Bakıda fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbinin
Beynəlxalq Bakalavriat Təşkilatına bu qurumun İbtidai
Təhsil Proqramı (PYP) üzrə təhsil vermək üçün etdiyi
namizədlik müraciəti qəbul olunub. Beləliklə, məktəb
2014-cü il sentyabrından Beynəlxalq Bakalavriatın
İbtidai Təhsil Proqramı üzrə təhsil verəcək namizəd
məktəb statusu qazanıb. Bununla əlaqədar Beynəlxalq
Bakalavriat Təşkilatından Avropa Azərbaycan Məktəbinə
rəsmi məktub göndərilib. Məktəbin direktoru Şandel
Leazberiyə ünvanlanmış məktubda bildirilir ki, BBT
namizədliyi müddətində məktəbi davamlı olaraq
dəstəkləyəcək. Məktəbin PYP bölməsində çalışan bütün
müəllimləri Beynəlxalq Bakalavriat Təşkilatının Onlayn
Kurikulum Mərkəzinə (OCİ) daxil ola və bununla da İB
nəşrlərinin və tədris materiallarının elektron
versiyasını əldə edə biləcəklər.
Avropa Azərbaycan Məktəbindən verilən məlumata görə, bu
modern təhsil ocağının ən yaxın hədəflərindən biri
IB-nin növbəti "World School" ("Beynəlxalq məktəb")
pilləsinə yüksəlməkdir.
Xatırladaq ki, bu səviyyədə olan məktəblər ümumi fəlsəfə
və viziona əsaslanan təlim mühiti yaradır, üzərlərinə
yüksək keyfiyyət öhdəçiliyi götürürlər. Bunun da
müqabilində məktəb öz şagirdləri üçün əhəmiyyətli hesab
etdiyi beynəlxalq təhsili təmin edir.
Onu da diqqətə çatdıraq ki, yalnız Beynəlxalq
Bakalavriat Təşkilatına üzv olan məktəblər qurumun
İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP),
Diplom Proqramı (DP) və Karyera yönümlü sertifikat kimi
akademik proqramlarından istifadə edə bilərlər.
2011-ci ildə Bakıda təsis olunmuş Avropa Azərbaycan
Məktəbi dünyanın ən qabaqcıl təhsil standartları
əsasında fəaliyyət göstərən yeni tipli təhsil
müəssisəsidir. Məktəb beynəlxalq aləmdə ixtisaslaşmış ən
böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa
Şurasına (ECİS) ötən il üzv qəbul edilib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |