Böyük Britaniyanın Edinburq Universitetində magistr
təhsili alan Nərgiz Abdullayeva ilə söhbət
Nərgiz
Abdullayeva 1992-ci ildə Bakı şəhərində anadan olub.
2009-cu ildə 214 nömrəli tam orta məktəbi
müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət İqtisad
Universitetinin maliyyə fakültəsinə daxil olub. 1-ci
akademik ili başa vurduqdan sonra universitetdə
beynəlxalq iqtisadi münasibətlər fakültəsi nəzdində
fəaliyyət göstərən Xüsusi İstedadlar Qrupuna daxil olub.
2011-ci ilin may ayında Azərbaycan Respublikası Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron
bələdiyyə" layihəsi üzrə mütəxəssis vəzifəsinə seçilib
və həmin ilin noyabr ayınadək orada fəaliyyət göstərib.
Həmçinin, 2011-ci ilin iyun ayından etibarən 2 ay
müddətində "Azercell" şirkətinin Biznes Planlaşdırma və
İnkişaf Departamentində təcrübə keçib. 2011-ci ilin
noyabr ayında dünyanın 4 ən böyük audit şirkətlərindən
biri olan "Pricewaterhouse Coopers Azerbaijan" şirkətinə
təcrübəçi kimi seçilib. Təcrübə proqramını
müvəffəqiyyətlə bitirdikdən sonra həmin şirkətdə vergi
məsləhətçisi vəzifəsində çalışmaq təklifini qəbul edib.
Bununla yanaşı, Azərbaycan Dövlət İqtisad
Universitetində Xususi İstedadlar Qrupuna hazırlıq
kurslarının təsisçisi olub və könüllü olaraq ingilis
dili və iqtisadiyyat fənlərindən şagirdlər və tələbələr
üçün təlimlər keçib. Hazırda "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində Edinburq Universitetinin
Biznes Məktəbində magistr pilləsi üzrə təhsil alır.
- Xaricdə təhsilə nə vaxtdan qərar verdiniz?
- Ailəmizdə təhsilimə həmişə çox böyük diqqət yetirilib.
Nənəm və babam rus dili, ədəbiyyat müəllimləri
olduqlarından uşaqlıqdan kitablar arasında böyümüşəm.
Çalışqanlıq və liderlik xüsusiyyətlərim, anamın
qiymətlərimə qarşı ciddi yanaşması və tələbkarlığı
sayəsində bütün fənlərdən qiymətlərim əla olub. Lakin
riyaziyyat və xarici dillər daha çox diqqətimi çəkirdi.
2007-ci ildə ingilis dili fənn olimpiadasında şəhər üzrə
birinci yerə layiq görüldüm. Universitet həyatı
başlandıqdan sonra daha da aktiv oldum. Xüsusi
İstedadlar Qrupuna (XİQ) qəbul olmağım ictimai
fəaliyyətimdəki fəallığa böyük təkan verdi. Burada biz
müxtəlif müsabiqələrdə, seminarlarda, yerli və
beynəlxalq layihələrdə mütəmadi olaraq iştirak edirdik.
Məsələn, Latviyanın Baltika Universitetində "Beynəlxalq
idarəetmə" sahəsi üzrə yay məktəbində və Çexiya
Respublikasının Charles University-də "Maliyyə və
mühasibat uçotu" üzrə qış məktəbində uğurla iştirak
etmişəm. Təhsilim daha çox biznes sahəsi ilə bağlı
olduğundan, burada vacib amillərdən biri akademik
biliklərlə yanaşı praktiki biliklərdir. Bunun üçün
bakalavr təhsili dövründə müxtəlif təcrübə
proqramlarından yararlanmağa çalışırdım.
Müəllimlərimizin dünyagörüşü, tədris etdikləri
materiallar və bölüşdükləri təcrübə mənə təhsilimi
xaricdə davam etməyə çox böyük motivasiya verirdi.
Həmçinin, ən əsas məqsədlərimdən biri dünya
səviyyəli mütəxəssis olmaq üçün xaricdə təhsil
almaq idi.
- Dövlət Proqramında iştirakınızı necə xatırlayırsınız?
- Ümumiyyətlə, xaricdə təhsil üzrə Dövlət Proqramı
Azərbaycan gənclərinin inkişafına böyük təkan verir.
Seçim prosesinə gəldikdə isə, bu proses tamamilə şəffaf
və professional şəkildə keçirilir. Təhsil Nazirliyinin
əməkdaşlarının tələbələrin çoxsaylı sual və
müraciətlərinin hər birinə təmkinlə yanaşmaları və tez
bir zamanda həll etmələri təqdirəlayiqdir. Bundan əlavə,
sənəd qəbulunun sistemləşdirilmiş şəkildə təşkili, hər
bir namizəd üçün sənəd qəbulu və müsahibə üçün xüsusi
vaxt ayrılması və ümumi prosesin Proqramın elektron
saytında aydın şəkildə təsviri bu prosesi daha da
asanlaşdırır. Müsahibə zamanı verilən suallar
professional və aydındır.
- Məşhur Edinburq Universiteti və ixtisasınız barədə nə
deyə bilərsiniz?
- Edinburq Universiteti 1583-cü ildə yaradılıb və
dünyanın 6-cı ən qədim universiteti hesab olunur. Böyük
Britaniyanın "QS World Universities Rankings" jurnalının
2013-cü ildə apardığı dünya universitetlərinin
reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı
ali məktəb arasında 17-ci yerdə və Global Employability
University Ranking jurnalının apardığı dünya
universitetlərinin işə qəbul üzrə reytinqinə əsasən
15-ci yerdə sıralanıb. Edinburq Universiteti
Britaniyanın tədqiqat universitetlərini birləşdirən
"Russell Qrupu"na, eləcə də "21 universitet" adlı
beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Burada illərlə əsası qoyulmuş güclü təhsil sistemi var.
Universitet məzunu olan Nobel mükafatçıları, siyasi
liderləri, filosofları və alimləri ilə məşhurdur.
Edinburq Universitetinin məşhur məzunları sırasına Adam
Smith, John Russell, Arthur Konan Doyle və bu il "Hiqqs
mexanizmi" üzrə Nobel mükafatı laureatı olan Edinburq
Universitetinin professoru Peter Hiqqs daxildirlər.
Seçdiyim ixtisasa gəldikdə isə, biznes sahəsində işləmək
mənim uşaqlıq arzum olub. Atamın həkim olduğuna və
anamın həmişə həkim olmağımı istədiyinə baxmayaraq, risk
etmək qərarını verdim və arzumun arxasınca getdim.
Edinburq Universitetində maliyyə sahəsi çox yüksək
səviyyədə tədris olunur. Burada empirik analizə və
akademik araşdırmaların tədrisinə çox böyük əhəmiyyət
verilir. Bundan əlavə, tələbələrdən müasir maliyyə və
statistik proqram təminatlarından istifadə edərək
qabaqcıl araşdırmaların aparılması tələb olunur.
- Universitetdə tədris prosesi necə qurulub?
- Universitetdə tədris prosesi çox işgüzardır.
Müəllimlər və tələbələr arasında münasibətlər azad və
eyni zamanda qarşılıqlı hörmət əsasında qurulub.
Tələbələr dərs zamanı rahat şəkildə öz suallarını, eləcə
də irad və təkliflərini müəllimlərə və professorlara
yönəldə bilərlər. Əlavə etmək istərdim ki, bu hal nəinki
müəllimlər tərəfindən neqativ münasibət yaratmır,
əksinə, müsbət qarşılanır və mövzunun müzakirəsinin
genişləndirilməsinə və dərsin daha da maraqlı olmasına
səbəb olur.
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi
doğrultdumu?
- Xaricdə təhsil almağın ən vacib üstünlüklərindən biri
müstəqil və sərbəst şəkildə yaşamağı öyrənməkdir. Bu,
tələbələrə məsuliyyəti hiss etmək imkanı yaradır, onları
yetkinlik dövrünə hazırlayır və bu dövrdə üzləşə
biləcəyi çətinlikləri sərbəst şəkildə aradan qaldırmağı
öyrədir. Bundan əlavə, xarici ölkədə təhsil almaq
dünyagörüşünü artırmaq, yeni mədəniyyətlərlə, adətlərlə
tanış olmaq, çoxlu dostlar əldə etmək, yeni biliklər və
təcrübəyə yiyələnmək və innovativ ideyalara sahib olmaq
deməkdir. Hazırkı qloballaşan dünyada bütün bu amillər
karyera və fərdi inkişaf üçün çox əhəmiyyətlidir.
- Universitetdə imtahan sessiyası necə keçir?
- Magistr dərəcəsi üzrə tədris ili 3 semestrdən
ibarətdir. İki semestrin hər birində 4 fənn tədris
olunur. Mühazirələrdə iştirak etmək hər bir tələbənin
şəxsi seçimidir. Hər bir fənnin qiymətləndirilməsi iki
hissədən ibarətdir (faiz nisbəti fəndən asılı olaraq
fərqlənir). Öncə semestr ərzində hər bir fəndən komanda
və yaxud fərdi şəkildə layihə işi olur. Adətən layihə
işi müvafiq mövzunu araşdırmaqla bağlı olur. İmtahan
sessiyası hər semestrin sonunda baş tutur. Bu proses
tamamilə anonim şəkildə keçirilir. Suallar yazılıdır və
hər imtahana 2 saat vaxt verilir. 3-cü semestr isə on
beş min sözdən və empirik analiz əsasında qurulmuş
dissertasiya işindən ibarətdir.
- Azərbaycanlı bir tələbə kimi ölkəmizi, mədəniyyətimizi
təbliğ edə bilirsinizmi?
- Edinburq Universitetində azərbaycanlıların sayı elə də
çox deyil. Əksəriyyətini buraya gəlməmişdən öncə və ya
təhsil aldığım, yaxud işlədiyim yerdən tanıyıram. Bu
səbəbdən asudə vaxtlarının əsas qismini bir yerdə
keçiririk. Böyük Britaniya tolerant və çoxmillətli
ölkədir. Burada müxtəlif mədəniyyətlərə, dinlərə və
adətlərə böyük hörmətlə yanaşırlar. Əcnəbilərin
Azərbaycan mədəniyyətinə, yeməklərimizə, adətlərimizə və
dəyərlərimizə olan münasibəti çox müsbətdir. Fevral
ayında burada Azərbaycanın Böyük Britaniyadakı
səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 22-ci
ildönümü ilə bağlı etiraz aksiyası keçirdik. Aksiya
zamanı ictimaiyyət arasında Xocalı faciəsini əks etdirən
mindən artıq məlumatlandırıcı buklet payladıq. Yerli
əhaliyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
və xüsusilə Xocalı faciəsi ilə bağlı dolğun məlumatlar
verdik.
- Dərsdən əlavə vaxtlarınız necə keçir?
- Seçdiyim ixtisas çətin olduğu üçün çox mövzular mənim
üçün tamamilə yenidir. Bu cür çətinlikləri aradan
qaldırmaq üçün asudə vaxtımın çoxunu əlavə materiallar
oxumağa sərf edirəm. Lakin bayramlar və tətillər zamanı
bütün asudə vaxtımı Edinburq və Böyük Britaniyanın digər
şəhərlərini, xüsusilə Londonu gəzməyə sərf edirəm.
Bundan əlavə, universitetimizdə təşkil olunan müxtəlif
maraqlı tədbirlərə qatılıram. Məsələn, "JP Morgan",
"Barclays, Citi group", "BP" kimi şirkətlərin
menecerleri tərəfindən keçirilən biznes seminarlarında,
debatlarda və tələbələrarası müsabiqələrdə fəal iştirak
etməyə çalışıram.
- Gələcək planlarınız?
- Hazırda əsas məqsədim dissertasiyamı müvəffəqiyyətlə
bitirib Azərbaycana qayıtmaqdır.
Oruc
MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |