Təhsil Nazirliyi Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli
Azərbaycan Məzunları İctimai Birliyi ilə birgə
sentyabrın 4-dən 13-dək Quba rayonunda Təhsil üzrə Gənc
Liderlər üçün Yay Məktəbi təşkil edəcək.
Bununla bağlı Təhsil Nazirliyi Yay Məktəbində iştirakçı
və spiker (təlimçi) qismində iştirak etmək üçün elan
verib.
Yay Məktəbinin əsas məqsədi təhsil ilə maraqlanan və bu
sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin
müəyyən edilməsi ilə "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə
tutulan məsələlərin həyata keçirilməsinə töhfə vermək və
strateji istiqamətlərdən irəli gələn tədbirlər planının
reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir.
Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə,
debat və TEDx formatında təhsil siyasəti, təhsildə
strateji planlaşdırma, təhsil layihələrinin idarə
olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların
rolu, təhsildə idarəetmə, təhsildə qiymətləndirmə və
monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim
hazırlığında innovativ yanaşmalar və
informasiya-kommunikasiya texnologiyalarının təhsildə
tətbiqi kimi mövzular əhatə olunacaq.
Azərbaycan Respublikasının və ya xarici ölkənin
universitetinin məzunları və ən azı bakalavr dərəcəsinə
malik olan, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" ilə tanış olan,
araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli
ünsiyyət bacarıqlarına malik olan gənclər Təhsil üzrə
Gənc Liderlər üçün Yay Məktəbində iştirakçı və ya spiker
(təlimçi) qismində çıxış etmək üçün müraciət edə
bilərlər. Ətraflı məlumat
http://madad.net/az/announcement45.php,
http://madad.net/az/announcement46.php
internet səhifələrində yerləşdirilib. Müraciət üçün son
tarix avqustun 4-dür. |