İsmayıllı
rayonunda 16 yaşadək yeniyetmə və gənclər arasında
şahmat üzrə respublika olimpiadası keçirilib. "A" və "B"
qrupları üzrə keçirilən yarışlarda 565 idmançı
(onlardan 112 nəfəri qızdır) iştirak edib. Yarışlar
İsmayıllı Olimpiya İdman Kompleksində 11 turdan ibarət
İsveçrə sistemi üzrə keçirilib. Beynəlxalq dərəcəli
hakim Qüdrət İsmayılovun rəhbərliyi ilə hakimlər
kollegiyası tərəfindən idarə olunan olimpiadanın yekun
nəticələrinə əsasən A və B qrupları üzrə hər yaş
dərəcəsindən qaliblər müəyyənləşdirilib.
Olimpiadanın keçirildiyi müddət ərzində bir çox
əlamətdar hadisələr də baş verib. İyulun 20-də
Beynəlxalq şahmat günü münasibətilə 161 nəfər idmançının
iştirakı ilə blits-turnir keçirilib. İsveçrə sistemi
üzrə 9 turdan ibarət olan turnirdə I yeri 8 xalla Bakı
şəhəri üzrə 1 nömrəli İOEUGŞDİM-nin məşqçi-müəllimi
Elşad Abdullayev tutub.
Qalib komandalara kubok, şahmatçılara isə diplom və
medallar, habelə rayon icra hakimiyyətinin hədiyyələri
təqdim edilib.
Yarış iştirakçıları 10 gün ərzində İsmayıllı rayonu,
onun zəngin təbiəti, tarixi abidələri və qədim yaşayış
məskənləri ilə tanış olublar.
Bu günlərdə həmin yarışlarda qalib gəlmiş Bakı
Respublika İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbinin bir qrup yetirməsi ilə görüşüb
söhbətləşdik.
İlkin Rəhimli: -1998-ci ildə Bakıda anadan olmuşam. 6
yaşından şahmatla məşğul oluram. Polşada, İtaliyada,
Gürcüstanda, İran İslam Respublikasında keçirilən şahmat
yarışlarında qalib olmuşam. Hobbim futbol oynamaqdır.
Sevdiyim şahmatçı beynəlxalq qrossmeyster Şəhriyar
Məmmədyarovdur. Məqsədim gələcəkdə Azərbaycanı dünyaya
tanıtmaqdır.
Nəcibə Orucova: - 28 iyul 2004-cü ildə Quba rayonunun I
Nügədi kəndində anadan olmuşam. Həmin ildən ailəmlə
birlikdə Bakı şəhərində yaşayıram. Hazırda Bakıdakı 287
nömrəli "Zəkalar" liseyinin V "b" sinif şagirdiyəm.
Əlaçıyam. Məktəmizdə hər ay keçirilən bilik
yarışlarında yüksək nəticələr göstərmişəm. 2013-2014-cü
tədris ilinin yekunlarına əsasən təhsildə qazandığım
uğurlara görə kubokla, bu il isə hüsnxət normalarına
riayət etməklə səliqəli və sürətlə yazdığıma görə
(Standart 3.1.1.) tərifnamə ilə təltif olunmuşam. Elə
bilirəm ki, təhsildəki uğurlarımda şahmatla ciddi məşğul
olmağımın da böyük rolu olub. İdmanın bu növü ilə 6
yaşımdan məşğul oluram. Respublika İxtisaslaşmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində
Müşfiq Əsgərovun şagirdiyəm. Bu il Novruz bayramına
həsr olunmuş Bakı şəhər turnirində I dərəcə normasını
yerinə yetirərək I yerə, 2013-cü və 2014-cü illərdə 10
yaşadək qızlar arasında şahmat üzrə Bakı birinciliyində
II yerə, 2013-cü ildə Baku Open turnirində 10 yaşadək
qızlar arasında 3-cü yerə, bu ay İsmayıllı rayonunda
təşkil olunmuş 16 yaşadək gənclərin şahmat
olimpiadasında 10 yaşadək qızlar arasında, eləcə də 12
yaşadək komanda proqramı üzrə isə II yerə layiq
görülmüşəm.
İsmayıllıda həm də mənalı istirahət etdik. "Böyük ipək
yolu" beynəlxalq turizm marşrutuna daxil edilmiş, dövlət
tarix-mədəniyyət qoruğu olan, dəniz səviyyəsindən 1375
metr yüksəklikdə Girdmançayın sol sahilində yerləşən
Lahıc qəsəbəsində, Xanəgah kəndində, Axox çayının
sahilində, "İsmayıllı" dövlət qoruğunun ərazisində
yerləşən XI-XII əsrlərə aid Qız qalasında, İvanovka
kəndində olduq.
Hazırda görkəmli şahmatçı, beynəlxalq qrossmeyster Vüqar
Həşimovun xatirəsinə həsr olunmuş 12 yaşadək uşaqlar
arasında keçirilən beynəlxalq turnirdə iştirak edirəm.
Şahmatdakı uğurlarıma görə məşqçim Müşfiq Əsgərova
minnətdaram. Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 12
yaşadək uşaqlar arasında keçirilən beynəlxalq turnirdəki
ilk oyunum 6 saatdan yuxarı davam etdi. Özümdən güclü,
zəngin turnir təcrübəsinə malik titullu şahmatçı ilə
heç-heçə oynadım. Hələlik bu, mənim üçün ən yaddaqalan
oyundur. Gələcəkdə qitə və dünya miqyaslı turnirlərdə
iştirak etmək istərdim. İxtisasca isə həkim olmaq
arzusu ilə yaşayıram, öz peşəsini ürəkdən sevən və
mükəmməl bilən bir həkim.
Oğuz Abışlı: - 7 yaşından şahmatla məşğul olmağa
başlamışam. Həmişə yarışlarda qazandığım uğurlara görə
məşqçim Kənan Heydərliyə minnətdaram. İlk dəfə 8
yaşında 2010-cu ildə Bakı çempionatında I, həmin il
Azərbaycan çempionatında III, Zaqatalada şahmat
olimpiadasında III, 2011-ci ildə məktəblilərin dünya
çempionatı-Polşanın Krakov şəhərində 11 yaşlılar
arasında keçirilən çempionatda ikinci yer, İsmayıllıda
keçirilən şahmat olimpiadasında komanda hesabında I
yerləri qazanmışam. Çoxlu sayda diplom və fəxri fərman
almışam. Şahmatla məşğul olmağım heç də dərslərimə mane
olmur.
Tərlan Abdullayev, Altay Eynullayev, Aslan Sadıqlı,
Nigar Mustafazadə, Atilla Eynullayev və digərləri də
yarışlarda qazandıqları nailiyyətlərdən söz açdılar.
Əminliklə vurğuladılar ki, qarşıda onları hələ çoxlu
uğurlar gözləyir. Qeyd edək ki, həmin gün "Təhsil"
Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov
qalib şahmatçıları təbrik və onlara hədiyyələr təqdim
edib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |