Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 
TƏHSİLİMİZİN UĞURLARI

700 bal toplamağın sirri

 

Həyatda daim birinci olmağın, ən öndə gedənlərin sırasında irəliləməyin, çalışdığı sahədə uğur qazanmağın və bütün bunların başında müstəqil həyata 700 ballıq bilik bazası ilə qədəm qoymağın sirri nədədir? Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının I ixtisas qrupu üzrə qəbul imtahanında ən yüksək nəticə göstərən Eltun İbrahimovla görüşə qədər  ailənin təhsil səviyyəsi və nəzarəti, peşəkar müəllim heyəti ilə əhatə olunması, məktəbin məsuliyyətli fəaliyyətinin bu uğurun əsas amilləri kimi hansının daha çox üstünlük təşkil etməsi haqqında düşünürdük. Həm də 700 bal toplamaq fenomenal bir hadisədirmi, ya sadəcə, çox çalışmaqla hər kəsə nəsib ola bilərmi kimi sualların cavabını bu görüşdən ala biləcəyimizə ümid bəsləyirdik. Eltun İbrahimov, həqiqətən də,  bütün suallarımızın cavabı oldu. 

Eltun dəvətimizi qəbul edib görüşümüzə böyük qardaşı Aldunla gəldi. Aldun Sumqayıt Dövlət Universitetinin mühasibat uçotu və audit fakültəsinin qiyabi şöbəsinin dördüncü kurs tələbəsidir. Təhsil almaqla yanaşı, Santral Dizayn qalereyasında çalışaraq evə maddi kömək göstərir. 

Ailə qayğısı təhsildə uğur qazanmağın ilkin amilidir 

Eltun İbrahimovla tanışlığımız uğur qazanmağın bir deyil, bir çox sirlərini açıqladı bizə. Eltun sadə zəhmətkeş ailənin övladıdır; atası  Nazim İbrahimov qaynaqçıdır, anası Nuridə İbrahimova isə ali təhsilli olsa da, evdar xanımdır. Ailənin üç övladı var, iki oğlan, bir qız. Bacısı Aydan Azərbaycan Dövlət  Pedaqoji Universitetinin riyaziyyat müəllimliyi ixtisası üzrə III kurs tələbəsidir. Eltun evin sonbeşiyidir. Əslən ağdamlıdırlar. Qarabağ müharibəsinin fəlakətləri ailədən yan ötməyib. Didərginlik taleyi ilə uzun illər Bakıda çətinliklər içərisində, ailənin başçısı Nazim İbrahimovun zəhmətkeşliyi sayəsində böyüyüb boya-başa çatıblar. Nazim İbrahimov dörd yaşında olarkən atasını itirməsi səbəbindən erkən yaşlarından ailə qayğısı çəkməyə məcbur olduğu üçün mükəmməl təhsil ala bilməyib. Peşə məktəbini bitirərək qaynaqçılıqla məşğul olmağa başlayıb. Lakin  "pis günün ömrü az olar" inamı ilə bütün çətinliklərə əzmlə sinə gərib, övladlarının xoşbəxtliyi uğrunda yorulmadan çalışıb. Belə bir deyim də var ki, "uğur uğur gətirər". Uzun illər qaçqın statusu ilə yataqxana şəraitində yaşayan bu ailə üçün Eltunun təhsilindəki uğuru  yeni bir uğur da gətirib. Ailə Mehdiabadda evlə təmin olunub. Ailənin böyük qayğılarına baxmayaraq, övladlar valideyn sevgisi, qayğısı, mərhəməti ilə tam əhatə olunublar. Ailənin gəliri rahat şəraitin təminatına deyil, yalnız uşaqların təhsilinə yönəldilib. Övladlar da bunu görüb, duyub və bu gün də fəxrlə qiymətləndirirlər: "Valideynlərimiz yeməyib, içməyib, geyinməyib, bizi oxudublar. Anam həmişə deyir ki, heç nə istəmirəm,  mənə var-dövlət, maşın lazım deyil, övladlarım təhsil alsınlar, yetər". Bunları Aldun oxumaqlarının əsas səbəblərindən biri kimi açıqlayaraq söylədi.

Böyütmək üçün şəkili seçinHər iki qardaş onların təlim və təhsillərindəki uğurlara görə öncə valideynlərinə borclu olduqlarını dönə-dönə söylədilər. Təhsil illəri ərzində  yalnız ev və məktəblə ünsiyyət çərçivəsində  tərbiyə görmüş bu uşaqlar ictimai mühitdə kifayət qədər aktivdirlər.  Eltunla müxtəlif məzmundakı söhbətlərimiz bu qənaətə gəlməyimizə əsas verir. 700 bal toplayan, gecə-gündüz çalışıb biliyini artıran şagirdin ətrafındakı dostlarına, sinif yoldaşlarına münasibəti ilə maraqlandıq. Eltun onların da özü kimi dünyagörüşlü olmalarını, sinif yoldaşları ilə sıx ünsiyyət saxlamasını, dostlarının ona rəğbətindən və inamından daha da artıq ruhlanaraq çalışdığını ürəyiaçıqlıqla, səmimiyyətlə etiraf etdi. Eltunun insansevər, ölkəmiz üçün yaxşı  vətəndaşlar yetişdirə biləcək bir ailənin övladı olması söhbətinin hər məqamında özünü büruzə verirdi. Valideynlər təvazökarlıq göstərərək övladları haqqında danışmaq istəmədilərsə də, qardaşlar hər ikisi həm öz adlarından gözəl çıxış etdilər, həm də ailənin mövqeyini doğru və səmimi ortaya qoydular.

Qardaşların ailələri haqqında verdikləri məlumatlar ev tərbiyəsini təhsildə uğur qazanmağın əsas faktoru kimi əsaslandırmağımıza imkan verir. 

Yüksək nəticədə məktəbin rolu 

"İnsan valideynlərindən çox mühitinə bənzəyir" deyimi bizim marağımızı Eltunun gününün çox hissəsini keçirdiyi məktəbin üzərinə çəkdi. Eltun onbirillik təhsil müddətində üç məktəbdə təhsil alıb. İkinci sinfə qədər Zəngilan qaçqın məktəbində, III-VII sinifləri isə Kamil Eyyubov adına 12 nömrəli orta məktəbdə oxuyub. Sonra Təhsil Nazirliyinin nəzdindəki Kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirərək buranı qızıl medalla bitirib. Ailədə yalnız Eltunun bu liseyi bitirməsi diqqətimizi çəkdi. Səbəbi ilə maraqlandığımızda müəllim faktoru üzə çıxdı. Zəngilan qaçqın məktəbində çalışan, Aldunun sinif rəhbəri olan Azərbaycan dili və ədəbiyyat müəllimi Tofiqə Ələkbərova  Eltunun xüsusi qabiliyyətini görüb, onu bu məktəbə imtahan verməsi üçün istiqamətləndirib.  

Eltun söhbət əsnasında liseydə xüsusi mənəvi qayğı gördüyü müəllimlərinin içində ən çox Azərbaycan dili və ədəbiyyat müəllimi Şövqiyə Göyüşovanın adını çəkib, onun üzərindəki zəhmətindən bəhs etdi. Şövqiyyə müəllim bütün şagirdlərinə bir ana qayğısı ilə yanaşan, hər birinə eyni dərəcədə diqqət göstərən bir müəllim kimi dərk olunub Eltun tərəfindən. Eltunun özünəinamının təlqinində və imtahanlarda həyəcanı dəf etmək keyfiyyətinə yiyələnməsində Şövqiyyə müəllimin böyük rolu olub.

Eltunun da bir şagird olaraq xüsusi keyfiyyətlərini müəllimlərinin nəzəri ilə tədqiq etmək üçün Şövqiyyə müəllimlə telefon əlaqəsi yaratdıq. O şagirdinin uğurunun başlıca səbəbini bir cümlədə mükəmməl ifadə etdi: "Eltunun başqa şagirdlərdən əsas fərqi bu idi ki, təhsil illəri boyunca verilən tapşırıqları qüsursuz yerinə yetirirdi". Şagirdinin bu xüsusiyyətini isə həm ailənin tərbiyəsi ilə əlaqələndirdi, həm də öz şəxsi keyfiyyəti kimi dəyərləndirdi. Müəllim Eltunun məktəbin bütün kollektivinin, sinif yoldaşlarından başlamış, direktora qədər hər kəsin rəğbətini qazanan bir şagird olduğunu, həmçinin bütün fənn müəllimlərinin də onun qabiliyyətini görərək fərdi münasibət bəslədiklərini söylədi. On yeddi illik müəllimlik təcrübəsi olan Şövqiyyə müəllimin öz pedaqoqluğunun mahiyyətini xüsusi ədəbi-bədii dillə anlatması da zövqvericidir: "Kiçik bir şam bəzən bir projektordan artıq işıq verə bilər. Müəllimlik həmin yanar şamdır ki, hər bir şagirdinin qəlbinə öz nurunu salmalıdır. Mənim müəllim olmağımın səbəbkarı öz ədəbiyyat müəllimim olub. İnanıram ki, bu şamın şagirdlərimizin qəlbinə saçdığı nur sönməyəcək. Sabah eltunlar da öz ətrafındakı insanların qəlbini aydınladacaqlar". Əlbəttə ki, "müəllim o kəsdir ki, ondan öyrənirlər". Eltun qarşısına müəllim olmağı məqsəd qoymasa da, onun mütəxəssis kimi çalışacağı sahədə davamçılarını da yetişdirəcəyinə böyük ümid bəsləyirik.

Kiçik bir tədqiqat əsasında məktəbin məsuliyyətli, səmərəli fəaliyyətini,  şəxsiyyətyönümlü təlim və tərbiyənin tətbiqini, səriştəli müəllimlərin qayğısı ilə əhatə olunmanı təhsildə uğur qazanmağın ikinci faktoru kimi üzə çıxardıq. 

Abituriyentin fərdi keyfiyyəti 

Biliklərin mənimsənilməsində, yüz faizlik nəticə əldə olunmasında hansı fərdi keyfiyyətlərin vacib olduğunu soruşduqda Eltun belə cavab verdi: "Uğurumun başlıca səbəbini çalışmaq və özünəinamda görürəm". Yüksək nəticəyə nail olmağın yolunu yalnız son illərdə ardıcıl repetitor yanına getməkdə deyil, məktəbə qədəm qoyduğu gündən sona qədər gündəlik dərslərinə məsuliyyətlə hazırlaşmaqda gördüyünü qətiyyətlə söyləyir: "On il mütəmadi oxudum. On birinci ildə biliklərimi bir yerə toplamışam, sistemləşdirmişəm". Qarşısına qoyulan hədəf və məqsəddə israrlı olmaq da Eltunun uğurunun sirlərindəndir. Məqsədinə necə nail olması haqqında özü maraqlı məlumat verdi: "Çox təbliğ edirdilər 700 bal yığanları. Televiziya verilişlərində görürdüm. Deyirdim, mən niyə olmayım". Qarşısına məqsəd qoymuş, özü buna inanmış və ətrafını, ailəsini də çox inandırmışdı ki, o, buna nail ola biləcəkdir.  Eltun ixtisas seçimində inamla yalnız Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması ixtisasını qeyd edib. Məqsədi neft sahəsində çalışan mühəndis olmaqdır. Bu seçimində də təhsildə aparılan mütərəqqi addımların təsirini müşahidə etdik. Eltun öz ixtisası ilə bağlı dolğun məlumatlandırılmışdır və bu sahədə mütəxəssis kimi özünü doğrulda biləcəyinə inanmışdır.

Eltunun maraq dairəsi də genişdir. Kumir olaraq Xudu Məmmədov, Yusif Məmmədəliyev kimi alimləri görür. Ədəbiyyat tariximizdə sevdiyi sima Cəlil Məmmədquluzadədir,  dünya ədəbiyyatından isə Jül Vernin əsərlərini bəyəndiyini və çox oxuduğunu söyləyir. Musiqi məktəbində piano üzrə yeddiillik təhsil görüb. Boş vaxtlarında isə futbol oyunlarını izləməyə üstünlük verir. 

Gələcək nəsil ümidimizi doğruldacaq 

Eltunun psixoloji sağlam təfəkkürlü bir yeniyetmə olmasını müşahidə etdikcə psixologiya üzrə elmlər doktoru Ramiz Əliyevin pedaqoji psixologiya tarixinin səhifələrindən gətirdiyi sitatlar yada düşür: "Seneka yazır ki, işgüzar adam heç vaxt ümidsiz olmur. Əgər işində nəsə alınmırsa, "qismət beləymiş" deyib yenidən işə başlayır. Körpəlikdən uşaqlara təlqin olunmalıdır ki, o, hər şeyi anlayır, çətinlikləri aradan qaldırmağı bacarır.

Mark Avreli gənclərə nəsihətlə deyirdi: "Əgər sən nəyisə bacarmırsansa, fikirləşmə ki, bunu heç kim bacarmır. Yox, əgər bunu kimsə bacarırsa, demək sən də bacararsan, çünki sən insansan".

Hər bir uşaq dərk etməlidir ki, zahirən məhdudiyyətlərə (kasıblığa, xəstəliyə və s.) baxmayaraq mənəvi və intellektual baxımdan o, imkanlı yaşıdlarından heç də geridə qalmır. Çünki qanunlar və tələblər onların hamısı üçün eynidir.

Seneka şagirdlərinə məsləhət görürdü ki, islaholunmaz yox, idarəedilən olsunlar. Göstərirdi ki, tərbiyənin məqsədi insana özünü təkmilləşdirməyin yolunu göstərməkdir. Mark Avreliyə görə, özünü ələ ala bilmək, sakitlik, həyatın çətinliklərini ləyaqətlə dəf etmək psixi sağlamlığın göstəricisidir. Bütün bunlar isə uşaqlıqdan öyrədilməli, tərbiyə edilməlidir". Görkəmli filosofların verdikləri nəsihətlərin Azərbaycan ailəsində tətbiqini görmək çox sevindirici haldır. Bu gün cəmiyyətimizdə gələcək nəsil olaraq yetişdirilən yeniyetmələrin elm əxz etmələri gələcəyimizin etibarlı əllərdə olacağından xəbər verir. Bu həqiqəti isə Eltun İbrahimov və onun kimi yüzlərlə istedadlı gəncin timsalında daha aydın görmək olur.  

Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə doktoru,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov