Beynəlxalq Riyaziyyat Olimpiadası başa çatıb |
Cənubi Afrika Respublikasında keçirilən
məktəblilərin 55-ci Beynəlxalq Riyaziyyat
Olimpiadası çinli şagirdlərin qələbəsi ilə başa
çatıb. Amerika məktəbliləri 2-ci, Tayvan
məktəbliləri isə 3-cü olub. Rusiya olimpiadada
4-cü, Yaponiya 5-ci yeri tutub. Olimpiadada
101 ölkədən 560 şagird iştirak edib.
Qaliblərə bütövlükdə 49 qızıl, 113 gümüş, 133
bürünc medal təqdim olunub. Növbəti olimpiada
2015-ci il iyulun 3-15 tarixlərində Tailandda
keçiriləcək. |
|
Rusiya elektron dərsliklərə keçir |
2015-ci il yanvarın 1-dən Rusiya elektron
dərsliklərə keçir. "Uçitelskaya qazeta"nın
məlumatına əsasən, bütün nəşriyyatlar məktəb
dərsliklərinin həm elektron, həm də çap
variantını təqdim etməlidirlər. Rusiya Təhsil və
Elm Nazirliyinin məlumatına əsasən bu, federal
dərsliklərin siyahısına daxil olmaq üçün məcburi
şərt olacaq.
Nazirlik bundan əvvəl elektron dərsliklərə olan
əsas tələbləri müəyyən edib. Onlar kağız
dərsliklərin strukruruna uyğun olmalı və zəruri
multimedia elementlərini özündə
cəmləşdirməlidir.
Təhsil və elm naziri Dmitri Livanovun sözlərinə
görə, elektron dərsliklərin yaradılmasını kağız
dərsliklərin dəyişdirilməsi kimi qiymətləndirmək
olmaz. Söhbət yalnız məktəbin tədris
imkanlarının genişləndirilməsindən gedir. |
|
Ümumrusiya valideyn iclası keçiriləcək |
Rusiyanın təhsil və elm naziri Dmitri
Livanov 2014-2015-ci yeni dərs ili ərəfəsində
ümumrusiya valideyn iclası keçirəcək.
"Uçitelskaya qazeta"nın yazdığına görə,
valideynlər birbaşa öz sualları ilə nazirə
müraciət etmək imkanı qazanacaqlar.
Tədbir bütün regionların iştirakı ilə
telekonfrans formatında baş tutacaq.
Telekörpüdə nazir son illərdə Rusiya təhsil
sistemində baş verən dəyişikliklər barədə
danışacaq, valideynlər isə nazirə öz
suallarını ünvanlaya biləcəklər. Valideynlər
avqustun 30-na kimi suallarını
rodsobranie30@gmail.com elektron poçtuna
göndərməklə müzakirələrdə iştirak edə
biləcəklər. |
|
Özbəkistanda məktəbəqədər təhsil sistemi yenidən
qurulur |
Bu barədə ölkə parlamentində keçirilən
dinləmələrdə çıxış edən Özbəkistanın xalq
təhsili naziri Uluqbek İnoyatov açıqlama verib.
Nazir 2015-2020-ci illərdə məktəbəqədər təhsil
sisteminin inkişafına dair Dövlət Proqramının
həyata keçirilməsi istiqamətində görülən işlər
barədə danışıb. Proqram respublikada uşaq
bağçalarının yenidən qurulmasını nəzərdə
tutur. Nazir qeyd edib ki, cari ilin
sonlarına kimi bütün məktəbəqədər təhsil
müəssisələri dövlət hesabına uşaqların məntiqi
təfəkkürünü, intellekt səviyyəsini inkişaf
etdirən bütün zəruri vəsaitlərlə təmin
olunacaq.
Komplektə əyani vəsaitlər, didaktik materiallar,
məntiqi oyuncaqlar və oyunlar daxildir.
Yaxın vaxtlarda məktəbəqədər təhsil
müəssisələrinin fəaliyyətinin
optimallaşdırılması yolu ilə onların keyfiyyət
göstəricilərinin yaxşılaşdırılması nəzərdə
tutulub. Bütövlükdə məktəbəqədər təhsil
sisteminin keyfiyyətinin artırılması üçün
müasir pedaqogikanın tələblərinə uyğun olaraq
defektoloq vəzifəsi təsis olunacaq.
|
|
ABŞ-da bir milyondan artıq əcnəbi tələbə təhsil
alır |
Amerikanın
miqrasiya-gömrük xidmətinin məlumatına əsasən,
beynəlxalq tələbə mübadilə proqramı
çərçivəsində ölkədə bir milyondan artıq
əcnəbi tələbə təhsil alır.
Bu, 2014-cü ilin ilk rübü ilə müqayisədə 2
faiz artıqdır. "F-1" və ya "M-1" vizaları
üzrə ölkə universitetlərində təhsil alanların
sayı 1015178 nəfər təşkil edib. Bu rəqəm
cari ilin yanvarında 991957 olub. Bundan
başqa, "J-1" vizası ilə ölkəyə 188382 xarici
tələbə gəlib. Asiya ölkələrindən gələnlərin
sayı 762198 nəfərdir. Bu isə ötən
rübdəkindən 3 faiz artıqdır. Asiyalı tələbələr
Amerikada təhsil alan xarici tələbələrin 75
faizini təşkil edir.
Cənubi Amerika və Afrikadan olan tələbələrin
sayı 4 faiz artsa da, Avropa və Şimali
Amerikadan olan təhsilalanların sayı azalıb.
Məlumata görə, ABŞ-ın ən çox əcnəbi tələbə
qəbul edən ali məktəbləri bunlardır:
1.Loc-Ancelesdəki Kaliforniya Universiteti
(72676 nəfər), 2.Nyu-York Universiteti (57552
nəfər), 3.Pensilvaniya ştat Universiteti (47552
nəfər), 4.Şimal-Qərb Universiteti (47364
nəfər), 5.Miçiqan Universiteti (4613 nəfər). Ən
az əcnəbi tələbə kontingentinə malik olan ali
məktəblərə isə Alyaska Universiteti (3062),
Bayominq Universiteti (4181), Cənubi Dakota
(4851), Şimali Dakota (5812), Havay
Universitetini (6901) misal göstərmək olar. |
|
"Erasmus" tələbə proqramı rekord populyarlıq
əldə edib |
Avropa
Komissiyasının son statistik hesabatına
əsasən, son 2 il ərzində 270 min tələbə
xaricdə təhsil qrantı əldə edib. 55 min
tələbənin yararlandığı, ali təhsil sahəsində
əməkdaşlıq və tələbə mübadiləsi üzrə "Erasmus"
proqramı daha çox populyarlıq qazanmaqdadır.
İspaniya, Almaniya və Fransa xaricdə təhsil
üçün ən yaxşı ölkələr hesab olunur.
Avropa Komissiyasının təhsil üzrə komissarı
Androulla Vassilio bildirib ki, 2012-2013-cü
illərdə 270000 tələbənin təhsilini
maliyyələşdirən "Erasmus" proqramı, bu il
öncəkindən 15000 artıq tələbənin təhsilini
maliyyələşdirməklə rekord həddə çatıb. Onun
sözlərinə görə, bu göstərici layihənin davamlı
inkişafı və populyarlığının nəticəsidir.
Məlumatı "EUobserver" xəbər portalı yayıb.
1987-ci ildə fəaliyyətə başlayan tələbə
mübadilə proqramı ümumilikdə 3 milyondan artıq
tələbənin təhsilinin inkişafında vasitəçi olub.
Hazırda proqram çərçivəsində müəllim hazırlığı
üçün də tələbələrin maliyyələşdirilməsi
genişlənməkdədir. "Erasmus" proqramında
iştirak edən 5 tələbədən biri işlə təmin olunma
təqaüdünü seçir. "Erasmus+" proqramının
maliyyələşməsi üçün 15 milyard avro
miqdarında maliyyə yardımı ayrılıb. Bu
proqram 2020-ci ilə kimi 2 milyon tələbənin
təhsil, təlim və iş təcrübəsi qazanmasına imkan
yaradacaq. |
|
Danimarka daha çox əcnəbi tələbə cəlb etmək
niyyətindədir |
Danimarka
hökuməti Avropa Birliyinə daxil olmayan
ölkələrdən olan əcnəbi tələbələr üçün ayrılan
maliyyə vəsaitlərinin həcmini artırmaq
niyyətindədir. Digər tərəfdən əcnəbi tələbələr
üçün viza rejiminin sadələşdirilməsi və
ölkənin ali məktəblərini bitirən tələbələrə
işlə təmin olunmaları üçün verilən
icazələrin sayının genişləndirilməsi nəzərdə
tutulur. Bu hədəflərə çatmaq üçün təqaüd
proqramlarına 25 milyon Danimarka kronu
həcmində vəsait ayrılması nəzərdə tutulub.
Danimarkada magistr və ya doktor elmi
dərəcəsi almış xarici tələbələr 2 il ərzində
ölkə ərazisində işləmə icazəsi almaq üçün
müraciət edə və ya öz biznes fəaliyyətlərini
qura bilərlər.
2012-ci ildə Danimarkanın ali məktəblərində
22260 əcnəbi tələbə təhsil alıb, bu, 2011-ci
illə müqayisədə 10,9 faiz artıqdır. Əcnəbi
tələbələrin sayı ölkə üzrə bütün tələbələrin 9
faizini təşkil edir. |
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |