Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

"Regional təhsil idarələrinin yaradılmasında məqsəd nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasıdır".

 

Təhsil nazirinin müavini Ceyhun Bayramovun APA İnformasiya Agentliyinə müsahibəsi 

"Hazırda rayon təhsil şöbələrində çalışan təcrübəli və peşəkar kadrlar regional təhsil idarələrində işlə təmin olunacaqlar" 

"Növbəti həftə ərzində nazir Mikayıl Cabbarovun sədrliyi ilə bütün yerli təhsil şöbələrinin iştirakı ilə geniş müşavirə keçiriləcək" 

- Azərbaycan Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda dəyişikliklər edilib, rayon (şəhər) təhsil şöbələri bazasında regional təhsil idarələri yaradılıb. Belə qərarın qəbul olunması hansı zərurətdən qaynaqlanırdı?

- Məlum olduğu kimi, 2013-cü il oktyabrın 24-də Azərbaycan Prezidenti təhsil sahəsində mütərəqqi islahatları nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı təsdiq edib. Strategiyada islahatların aparılacağı 5 əsas fəaliyyət istiqamətlərindən biri � idarəetmədir. Təhsil islahatlarını sistemli şəkildə aparmaq və təhsilin inkişafına daha yüksək töhfələr vermək üçün təhsilin idarəetmə sistemi yenidən qurulmalıdır.

 Burada əsas məqsəd kimi təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması çıxış edir. Müasir təhsili idarəetmə strukturu fəaliyyətin nəticələrinə görə cavabdehlik daşıyan inzibati orqanların formalaşdırılması, regionların sosial-iqtisadi inkişafı üçün tələb olunan kadr hazırlığının təmin edilməsi, tənzimləmə və əməliyyat funksiyalarının bir-birindən ayrılması, akkreditasiya, sertifikatlaşdırma və peşə təhsili üzrə yeni idarəetmə strukturlarının yaradılması, təhsil müəssisələrinin say və növlərinin rasionallaşdırılması, pillələr və səviyyələr üzrə təhsilin strukturunun təkmilləşdirilməsini ehtiva edir. Ona görə də Prezidentin iyulun 24-də imzaladığı Sərəncam idarəetmə sahəsində aparılacaq islahatların başlanğıcı kimi dəyərləndirilməlidir.

 Sirr deyil ki, bir çox hallarda yerli təhsil qurumları daha çox passiv müşahidəçi rolunda çıxış edərək maliyyə və inzibati resurslarının yetərsizliyi səbəbindən qəbul olunmuş qərarların tam və vaxtlı-vaxtında icrasını çətinliklərlə həyata keçirir, məktəblərdəki vəziyyətə, kadrların yerləşdirilməsinə, tədris prosesinin düzgün təşkil olunmasına lazımi dəstək göstərə bilmirdilər. Düşünürük ki, təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin regional strukturlarının yaradılması, onlara geniş səlahiyyətlərin verilməsi ilə yanaşı məsuliyyətlərinin artırılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması nöqteyi-nəzərdən deyil, həmçinin digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq. Nəticə etibarilə müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə yerlərdə təhsilin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılmasını təmin etmiş olacağıq.

- Dəyişikliklər nəticəsində yerli təhsil şöbələri tamamilə ləğv olunacaqsa, rayonda cari təhsil məsələləri hansı səviyyədə və necə həll ediləcək?

- Sərəncamda regional təhsil idarələrinin, belə desək, "sıfırdan" yaradılması nəzərdə tutulmur. Əksinə, onlar 2015-ci ilin yanvarın 1-dək fəaliyyətini davam etdirəcək rayon (şəhər) təhsil şöbələrinin bazasında, sonuncuların transformasiyası yolu ilə yaradılacaq. Təbii ki, hər bir rayonda təhsil məsələlərinə cavabdeh regional idarələrin nümayəndələri olacaq ki, onlar da öz səlahiyyətləri çərçivəsində müvafiq məsələlərin operativ həlli ilə məşğul olacaq, əvvəlki funksiyalarını davam etdirəcəklər.

 Burada bir mühüm məsələyə də toxunmaq istərdim. Təhsil sahəsi geniş mənada təkcə Təhsil Nazirliyinin müstəsna xidmət dairəsinə aid olan sahə kimi qəbul edilməməlidir. Ulu öndərimiz Heydər Əliyev dediyi kimi, təhsil ümumxalq, ümumdövlət işidir. Bütün dövrlərdə dövlət strukturları əl-ələ verib bu vəzifəni müvəffəqiyyətlə həyata keçirməyə çalışıblar. Ona görə Təhsil Nazirliyi də yerli icra hakimiyyəti orqanları ilə sıx əlaqədə bu fəaliyyəti davam etdirəcək və əhalinin ümumi rifahı baxımından öz töhfəsini verməyə çalışacaq.

- Ləğv olunan şöbələrdə çalışan işçilərin aqibəti necə  olacaq,  onların yeni strukturlarda yerləşdirilməsi nəzərdə tutulurmu?

- Yuxarıda söylədiyim kimi, yeni qurumlar əvvəlki təhsil şöbələrinin bazasında yaradılacaq. Təbii ki, hazırda RTŞ-lərdə çalışan təcrübəli və peşəkar kadrlar bu strukturlarda işlə təmin olunacaqlar. Dövlət başçısının sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı növbəti həftə ərzində nazir Mikayıl Cabbarovun sədrliyi ilə bütün yerli təhsil şöbələrinin iştirakı ilə geniş müşavirə keçiriləcək. Müşavirədə o cümlədən, regional idarələrin fəaliyyət istiqamətləri, vəzifələri, struktur quruluşu, ştat sayı və digər məsələlər ətraflı müzakirə olunacaq. Sərəncamın icrası üçün ayrılmış müddət ərzində bütün məsələlər öz həllini tapacaq. 

www.apa.az

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov