Əziz həmvətənlər!
Mübarək Ramazan bayramı münasibətilə sizi və bütün dünya
azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən
səmimi arzu və diləklərimi çatdırıram.
Hikmətlər hikməti olan Qurani-Kərimin nazil olduğu
Ramazan ayı bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi
kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu,
düşüncəsini saflaşdıran əziz bir aydır.
Azərbaycanda milli və dini mərasimlər, o cümlədən
Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli
şəkildə qeyd olunur. Ölkəmizdəki dövlət-din
münasibətləri, vətəndaşların dini etiqad azadlığı milli
qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun
olaraq tənzimlənir. Bu gün dünyanın tolerantlıq örnəyinə
çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər
arasında qarşılıqlı hörmət və etimad mühitinin,
multikultural dəyərlərin qorunması və inkişaf
etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Xüsusi vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi
tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi
ölkəmizdə indi bütün xalqların və dinlərin
nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi
yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən
biridir.
Bu günlər cəmiyyətimiz əsl bayram sevinci ilə yaşayır.
Orucluğun sınağından könül xoşluğu və fərəhlə çıxanlar
dünyanın və ölkəmizin əmin-amanlığı naminə və Vətən
torpağı uğrunda canını fəda etmiş şəhidlərimizin
müqəddəs ruhları üçün dualar edirlər.
Mərhəmət, şəfqət və bərabərlik rəmzi olan Ramazan ayında
inanclı vətəndaşlarımızın tutduğu orucun, etdiyi dua və
niyyətlərin Allah dərgahında qəbul olunmasını diləyir,
bir daha hər birinizin bayramını təbrik edir,
ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət
arzulayıram.
Allah orucunuzu qəbul etsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 2014-cü il |