Azərbaycan
Prezidenti İlham Əliyev avqustun 4-də Xətai rayonundakı
56 nömrəli orta məktəbin binasının əsaslı təmir və
yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü
və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun
olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin
əsaslı şəkildə yenidən qurulması, yeni məktəb
binalarının, uşaq bağçalarının inşası uğurla həyata
keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər
yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf
qəsəbələrdə orta məktəb binaları yüksək standartlara
uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla
təchiz edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov dövlətimizin başçısına görülən işlərlə bağlı
məlumat verdi. Bildirildi ki, məktəbin binası 1976-cı
ildə inşa olunub. 960 şagird yerlik məktəbdə Azərbaycan
və rus bölmələri fəaliyyət göstərir. Prezidentin
tapşırıqlarına uyğun olaraq, yeni dərs ilinə hazırlıq
məqsədilə məktəbin binası əsaslı şəkildə yenidən qurulub,
lazımi ləvazimatla təchiz edilib.
Dövlətimizin
başçısına Xətai rayonundakı məktəblərdə görülən təmir və
yenidənqurma işləri barədə də məlumat verildi.
Prezident İlham Əliyev məktəbin sinif otaqlarına baxdı,
fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış
oldu. İdman zallarında və hərbi hazırlıq kabinetində də
yüksək şəraitin yaradıldığı vurğulandı.
AzərTAc |