Azərbaycan
Dövlət Pedaqoji Universitetində bu ali təhsil ocağının
filologiya fakültəsini 1988-ci ildə bitirən məzunlar
müəllim heyəti və həmkarları ilə görüşüblər. Görüşü
giriş sözü ilə açan filologiya fakültəsinin dekanı,
professor Buludxan Xəlilov fakültənin tarixindən
danışıb, burada güclü elmi potensiala malik olan 27
nəfər elmlər doktoru və professorun çalışdığını
vurğulayıb. Sonra dünyasını dəyişən müəllimlərin,
filoloq-alimlərin (Xeyrulla Məmmədov, İsrail Mustafayev,
İsmayıl Şıxlı, Mürsəl Həkimov, Paşa Əfəndiyev, Tağı
Xalısbəyli və başqaları) xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Universitetin dünya ədəbiyyatı kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Tərlan Novruzov,
Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası
kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizxan
Tanrıverdiyev, xarici dillər kafedrasının müdiri
Gülçöhrə Alıyeva, rus dili kafedrasının müdiri Leyla
Vəzirova, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri
(APİ-nin məzunu) Yusif Aslanov məzunları salamlayıb,
xatirələri dilə gətiriblər. Azərbaycan Dövlət Pedaqoji
Universitetində və ümumtəhsil məktəblərində yeni fənn
kurikulumlarının tədrisi metodikasından söz açan
natiqlər ali məktəblərə tələbə hazırlığında orta
məktəb müəllimlərinin üzərinə düşən vəzifələr və müasir
təlim texnologiyalarının tətbiqi ilə əlaqədar fikir və
mülahizələrini bölüşüblər.
Məzunlardan Hüseyn Məmmədov, Qələmnaz Abbasova, Adıgözəl
Hacıyev, Nəsir Əhmədov, Səftər Dadaşov, Məhəbbət
Babayev, Məhəmməd Abdullayev, Adil Şamiloğlu, Zərifə
Sufi (Mikayılova) tələbəlik illərindən yaddaqalan
xatirələrdən danışıb, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin filologiya fakültəsinin məzunu
olmasından iftixar hissi keçirdiklərini bildiriblər.
Məzunlar tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə
ADPU-nun rəhbərliyinə, filologiya fakültəsinin dekanı
B.Xəlilova, 1988-ci il məzunu H.Məmmədova öz təşəkkür və
minnətdarlıqlarını bildiriblər.
Allahşükür KƏRİMOV,
Masallı rayonu N.Orucov adına Şıxlar kənd
1 nömrəli ümumi orta məktəbin direktoru |