Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

Lənkəranlı şagirdlər tur-aksiyasından xoş təəssüratlarla qayıdıblar

 

"Ölkəmizi  tanıyaq" layihəsi çərçivəsində dörd gün müddətində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən lənkəranlı şagirdlər avqustun 4-də doğma şəhərə qayıdıblar. Tur-aksiyanın iştirakçılarını rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər qarşılayıblar.

Turun qrup rəhbəri Asif İmanlı ilk təəssüratlarını bölüşərək deyib: "Təəssüratımız olduqca zəngindir. Rayonun IX-XI sinif şagirdləri regionun qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə yaxından tanış oldular.

Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə təsir edəcək, onların mənəvi inkişafında müsbət rol oynayacaq. Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. Məktəblilər üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagird və müəllimlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

Lənkəran şəhərindəki 10 nömrəli tam orta məktəbin X sinif şagirdi Zəhra Məmmədova sevincini belə ifadə edib: "Gəncənin, Göygölün və Şəmkirin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan və sənədli filmlərdən məlumatım vardı. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə gördüm. Necə deyərlər, min dəfə eşitməkdənsə, bir görmək yaxşıdır".

Həmçinin 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şəbnəm Hüseynli söhbətə qoşularaq rəfiqəsinin sözlərinə aşağıdakıları əlavə edib: "Tur-aksiya zamanı yadımda daha dərin izlər buraxan tarixi abidələr oldu. Gəncə tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən qədim eksponatlar, Nizami Gəncəvinin və Cavad xanın məqbərələri, Çökək hamamla, Göygöl rayonunda alman yaşayış məntəqələri ilə tanışlıq, Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar yaddaşıma əbədi həkk olunub. Bütün bunlar Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğuna əyani sübutdur". 

Şakir CƏFƏROV
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov