Avqustun 1-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda Azərbaycan Əlifbası və
Azərbaycan Dili Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri açan institutun rektoru, professor Asəf Zamanov
giriş sözündə Azərbaycan dilinin, Səfəvilər dövlətində
sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk
rəsmi dövlət dili səviyyəsinə yüksəlməsi 1918-ci ildə
Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan sonra
ölkədə kargüzarlığın türk dilində aparılması ilə bağlı
qərar qəbul edilməsi, Azərbaycan SSR-də də dövlət
dilinin türk dili olması ilə bağlı müxtəlif dövrlərdə
qəbul edilmiş qərarlar haqqında danışaraq Azərbaycan
dilinin tarixi haqqında tədbir iştirakçılarına ətraflı
məlumat verib. Türk dillərindən biri kimi müasir
Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərindən,
dilimizin zənginliyindən və bu dilin özünüifadə
imkanlarının genişliyindən söz açan rektor çıxışında
daha sonra latın qrafikalı Azərbaycan əlifbasına keçidin
çətinliyindən, müxtəlif dövrlərdə istifadə olunmuş
əlifbalardan və onların tətbiqi zamanı qarşıya çıxan
problemlərdən bəhs edib. Çıxışına davam edən natiq
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra
latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan
Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin
tarixində mühüm hadisə olduğunu nəzərə alan ümummilli
liderimiz Heydər Əliyevin avqustun 1-nin Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi ilə bağlı
9 avqust 2001-ci il tarixində imzaladığı fərmanın mühüm
əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə institutun struktur və bölmə rəhbərləri,
əməkdaşları da çıxış edərək Azərbaycan dilində
yaradılmış ədəbiyyat nümunələrindən, tarixi əsərlərdən,
dilin müasir tədrisi vəziyyətindən söz açıblar. Çıxış
zamanı öz ana dilini dərindən bilməyin, onun sirlərinə,
gözəlliklərinə bələd olmağın, onlardan məharətlə, yerli-yerində
istifadə edə bilməyin zəruri olduğu bir vaxtda dilimizi
korlayan, onun gözəlliyinə xələl gətirən hallardan və bu
halların aradan qaldırılması üçün atılması vacib olan
addımlardan da danışılıb.
İnstitut kitabxanasının müdiri Güldanə Mehdiyeva çıxış
edərək Prezident İlham Əliyevin dövlət başçısı kimi
imzaladığı ilk sənədlərdən biri olan Azərbaycan və dünya
klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində
latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata
keçirilməsi haqqındakı sərəncamını dilimizə və
əlifbamıza qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fidan Aslanova
Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"nın dilimizə, mədəniyyətimizə, zəngin
mənəvi dəyərlərimizə böyük hörmət və ehtiramın ən gözəl
nümunələrindən biri olduğunu vurğulayıb.
BPKİYİ-nin Mətbuat xidməti |