Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondu fəaliyyətə başlayıb. Fondun mətbuat xidmətindən
AzərTAc-a bildirilib ki, qurumun strukturu tam
müəyyənləşib, əməkdaşları təyin edilib.
Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata
keçirən Himayəçilik Şurasının üzvü, Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini
məsələlər üzrə dövlət müşaviri, akademik Kamal
Abdullayev fondun əməkdaşları ilə iki dəfə geniş
tərkibdə görüş keçirib. Görüşdə Bilik Fondunun məqsəd və
məramı, fəaliyyət istiqaməti, əməkdaşların vəzifələri,
ilin sonunadək həyata keçiriləcək layihələr ətraflı
müzakirə edilib, konkret tapşırıqlar verilib.
Fondun yaradılmasında əsas məqsəd əhalini
maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin
mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə
vətəndaşlara qloballaşma şəraitində cərəyan edən
proseslər haqqında dolğun biliklər çatdırılacaq,
azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi və
dini dəyərlər təbliğ olunacaq, insanların müasir
standartlara uyğun biliklərə və dünyagörüşünə
yiyələnməsi, şəxsiyyət kimi formalaşması üçün tədbirlər
həyata keçiriləcək. Eyni zamanda, insanların
bacarıqlarının, peşəkarlıq səviyyələrinin və
dünyagörüşlərinin inkişafına dəstək göstəriləcək, sağlam
həyat tərzi, ətraf mühitin mühafizəsi təbliğ olunacaq.
Fond Azərbaycan tarixinin və mədəniyyətinin təbliği
istiqamətində də fəal iş aparacaq, ölkəmizin dinamik
inkişafı və dünya birliyinə inteqrasiyası, beynəlxalq,
regional və ölkədaxili proseslərlə bağlı ictimaiyyətə
təhlil xarakterli məlumatlar çatdıracaq.
Xatırladaq ki, Bilik Fondu Azərbaycan Prezidenti İlham
Əliyevin 2014-cü il 7 may tarixli fərmanı ilə yaradılıb.
Qurumun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik
Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən
Himayəçilik Şurasının sədri və Prezident İlham Əliyevin
sərəncamı ilə Oqtay Səmədov fondun icraçı direktoru
təyin edilib.
Dövlət başçısı həmçinin Bilik Fondunun Himayəçilik
Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam
imzalayıb. Sərəncama əsasən, Kamal Mehdi oğlu
Abdullayev, Urxan Kazım oğlu Ələkbərov, Əhliman Tapdıq
oğlu Əmiraslanov, Sabir Hüseyn oğlu Həsənli, Azərpaşa
Zəfər oğlu Nemətov, Sahibə Əli qızı Qafarova, Mübariz
Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının
üzvləri təyin ediliblər. |