Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 
TƏHSİLİMİZİN UĞURLARI

Beynəlxalq fizika və kimya olimpiadalarının qalibləri

 

Son vaxtlar  şagirdlərimizin bir sıra beynəlxalq fənn olimpiadalarında uğurlar qazanaraq  vətənə  medallarla qayıtmaları xoş bir ənənəyə çevrilib. Dünyanın müxtəlif ölkələrində keçirilən bilik yarışlarında uğurlu çıxışları ilə ölkəmizin təhsil sisteminin inkişafına öz töhfələrini verən şagirdlərimiz Qazaxıstanın  Astana  şəhərində  təşkil olunan 45-ci Beynəlxalq  Fizika  Olimpiadasında da (IPhO-2014)  respublikamızı layiqincə təmsil ediblər. Azərbaycan təhsilinin yetirmələri,  Azərbaycan  Beynəlxalq Təhsil  Mərkəzinin  keçmiş "Dədə Qorqud"   və   Gəncə liseylərinin  şagirdləri  Tural Əliyev  və  Nurlan  Avazlı  bilik yarışmasında  bürünc medallara  layiq görülərək  üçrəngli  bayrağımızı  yüksəklərə qaldırıblar.  Bu il eyni zamanda Vyetnamda keçirilən 46-cı Beynəlxalq Kimya Olimpiadasında Beynəlxalq Təhsil Mərkəzinin keçmiş Gəncə liseyinin 11-ci sinif şagirdi Murad Rəhimov bürünc medal qazanıb. Ağdaş liseyinin 11-ci sinif şagirdi Cavid Əhmədov isə  həvəsləndirici mükafat alıb. Qaliblərlə daha yaxından tanış olaq.


"Güclü rəqiblərin olduğu mübarizədə bürünc medal qazandım" 

Tural ƏLİYEV 

1999-cu il yanvarın 24-də anadan olub. I-VI sinifləri 165 nömrəli tam orta məktəbdə oxuyub. VII sinifdən təhsilini "Dədə Qorqud", daha sonra Bakı liseyində davam etdirib. 7-ci sinfin ilk rübündən başlayaraq fizika fənni üzrə olimpiadaya hazırlaşmağa başlayıb. Olimpiadaya hazırlıq müəllimi Rəşadət Qədiməliyev olub. Tural orta məktəb illərində dərin biliyi, bacarığı, məntiqi təfəkkürü ilə həmyaşıdlarından  seçilib. Müxtəlif  illərdə keçirilən nüfuzlu bilik yarışlarında qazandığı uğurlar bunu  sübut edir.

- Liseydə Fuad Qarayevin rəhbərliyi ilə olimpiadaçılar üçün təşkil olunmuş mərkəzdə hazırlaşırdıq. IX sinifdə oxuyarkən Respublika  fizika olimpadasında  bürünc, X sinifdə isə qızıl medal aldım. Bundan başqa, Azərbaycanı bir neçə ölkədə təmsil etmək şansı əldə etdim.  Bu il Sinqapurda 15-ci Beynəlxalq Asiya Fizika (APHO) olimpiadasında həvəsləndirici sertifikatla təltif olundum. Cari ilin yanvarında Qazaxıstanda keçirilən X Jautikov (İZHO) olimpiadasında gümüş medala layiq görüldüm.  Mənim üçün ən əhəmiyyətli və unudulmaz olan isə Qazaxıstanda  86 ölkədən 374 məktəblinin iştirak etdiyi 45-ci Beynəlxalq Fizika Olimpiadasında (IPHO-2014)  Azərbaycanın üçrəngli bayrağını dalğalandırmaq imkanı qazanmağım oldu. Olimpiadada başqa ölkələrdən (Qazaxıstan, Türkmənistan,Tacikistan,Türkiyə, Honqkonq, Pakistan və b.) şagirdlərlə əlaqə saxladıq. Onların arasında elələri var idi ki, artıq bir neçə olimpiadada yarışırdıq. Güclü rəqiblərin olduğu mübarizədə qalib gələrək bürünc medal qazandım.

 

 

 


"Öz ölkəmin bayrağını yüksəkliklərdə görmək qürurverici haldır" 

Nurlan AVAZLI 

1996-cı il sentyabrın 18-də Goranboy rayonunun Todan kəndində anadan olub. İlk təhsilinə Gəncədə Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbdə başlayıb. Məktəbin qabaqcıl müəllimlərindən Şamama Həsənovanın Nurlanın təhsilində xüsusi əməyi olub. VI sinifdən təhsilini Gəncə liseyində davam etdirib. Nurlan biliyi, bacarığı, dərslərə hazırlığı və çalışqanlığı ilə seçilib. O, bütün fənlərdən yüksək qiymət alsa da təbiət elmlərinə daha çox maraq göstərib.

- VII sinfin ortalarından başlayaraq şagirdlər fənn olimpiadalarına seçmək üçün riyaziyyat və məntiqdən ümumi imtahan verirlər. Bu imtahanların nəticəsinə müvafiq olaraq da ilk yerləri tutan şagirdlərə öz istədikləri fənləri seçmək imkanı verilir. Uşaqlıqdan təbiətə maraq göstərmişəm və daim onun sirlərini açmağa çalışmışam. Məhz bu səbəbdən seçimim fizika oldu. IX sinifdən başlayaraq olimpiadaçılar üçün ciddi hazırlıq mərkəzinə gəldim. Olimpiada koordinatorumuz Fuad Qarayev və fizika müəllimim Rəşadət Qədiməliyevin dəstəyi ilə nüfuzlu beynəlxalq yarışlara hazırlaşmağa başladım. Fərqli ölkələrdə keçirilən olimpiadalara getdim və onlar arasında uğur qazandığım yarışlar oldu. Amma bütün bunlar beynəlxalq olimpiadalara hazırlıq üçün bir növ alternativ olimpiadalar idi. Beynəlxalq Fizika Olimpiadası yay fəslində, daha dəqiq, hər il iyul ayında fərqli ölkələrdə keçirilir. Bu il olimpiada Qazaxıstan Respublikasında keçirildi və yarışmada  86  dövlət  iştirak etdi. Hər dövlətin fizika fənni üzrə ən güclü məktəbliləri (X-XI sinif şagirdləri) bir araya gələrək öz bacarıqlarını sübut etməyə  çalışırdı. Olimpiadanın birinci günü məktəblilər üçün ən çətin olan nəzəriyyə, ikinci gün isə eksperimental  imtahan keçirildi.  Hər imtahanda  suallara  cavab  vermək  üçün  5 saat  vaxt verildi.  İmtahanda topladığımız ballara uyğun olaraq  da  medallara layiq görüldük.  Olimpiadalarda  fərqli  ölkələrin namizədləri  ilə  ünsiyyət  qurmaq  mənə  çox  maraqlı  gəldi.  4 illik çalışmalardan  və  bir sıra  çətinliklərdən  sonra  bürünc  medala  layiq  görüldüm  və  canım  qədər sevdiyim  Azərbaycanın  bayrağını mükafatlandırma səhnəsində dalğalandırdım.  Bayraqlar arasında  öz  ölkəmin  bayrağını  yüksəkliklərdə  görmək, təbii ki,  qürurverici haldır.  Bundan sonrakı  həyatım  və  karyeram  boyu da daim ölkəm və millətimə  xidmət  edəcəyəm.  Unutmamalıyıq ki, Azərbaycan fitri istedadlar ölkəsidir.

Biz də fitri  istedadlar  ölkəsi olan  Azərbaycanı  beynəlxalq  olimpiadalarda layiqincə təmsil edən, öz  qələbələri  ilə  təhsilimizin  uğurlarını artıran Nurlan və Tural  kimi  gənclərimizlə  fəxr edir  və  onlara daha  böyük  müvəffəqiyyətlər  arzulayırıq.


Beynəlxalq Kimya Olimpiadasının bürünc medalçısı 

Murad RƏHİMOV 

1996-cı ildə Göygöl rayonunun  Şəhriyar kəndində anadan olub. 2002-ci ildə L.Məhərrəmov adına Şəhriyar kənd tam orta məktəbinin  birinci sinfinə gedib. VII  sinifdən təhsilini Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin keçmiş Gəncə liseyində davam etdirib.  X sinifdən etibarən kimya olimpiadasına qatılan  Murad ötən il  ilk dəfə Özbəkistanda keçirilən 47-ci Beynəlxalq Mendeleyev Olimpiadasında uğurla iştirak edərək vətənə bürünc medalla qayıdıb.  Həmçinin respublika olimpiadasında bürünc medala layiq görülüb.

Bundan sonra 45-ci Beynəlxalq Kimya Olimpiadasında  da ölkəmizi uğurla təmsil edib.  Moskva şəhərində 16 ölkədən 105 şagirdin iştirakı ilə  keçirilmiş 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medala layiq görülüb.  Murad cari il aprelin  28-də  Rusiya Federasiyası Tatarıstan Respublikasında keçirilən "Nobel ümidləri" kimya olimpiadasında da iştirak edərək I yerə  layiq görülüb.

Qeyd edək ki, növbəti 47-ci Beynəlxalq Kimya Olimpiadası gələn il ölkəmizdə keçiriləcək.

 


Bir ildə üç olimpiadanın qalibi olmuş istedadlı şagird 

Cavid ƏHMƏDOV 

1997-ci ildə Bakı şəhərində anadan olub.  İbtidai  təhsilini İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində alıb.  2012-ci ilin dekabr ayında 33 ölkənin iştirakı ilə Tehranda keçirilən yeniyetmələrin Təbiət Elmləri Olimpiadasında  bürünc medala,  2013-cü ildə Daşkənddə keçirilən 47-ci Beynəlxalq Mendeleyev Olimpiadasında 4-cü yerə, Nigeriyada keçirilən Beynəlxalq Təbiət Elmləri Olimpiadasında isə qızıl medala layiq görülüb.  2014-cü il mayın 11-18-də Moskvada keçirilən 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında 2 nəzəri və bir praktik mərhələnin  nəticələrinə əsasən bürünc medala layiq görülüb.  Beynəlxalq olimpiadalarla yanaşı  respublika kimya olimpiadalarına da qatılan Cavid  2012-ci ildə 4-cü, 2013-cü ildə 3-cü və 2014-cü ildə isə 1-ci yeri tutaraq qızıl medala layiq görülüb.   Bu il aprelin 28-də Rusiya Federasiyası Tatarıstan Respublikasında keçirilən "Nobel ümidləri" kimya olimpiadasında iştirak edərək 1-ci yerə  layiq görülüb. Və bu olimpiadanın nəticələrinə görə 46-cı Beynəlxalq Kimya Olimpiadasında iştirak etmək haqqını qazanıb.

Sonda ölkəmizi dünya  bilik yarışmalarında təmsil edən şagirdlərimizə daha yüksək zirvələri fəth etməyi arzu edirik. 

 

 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov