərkəzi  kimi  öz  mövqeyini gücləndirməkdədir.  Buna əyani  nümunə  kimi  Sinqapur  Milli  Universitetinin  (NUS) Asiya universitetlərinin reytinq  cədvəlinin  yuxarı hissəsində  yer  alması göstərilir. Bundan başqa, bu il  Nanyanq  Texnoloji Universitetinin (NTU) də reytinq vəziyyəti yaxşılaşıb. 

NTU reytinq cədvəlində  9-cu yerdən 7-ci yerə yüksəlib. Bütün   bunlar regionda Sinqapur universitetlərinin nüfuzunun artmasından xəbər verir. Analitiklər  qeyd edirlər ki, son vaxtlar Sinqapur və Koreya Honkonq və Yaponiyanı sıxışdırmaqla regionda aparıcı təhsil mərkəzinə çevriliblər. Bütün bunlar Sinqapurda universitetlərdə  aparılan  elmi tədqiqatlara ayrılan maliyyə vəsaitlərinin  həcminin artırılması ilə izah olunur.

Digər tərəfdən ingilis dilində tədris olunan  akademik  proqramların sayı da artıb. Hazırda Sinqapur il ərzində 70 mindən artıq əcnəbi tələbə qəbul edir. Son vaxtlar  isə  hökumət daha çox yerli tələbələrə təhsil vermək məqsədilə əcnəbi tələbələrin sayını məhdudlaşdırmağa başlayıb.

Bununla belə, Sinqapur təhlükəsiz, tolerant, multikultural  və texnoloji cəhətdən inkişaf etmiş  bir  ölkədir və  bunlar  əcnəbi  tələbələrə  əyani  təhsil dövründə həftədə 16 saat işləməyə  imkan verir.


Əcnəbi tələbələr Almaniyada qalmağa üstünlük verirlər

Alman Akademik Mübadilə Proqramları xidmətinin (DAAD) statistik məlumatlarına əsasən, ölkə universitetlərində təhsil alan hər 10 tələbədən biri (11,3 faiz) əcnəbidir. DAAD-ın apardığı sorğuya müvafiq olaraq məzunların 30 faizi ali təhsili başa vurduqdan sonra Almaniyada qalmağa üstünlük verir. Əcnəbilərin 40 faizi ən azı 10 il müddətinə, yalnız 7 faizi qısa müddətdə bu ölkədə qalıb işləmək istəyir. Qüvvədə olan qanunvericiliyə görə, ölkənin ali məktəblərində təhsil almış əcnəbilər məzuniyyətdən sonra 18 ay müddətində ölkə ərazisində qala və aldıqları ixtisas üzrə məhdudiyyətsiz olaraq işləyə bilərlər.

Sorğuda iştirak etmiş 11000 tələbədən 64 faizi işlə təmin olunub, 7 faiz qeyri-tam iş günü işləyir, 7 faiz özəl sahibkarlıqla məşğuldur, 6,8 faiz isə iş axtarır. Almaniyanın Statistika Agentliyinin məlumatına əsasən bu il ölkədə 300 min əcnəbi tələbə təhsil alır.


Ukraynada ali təhsil haqqında yeni qanun qüvvəyə minib

Bu barədə ölkənin təhsil və elm naziri Sergey Kvit özünün facebook səhifəsində xəbər verib. Onun sözlərinə görə, ölkə başçısı Pyotr Poroşenkonun imzaladığı qanun ali təhsil müəssisələrinin müstəqil fəaliyyət göstərməsini, ali təhsil və elm sahəsində universitet-biznes əməkdaşlığını nəzərdə tutur.

Nazir əlavə edib ki, Ukrayna ali təhsili postsovet qalıqlarını aradan qaldıraraq tamamilə fərqli reallıqda özünü göstərməyə başlayıb. Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, qanun ali təhsilin yeniləşməsinin konseptual əsaslarını - Ukrayna ali təhsilinin Boloniya prosesi prinsipləri və müddəaları əsasında Avropa məkanına inteqrasiyasını, ali təhsilin keyfiyyətinin inkişaf etdirilməsi yolu ilə elm və təhsilin keyfiyyətinin təmin olunmasını, ali təhsil müəssisələrinin muxtariyyətini müəyyən edir.

Xatırladaq ki, ölkə parlamenti iyulun 1-də "Ali təhsil haqqında" qanun qəbul edib. Ali məktəblərin nizamnaməsi bu qanunla təsisçi tərəfindən təsdiq olunur.


İspaniyanın ali təhsil sistemində ciddi dəyişiklik

"ICEF Monitor" qəzetinin məlumatına əsasən, dəyişiklik universitetlərə qəbul qaydaları ilə əlaqədardır. Ölkə başçısı tərəfindən imzalanmış sərəncama uyğun olaraq əcnəbi tələbələrə bakalavr proqramına daxil olmaq üçün Selectividad imtahanlarının nəticələrini tətbiq etmək lazım gəlməyəcək. Əvvəllər potensial tələbələrdən ən azı 7000 nəfəri bu imtahanları verməli idi. İndi isə universitetlərə qəbul zamanı orta təhsil haqqında attestat və DELLE səviyyəsində ispan dilini bilmək tələb olunur. İspaniyada  82 universitet fəaliyyət göstərir, bu təhsil ocaqlarında 1,5 milyon tələbə təhsil alır.  Onlardan  800 min tələbə dövlət ali məktəblərində oxuyur. İllik təhsil haqları isə 680-1400  avro təşkil edir.  2012-2013-cü dərs ilində İspaniyanın ali məktəblərinə 73639 əcnəbi tələbə daxil olub. Onların əksəriyyəti İtaliya, Kolumbiya, Çin, Rumıniya və Mərakeş vətəndaşlarıdır.  Bir sıra universitetlərin  rəhbərləri  qeyd edirlər ki,  "Selectividad"ın  ləğvi  əcnəbi tələbələrin  sayını artıracaq.  Bu isə  ingilisdilli  universitet  proqramlarının sayını artıracaq.  Hazırda  dövlət sektorundan fərqli olaraq özəl ali məktəblərdə daha çox ingilisdilli proqramlar tədris olunur.  Bunlar əsasən bizneslə əlaqədar olan magistr proqramlarıdır.

 

 Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov