Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz"
İstehsalat Birliyində ödənişli "Yay təcrübəsi proqramı"nın
iştirakçıları ilə görüş olub.
ARDNŞ-in insan resursları departamentindən AzərTAc-a
bildiriblər ki, görüş birliyin idarə və müəssisələrində
ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə
yaxından tanış olmaq və onların proqrama münasibətini
öyrənmək məqsədi daşıyıb.
Məlumat verilib ki, İB-də həm Azərbaycanın və həm də
xarici ölkələrin ali məktəblərində təhsil alan doqquz
tələbə yay təcrübəsi keçir. Haqqı ödənilən təcrübə
birliyin idarəetmə aparatının müvafiq şöbələrində,
həmçinin Suraxanı, Xəzər, Nərimanov və Nəsimi qaz
istismarı sahələrində təşkil olunub.
Artıq dördüncü ildir ARDNŞ tərəfindən respublikanın və
xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan,
Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili
müddətində ödənişli "Yay təcrübəsi proqramı" keçirilir.
Proqramın şərtlərinə görə tələbə ilə müvəqqəti əmək
müqaviləsi bağlanır və o, mütəxəssis qismində işə qəbul
olunur. Tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq
əməkhaqqı ödənilir. Eyni zamanda ARDNŞ işçiləri üçün
mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil
edilir. |