QOBUSTAN.
Rayon təhsil şöbəsindən aldığımız məlumatda qeyd edilib
ki, Çuxanlı kənd tam orta məktəbi üçün inşa edilən yeni
tədris ocağında son tamamlama işləri aparılır. Yeni
məktəb binası ikimərtəbəli, 180 şagird yerlikdir.
Dövlət vəsaiti hesabına tikilən bu binada idman və
iclas zalları, laboratoriyalar, tədrisin yüksək
səviyyədə aparılması üçün lazımi şərait olacaq. Çuxanlı
kənd məktəbi qarşıdakı dərs ilini yeni binada
qarşılayacaq.
DAŞKƏSƏN.
Daşkəsənin Kəmərqaya, Astaf, Əhmədli, Xoşbulaq
kəndlərində, eləcə də Alunitdağ qəsəbə orta
məktəblərində əsaslı təmir işləri aparılır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, təmir
işləri yeni dərs ilinədək başa çatdırılacaq və şagirdlər
"Bilik günü"nü yeni və müasir tədris ocaqlarında
qarşılayacaqlar.
QUBA.
Rayon təhsil şöbəsindən verilən məlumatda deyilir ki,
dövlət hesabına Afurca kəndində 120, Qımılqışlaq
kəndində isə 240 şagird yerlik yeni tam orta məktəb
binaları inşa olunur. Burada tədrisin yüksək səviyyədə
təşkili üçün bütün lazımi şərait yaradılacaq. Hər iki
məktəb yeni dərs ilində istifadəyə veriləcək.
GÖYÇAY.
Rayonda orta məktəblər üçün yeni binaların inşası və
mövcud binaların əsaslı təmiri, maddi-texniki bazanın
gücləndirilməsi istiqamətində işlər görülür.
RTŞ-dən verilən məlumata görə, dövlət vəsaiti hesabına
hazırda rayonun Müskürlü kəndində 180, Qəbələ-Müskürlü
kəndində isə 80 şagird yerlik yeni məktəb binalarının
tikintisi davam etdirilir. Hər iki məktəbin inşasına bu
ilin yanvarında başlanılıb, hazırda binaların daxilində
və fasad hissəsində işlər görülür. Hər iki təhsil
ocağının növbəti dərs ilində istifadəyə verilməsi
nəzərdə tutulur.
Bundan əlavə, rayonun Alıkənd kəndində tikiləcək 80
şagird yerlik yeni məktəb binasının layihə-smeta
sənədləri hazırlanıb və yaxın vaxtlarda inşaat işlərinə
başlanılacaq.
Qeyd edək ki, ötən il rayonun Ulaşlı-Şıxlı kəndində 220,
Şəkili kəndində 80 şagird yerlik yeni məktəb binaları və
Göyçay şəhər 1 nömrəli uşaq bağçasının yeni binası
istifadəyə verilib.
Son illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Göyçayda 12 yeni məktəb binası tikilib, 9
təhsil ocağı isə əsaslı şəkildə yenidən qurulub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |