Yaponiyanın İto şəhəri ilə qardaşlaşmış İsmayıllı
rayonundan olan bir qrup şagird ilk dəfə bu ölkəyə gəlib.
AzərTAc xəbər verir ki, səfər ötən ilin noyabrında
Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın Şizuoka
prefekturasının İto şəhəri arasında imzalanmış Dostluq
mübadiləsi haqqında sazişə əsasən baş tutub.
İsmayıllı rayonunun 1 və 6 nömrəli tam orta
məktəblərinin 6 şagirdini rayon təhsil şöbəsinin müdiri
Rasim Orucov müşayiət edib.
Səfərin ilk iki günündə azərbaycanlı şagirdlər Tokionun
görməli yerləri ilə tanış olub, Azərbaycanın
Yaponiyadakı səfirliyinə baş çəkiblər.
İsmayıllıdan olan şagirdlər artıq bir neçə ildir ki, İto
şəhərinin məktəbliləri ilə məktublaşırlar. Bu şəhərlərin
bir-birinə yaxınlaşmasında həmin məktublar xüsusi rol
oynayıb. İsmayıllı rayonunun ötən tədris ilində
fərqlənmiş şagirdləri İto şəhərinə səfər edərək öz
həmyaşıdları ilə görüşəcəklər. Gələn il isə yapon
məktəblilərinin İsmayıllı rayonuna səfəri
planlaşdırılır.
İto şəhərinin "İnternational Homestay Club"ın
nümayəndəsi xanım Kazuko İşida deyib: "Azərbaycanlı
məktəbliləri İto şəhərində zəngin səfər proqramı
gözləyir. Belə ki, səfər zamanı İsmayıllıdan olan
şagirdlər "Homstay" proqramı çərçivəsində
həmyaşıdlarının ailələrində yaşayacaq, burada yapon
həyat tərzi, ailədaxili münasibətlər və milli
mədəniyyətlə yaxından tanış olacaqlar. Səfər proqramına
əsasən, azərbaycanlı məktəblilərin İto şəhərinin meri
ilə görüşü nəzərdə tutulub".
Kazuko İşida qeyd edib ki, proqrama uyğun olaraq, İto
şəhər musiqi məktəbində milli musiqi alətləri haqqında
onlara məlumat veriləcək, oğlanlar əlbəyaxa döyüş
növlərinin öyrədildiyi məktəbdə olacaqlar. "Həmçinin
qonaqlarımız İtonun tarixi və görməli yerlərini də
ziyarət edəcəklər. Onlar həm də hər il avqustun 8-10-da
İto şəhərində təşkil olunan Angin Maçuriyə - Yay
festivalına da qatılacaqlar", - deyə o bildirib.
Azərbaycanlı məktəblilər avqustun 13-də vətənə
dönəcəklər. |