Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

"Elmlər şahı"nın istedadlı əsgəri

 

Yazının sərlövhəsi söhbətin riyaziyyat üzrə istedaddan gedəcəyini xəbər verir. Bəli, həqiqətən də riyaziyyatdan xüsusi istedad nümayiş etdirən bir məktəblidən söz açacağıq. Elə bir istedaddan ki, artıq özünü bu sahədə təsdiqləyib və  bir sıra sanballı uğurlara imza atıb. Cəmi 11 yaşı olsa da sorağı beynəlxalq olimpiadalardan, bilik yarışlarından gəlir. Özü də bütün istedadlar kimi o da təkcə bir sahədə  qabiliyyət sahibi deyil.  Riyaziyyatı sevdiyi və bildiyi qədər də musiqidə, rəqsdə, rəsmdə xüsusi qabiliyyət nümayiş etdirir və inamlı addımlar atır. Uğurlarından soraq verən diplomlarını, sertifikatlarını, fəxri fərmanlarını, tərifnamələrini saymaqla qurtarmaq olmur.  Oxucuları çox da intizarda saxlamayaraq deyim  ki, təqdim etmək istədiyim istedad "Baku Oxford skool"un V sinif şagirdi Turqay Xaqani oğlu Qaybalıyevdir. Turqay haqqında çox deyilib, çox yazılıb. Elə  bizim məqsədimiz  də budur: onu ictimaiyyətə daha yaxşı tanıtmaq.  Bununla həm ona  inkişaf üçün əlavə stimul vermək, həm də onu digər şagirdlərə örnək göstərmək fikrindəyik.

Turqay Xaqani oğlu Qaybalıyev 2003-cü ildə Bakıda dünyaya gəlib. Valideynləri, xüsusən də anası Güldəstə xanım Turqaydakı istedadı  onun lap erkən  yaşlarından- Turqay hələ yeddi aylıq körpən ikən duyub. "Çoxlu müxtəlif oyuncağı olmasına baxmayaraq Turqay 7 aylığında qələmlə, kağızla maraqlanır, qələmi əlinə alıb kağızda nə isə yazmağa, çəkməyə cəhd edirdi," - deyə anası söyləyir. "Onun bu cidd-cəhdindən fəhm edirdim ki, böyüyəndə ya elm, ya da yazı-pozu adamı olacaq. Musiqiyə marağını da hiss etmişdim. Çox narahat uşaq idi. Yatmırdı. Bir gün yenə də yatmadığını görüb gətirib kaset qoydum, musiqi sədaları altında tezliklə yuxuya getdi. Sonralar da  musiqiyə qulaq asa-asa yatmağa başladı. Bir yaş səkkiz aylığında Turqay artıq  əlində qələm tutub yazmağı bacarırdı. Sonradan həqiqətən də istedadlı olduğunu görüb üstünə düşdük. Onun üçün maraqlı kitablar almağa başladıq. Artıq 4 yaşında Turqay  I sinfin bütün kitablarını oxuyub proqramını mənimsəmişdi".

Sonra valideynləri ona dil öyrətmək qərarına gəlir və Turqaya rus dilini öyrətmək üçün  müəllim tuturlar. Beləliklə, Turqay müəllim Svetlana Petrovnanın köməyi ilə 5 yaşında rus dilini mənimsəyir. Bundan sonra valideynləri ingilis dilini də öyrənsin deyə  balaca Turqayı "British skool"un bağçasına qoyurlar. Burada o, bir il ərzində ingilis dilini də danışıq səviyyəsində mənimsəyir.

T.Qaybalıyev 2010-cu ildə Bakıdakı 160 nömrəli "Klassik gimnaziya"ya birinci sinfə qəbul olunur. Elə ilk ildən  riyaziyyat sahəsində istedadını görən Turqayın ibtidai sinif müəllimi Svetlana Proxorovna onunla xüsusi məşğul olur, bu fənn üzrə yarışlara həvəsləndirir. Balaca Turqayın uğurları da elə birinci sinifdən özünü göstərməyə başlayır.   2010-2011-ci tədris ilində təhsildəki uğurlarına görə gimnaziyanın rəhbərliyi tərəfindən  təşəkkürnamə ilə mükafatlandırılır. Bu onun həyatında ilk  mükafatı olur. II sinifdə oxuyanda riyaziyyat üzrə sinif olimpiadasında II yeri tutaraq  tərifnaməyə layiq görülür. İkinci siniflər arasında riyaziyyat üzrə keçirilən olimpiadada  da fərqlənir (III yer)  və tərifnamə alır. III sinifdə oxuyanda isə "Kosmos" intellektual oyununda I yeri tutur.

2013-2014-cü tədris ilindən təhsilini  "Baku Oxford skool"da davam etdirən Turqay burada da öz istedadı və çalışqanlığı ilə tanınıb. Riyaziyyatı yaxşı bildiyinə  və öyrənməyə səy göstərdiyinə görə burada IV sinif şagirdi olaraq tərifnamə və sertifikatla təltif olunub.  2014-cü ildə məktəb üzrə  riyaziyyat olimpiadasında I yeri  tutub və sertifikat alıb. O, həmçinin məktəbin ictimai həyatında yaxından iştirak edir, buradakı ingilis dili verilişini mütəmadi olaraq Turqay aparır.

Turqayın istedadı və  təhsil uğurları  oxuduğu məktəblərin divarlarını çoxdan aşaraq  paytaxtımızın hər yerinə yayılıb. Belə ki, 2014-cü il mayın 30-da Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən "Azərbaycanın gələcəyi" mükafatına layiq görülüb və müvafiq diplomla mükafatlandırılıb. Bu il dördüncü sinfi yaxşı qiymətlərlə bitirdiyinə görə isə  məktəb tərəfindən sertifikatla təltif olunub.

Lakin  balaca istedad  özünün ən böyük uğuruna  ötən il qardaş Türkiyədə keçirilən V Beynəlxalq Avrasiya Olimpiadasında imza atıb. Belə ki, 17 ölkədən məktəblilərin iştirak etdiyi bu mötəbər  bilik yarışmasında Turqay riyaziyyat üzrə I yeri tutub və qızıl medal alıb. Lakin bu onun Antalya olimpiadasında yeganə mükafatı olmayıb. 21 nəfərdən ibarət komandamız olimpiadanın açılış mərasimində ifa etdiyi rəqs nömrəsinə görə  diplomla mükafatlandırılıb və bu mükafatdan komandamızın ən fəal üzvlərindən biri kimi Turqaya da pay düşüb. Yeri gəlmişkən deyək ki, Turqayın olimpiadada qalib gəlməsində atası Xaqaninin də mühüm rolu olub. Belə ki, Xaqani Qaybalıyev özü də 1990-cı ildə respublika fənn olimpiadasında fizika üzrə I yeri tutub. Turqay olimpiadada qələbəsini belə xatırlayır:

- Antalya olimpiadasına mən də dəvət almışdım. Məktəbə müraciət olunmuşdu və mən də komandanın heyətinə daxil edilmişdim. Bu beynəlxalq olimpiada bütün məktəb fənləri üzrə təşkil olunur. 21 nəfərlik komandamızda da bütün fənlər təmsil olunmuşdu. Mən riyaziyyatdan I yerə çıxdım. Olimpiada tapşırıqları kifayət qədər çətin idi. Lakin mən təklif olunan 8 məsələnin hamısını həll etdim və dəyərləndirmədə ən yüksək - 12 bal yığdım. Komandamızın 18 nəfər üzvü isə ingilis dilindən I, II, III yerləri qazandılar. Onlardan 3-ü yeganə uşaqlar idi ki, riyaziyyatdan yer tuturdu. Bizdə IV sinifdə oxuyan bir oğlan 11 balla II, VIII sinifdə oxuyan bir qız isə III yeri tutdu. Antalya çox xoşuma gəldi. Orada həm də yaxşı istirahət etdik.

Kiçik yaşlarında  qısa bir müddət ərzində musiqi təhsili də alan (rəqsə gedib və Bakıdakı Mstislav Rostropoviç adına musiqi məktəbinin tar sinfində oxuyub) Turqay  riyaziyyat sahəsində istedadının daha da inkişaf etməsində 160 nömrəli "Klassik gimnaziya"nın direktoru Faina Ələkbərova və ibtidai sinif müəllimi  Svetlana Proxorovnanın xidmətlərini yüksək qiymətləndirir və hər ikisinə minnətdarlığını bildirir. Bu balaca istedadın arzusu gələn il də Antalya olimpiadasında iştirak etmək, 3 fəndən - rus dili, ingilis dili və riyaziyyatdan medallar gətirməkdir. Hazırda bu məqsədinə çatmaq üçün səylə çalışan Turqaya biz də uğurlar arzulayırıq. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov