Əsədli
Vüqar Əfqan oğlu 2001-ci ildə Bakıda anadan olub.
Bakıdakı 238 nömrəli tam orta məktəbin VII sinif
şagirdidir. Uşaq yaşlarından idmanın şahmat növünə
maraq göstərən Vüqar valideynlərinin dəstəyi və razılığı
ilə 7 yaşında 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman
Məktəbində peşəkar və təcrübəli məşqçi-müəllim Cəmil
Ağamaliyevdən bu idman növünün sirlərini öyrənməyə
başlayır.
Nəticələri haqqında onu demək olar ki, Vüqar 2009-cu
ildə Gürcüstanın Batumi şəhərində 18 ölkədən 45
iştirakçı arasında keçirilən Avropa birinciliyində II
yerə layiq görülüb. Bundan başqa, "Bakı Beynəlxalq Open"
turnirində isə 72 iştirakçı arasında fərqlənərək I yerin
sahibi olub. O, 2010-cu ildə Yunanıstanın Saloniki
şəhərində 18 ölkədən 42 güclü şahmatçının qatıldığı
Avropa çempionatında fəxri kürsünün yüksək pilləsinə
çıxaraq Avropa çempionu adını qazanıb. Vüqar 4 dəfə
müxtəlif yaş qruplarında Azərbaycan çempionu olub. Bu il
Gürcüstanın Ureki şəhərində 12 yaşadək uşaqlar arasında
şahmat üzrə keçirilən Avropa kuboku uğrunda yarışlarda
iştirak edib. 10 ölkədən 260-dək şahmatçının qatıldığı
yarışlarda Azərbaycandan müxtəlif yaş qrupları üzrə 59
zəka sahibi qələbə uğrunda mübarizə aparıb.
Təmsilçilərimiz arasında fərqlənən Vüqar bu dəfə də
uğurlu çıxış nümayiş etdirərək qızıl medala sahib
çıxıb.
Bundan başqa, Yunanıstanın Kavala şəhərində 30 təcrübəli
şahmatçı arasında rapid sistemi üzrə keçirilən dünya
çempionatında Vüqar Əsədli II yeri tutaraq dünya
ikincisi olub. O, İran İslam Respublikasının Rəşt
şəhərində keçirilən Xəzər kuboku uğrunda yarışda II
yeri, Gürcüstanın Tbilisi şəhərində keçirilən "Nona
Qaprindaşvili Open" turnirində 16 yaşa qədər 60
iştirakçı arasında II yeri tutub, 11 yaşında oğlanlar
arasında isə Bakı çempionu olub. Arzusu daha böyük
qələbələri ilə ölkəmizi layiqli təmsil etmək və güclü,
dünya şöhrətli şahmatçı kimi tanınmaqdır. |