Çinin
Anxoy vilayətinin Xefey şəhərində Konfutsi İnstitutunun
təşkilatçılığı ilə bu ölkənin mədəniyyətinə həsr olunmuş
yay məktəbinin başa çatması ilə əlaqədar mərasim
keçirilib.
AzərTAc xəbər verir ki, Anxoy Universitetində təşkil
olunmuş tədbirdə yay məktəbində uğurla iştirak etmiş
azərbaycanlı gənclərə sertifikatlar təqdim olunub.
Konfutsi İnstitutunun Azərbaycan filialının rəhbəri
xanım Hu Fenxua yay məktəbinin əhəmiyyətini yüksək
qiymətləndirib, ölkələrimiz arasındakı dostluq
münasibətindən danışıb. Bildirib ki, Azərbaycanda Çin
dilinə böyük maraq var. Bunun nəticəsidir ki, bir qrup
gənc Çinə səfər edib. Onlar burada tarixi məkanlara baş
çəkib, bu ölkənin incəsənəti və mədəniyyəti ilə tanış
olublar. Azərbaycanlı gənclər, həmçinin mütəmadi olaraq
Çin dili kursunda iştirak ediblər.
Builki yay məktəbinin Konfutsi İnstitutunun yaranmasının
10 illiyinə həsr olunduğunu diqqətə çatdıran Hu Fenxua
Çin dilini öyrənən gənclərin bu ölkəyə səfərinin
əhəmiyyətindən danışıb. Qeyd edib ki, səfər çərçivəsində
onlar yerli ali təhsil müəssisələri ilə tanış olub və
digər məkanlara ekskursiyalar ediblər.
Bakı Dövlət Universitetinin tələbəsi Sənan Qasımzadə Çin
dili üzrə təhsil aldığını və həmişə bu ölkəyə səfər
etmək arzusunda olduğunu diqqətə çatdırıb. O deyib:
Çində gördüklərim məni heyran etdi. Bu ölkənin ecazkar
təbiəti və qonaqpərvər əhalisi mənim yaddaşımdan heç bir
zaman silinməyəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının tələbəsi Afət Mehdiyeva yay
məktəbini uğurla başa vurduğu üçün xoşbəxt olduğunu
bildirib. Vurğulayıb ki, hüquq ixtisası üzrə təhsil
alsam da, Çin dilinə həmişə böyük marağım olub. Konfutsi
İnstitutunun təşkil etdiyi Çin dili kurslarına qatılaraq
bu dilin sirlərini öyrənirəm.
Qeyd edək ki, yay məktəbinin sertifikatını alanlar
arasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin
müxbirləri Səxavət Quliyev və Pərvanə Rəhimova da vardır. |