Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 
TƏHSİLİMİZİN UĞURLARI

Beynəlxalq Riyaziyyat Olimpiadasının bürünc medalçısı

 

Böyütmək üçün şəkili seçinCənubi Afrikanın  Keyptaun (Cape Town) şəhərində  keçirilmiş 55-ci Beynəlxalq Riyaziyyat  Olimpiadası (International Mathematics Olympiad -IMO)  azərbaycanlı məktəblilər  üçün də uğurlu  olub.  Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin keçmiş Gəncə liseyinin  şagirdi  Fərman Dumanov  olimpiadanın bürünc medalını qazanıb.  Digər təmsilçilərimiz Mustafa Abdullayev (Quba liseyi XI sinif), İsmət Ağayev (Quba liseyi X sinif ), Fərid Həsənli (Mingəçevir filialı X sinif), İsa Bayramov (Sumqayıt liseyi XI sinif), Mehdi Məhərrəmov (Şirvan liseyi XI sinif - ötən il Kolumbiyada keçirilmiş riyaziyyat olimpiadasında bürünc medal qazanıb) olimpiadanın həvəsləndirici mükafatlarına layiq görülüblər.

Fərman Dumanov 1997-ci il dekabrın 4-də Rusiya Federasiyasının  Moskva şəhərində anadan olub. İlk  təhsilinə 2004-cü ildə Gəncə şəhər 28 nömrəli  tam orta məktəbdə başlayıb. Dərslərindən həmişə  yüksək qiymətlər alıb. Təhsil aldığı illərdə həmişə dəqiq elmlərə, xüsusən riyaziyyat və fizikaya böyük maraq göstərib.  

"Medalı mənə təqdim edəndə çox sevindim" 

- 2010-cu ildə Azərbaycan Beynəlxalq  Təhsil Mərkəzinin keçmiş Gəncə liseyinə qəbul imtahanı verdim və VII sinifdən başlayaraq bu təhsil ocağında təhsilimi davam etdirdim. 2 il ərzində burada riyaziyyatdan olimpiadalara hazırlaşdım. 2012-ci  ilin sentyabrında Bakıda riyaziyyat üzrə dünya komandasına qəbul imtahanı verdim və  5-ci nəticə göstərərək komandaya  üzv seçildim.  Keçən il yaşım çox olduğundan gənclərin  Balkan olimpiadasına gedə bilmədim.  Bu ilin yanvarında ilk dəfə  Qazaxıstanda keçirilən olimpiadada iştirak etdim.  Amma  təəssüf olsun ki, burada medal almağa cəmi bir balım çatmadı.  Daha  sonra mayda  Bolqarıstanda  keçirilən  Balkan olimpiadasında ilk medalımı qazandım. Son olimpiada isə iyul ayında Cənubi Afrika Respublikasında keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadası oldu. Bilirdim ki, olimpiada çox çətin olacaq. Olimpiadanın açılış mərasimi çox əyləncəli oldu, həyəcanım bir qədər azaldı.  Ancaq axşam yenə də çox narahat idim, lakin imtahan salonuna daxil olanda sakitləşdim. İkinci gündən sonra hər şeyin yaxşı olacağına inanırdım. Artıq bilik yarışında bürünc medala layiq görüləcəyim dəqiqləşmişdi.  Bu, mənim beynəlxalq olimpiadalarda qazandığım ikinci bürünc medal idi.

Növbəti gün çox sevincli idim, həm də çox darıxırdım, medalımı almaq istəyirdim. Nəhayət, vaxt yetişdi. Məni səhnəyə dəvət etdilər. Medalı mənə təqdim edəndə çox sevindim, bu hissləri sözlə ifadə etmək mümkün deyil. Hər şey çox gözəl idi. Ertəsi gün Vətənə qayıtmaq üçün yola çıxdıq.  Şükürlər olsun ki, hər şey əla olmuşdu, biz sağ-salamat vətənə gəldik.

Mən gələcəkdə təhsilimi  Kanada və  ya Türkiyədə  davam etdirmək  istəyirəm. Ən  böyük  istəyim  mexanika  mühəndisi  olmaqdır.  Xaricdə  təhsil  alıb   savadlı  kadr kimi  Vətənə dönmək və  ölkəmə, xalqıma xidmət göstərmək istərdim. Mənə bu  uğurları  qazanmaqda kömək edən  hər kəsə,  xüsusilə də, biz olimpiadaçılara daim böyük dəstək verən komanda rəhbərimiz  Fuad Qarayevə  minnətdarlıq edirəm.  Eyni zamanda,  biz olimpiadaçıları  daima diqqətdə saxladığı üçün "Azərbaycan müəllimi" qəzetinə də çox təşəkkür edirəm.  

"Olimpiadanın Təşkilat Komitəsi komandamızın çıxışını uğurlu hesab etdi"  

Komandamızın rəhbəri, şagirdlərimizin beynəlxalq olimpiadaya hazırlaşmasında böyük  əməyi olan Fuad Qarayev:

- Məlum olduğu kimi,   Azərbaycan Respublikası təhsil nazirinin  müvafiq əmrinə əsasən 8 nəfərdən ibarət komandamız  məktəblilərin 55-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edib.  Cənubi Afrika Respublikasının Cape Town şəhərində keçirilmiş bu olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış etdilər. Komandamız  bir bürünc və 5 həvəsləndirici mükafat (sertifikat) qazandı. Olimpiadadan zəngin təəssüratlarla ayrıldıq.  Qeyd  etmək  istərdim ki,  məktəblilərimizin fəallığı,  məsələlərin həllinə diqqət və məsuliyyətlə  yanaşmaları olimpiadanın Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirildi. Təşkilat Komitəsi 100-dən çox ölkədən 550 şagirdin iştirak etdiyi bu bilik yarışında komandamızın çıxışını uğurlu hesab etdi.  Bir neçə kəlmə də olimpiadanın əhəmiyyəti barədə   danışmaq istərdim. Cape Town  Universitetinin vitse-prezidenti doktor Maks Price olimpiadanın açılış mərasimindəki çıxışında CAR-ın ilk dəfə ev sahibliyi etdiyi olimpiadanın əhəmiyyətindən danışaraq dünyanın müxtəlif  ölkələrindən olan gənc zəka  sahiblərinin qatıldığı  55-ci Olimpiadanın "Olimpiya Riyaziyyat oyunları" adlandırılmasından bəhs etdi.  Olimpiadanın CAR-da keçirilməsinin ölkəsi üçün qürurverici olduğunu bildirən vitse-prezident qeyd etdi  ki, ölkəni inkişaf etdirməyin ən yaxşı vasitələrindən biri  gənc riyaziyyatçıların inkişaf etdirilməsidir. Afrikanın faktik olaraq riyazi təfəkkürün beşiyi olduğunu söyləyən vitse-prezident riyaziyyat elminin məhz Afrika qitəsində  öz yetkinlik çağına yetişdiyini bildirdi. 

Sonda "Azərbaycan üçün elm naminə bütün dünya ilə yarışmağa çalışdıq" deyən  F.Qarayev  təhsilimizin inkişafına öz töhfələrini vermiş yetirmələri ilə fəxr etdiyini bildirdi.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov