Ukraynanın paytaxtı Kiyev şəhərində akademik Zərifə
Əliyeva adına Elmi-Tibbi Kitabxananın təqdimatı olub.
Kitabxananın yaradılmasının təşəbbüsçüsü və təsisçisi
Kiyevdə fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına
Beynəlxalq Elmi-Tibbi Mərkəzdir.
Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi
Mərkəzin rəhbəri, əslən azərbaycanlı, tibb elmləri
doktoru, professor Aydın Salmanov AzərTAc-a
müsahibəsində deyib ki, kitabxanada Azərbaycan
alimlərinin elmi əsərləri geniş təqdim olunacaq. Bu,
oxucuların tibb sahəsində Azərbaycan alimlərinin Ukrayna,
ingilis, rus dillərində, eləcə də başqa dillərdə nəşr
edilmiş elmi tədqiqatları ilə tanış olmasına imkan
verəcəkdir.
Kitabxana Azərbaycan alimlərinin tibb üzrə xarici
ölkələrdə yaratdıqları ilk elmi ədəbiyyat depozitarisi
olacaqdır. Onun fəaliyyəti informasiya resurslarının
formalaşdırılmasına və qorunub saxlanmasına, alimlərin,
tələbələrin, aspirantların və tibb üzrə mütəxəssislərin
kitabxana-biblioqrafiya və informasiya təminatına, tibb
sahəsində elmi tədqiqatların və araşdırmaların həyata
keçirilməsinə kömək göstərilməsinə yönəldilib.
Professor Aydın Salmanovun sözlərinə görə, hazırda
kitabxana fondunda 1000-dən çox sənəd toplanıb və
onların sayı daim artırılacaq.
Kitabxananın fondundakı sənədlərdən istifadə elektron
kataloq vasitəsilə həyata keçirilir. Yaxın vaxtlarda
internet şəbəkəsində akademik Zərifə Əliyeva adına
Beynəlxalq Elmi-Tibbi Mərkəzin saytında elektron
kataloqa giriş imkanı yaradılacaq.
Bundan başqa, telekommunikasiya rabitə vasitələrinin
köməyi ilə Azərbaycan, Ukrayna və beynəlxalq informasiya
ehtiyatlarından yararlanmaq da mümkün olacaq. Həmçinin
istifadəçilərə kitabxanalararası abonement, sənədləri
elektron çatdırma xidməti və virtual məlumat bölməsi
xidmət göstərəcəkdir. |