Azərbaycan Xalq Komissarları Sovetinin 1938-ci il 14
aprel tarixli qərarı ilə İkillik Müəllimlər İnstitutu
kimi ilk qədəmlərini atmış, 1943-cü ilin payızından
Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji
İnstitutu olaraq fəaliyyət göstərmiş, ulu öndər Heydər
Əliyevin "Azərbaycan Respublikasının təhsil sisteminin
təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli
Fərmanı ilə Universitet statusu almış Gəncə Dövlət
Universiteti respublikamızın təhsil sahəsində layiqli
mütəxəssislərin hazırlanmasında həmişə öz sözünü demiş,
gözəl bir ənənəyə sahib olmuşdur. Bu gün kollektiv bu
ənənəni uğurla davam etdirir, "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın reallaşdırılmasında, təhsilin Avropa
standartlarına uyğun həyata keçirilməsində əzmlə
çalışır.
Universitetin əsas məqsədi yüksək ixtisaslı
mütəxəssislər hazırlamaqdır. "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da qeyd
olunduğu kimi, təhsil sahəsində insan resurslarının
müasirləşdirilməsi əsas məsələdir. Bu məqsədi
reallaşdırmaq üçün ilkin şərt müasir innovativ təlim
metodlarını tətbiq etməyi ustalıqla bacaran, keçilən
dərslərin tələbələr tərəfindən səmərəli mənimsənilməsini
təmin edən səriştəli təhsilverənin formalaşdırılmasıdır.
Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar
universitetimizin intellektual potensialının əsasıdır.
Məlum olduğu kimi təhsilverəni və təhsilalanı təmin
etmək üçün əsas şərtlərdən biri müasir tələbata uyğun
iş və təhsilalma şəraitinin yaradılmasıdır. Professor
Yusif Yusibovun rəhbərliyi altında bu sahədə ciddi
irəliləyişlər açıq-aşkar görünür.
Universitetin dörd tədris korpusu var. Hazırda həmin
korpuslar təhsil, tədris üçün yararlı hala salınmış və
bu sahədə işlər bu gün də davam etdirilir. Sevindirici
haldır ki, korpuslarda müəllim və tələbələr artıq güclü
internet xidmətindən istifadə edə biləcəklər. Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə
"Aztelekom" İB tərəfindən bütün korpuslara fiber optik
kabelin çəkilişi uğurla başa çatdırılmışdır.
İkinci ən mühüm addım "Elektron universitet" layihəsinin
reallaşdırılmasıdır. Cənubi Koreyanın beynəlxalq
əməkdaşlıq təşkilatı olan KOİCA universitetimizin təhsil
və inzibati işlərinin avtomatlaşdırılmış sisteminin
yaradılmasına yardımçı olmağı öz üzərinə götürmüşdür.
İki milyondan artıq vəsait tələb edən olduqca gərəkli bu
layihəni həmin təşkilat könüllü olaraq təmənnasız yerinə
yetirmək üçün işlər aparır. Bunun üçün ilkin hazırlıq
mərhələsi yekunlaşmışdır. Optik kabel çəkilmiş, server
otağı hazırlanmışdır.
Elektron idarəetmə sistemini yaxından mənimsəmək
məqsədilə universitetimizin üç nəfər inzibati işçisi,
altı nəfər mühəndisi təşkilatın mərkəzinə-Koreyanın Seul
şəhərinə göndəriləcəkdir. İnzibati işçilər bir ay,
mühəndislər iki ay həmin mərkəzdə təcrübədə olacaqlar.
GDU-nun hərtərəfli inkişaf etdiriməsi amillərindən biri
ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıqdır.
Bu, hər şeydən əvvəl, mütəxəssis mübadiləsi, təhsil
sahəsində qabaqcıl təcrübənin mənimsənilməsi, elmi və
metodiki sahələrdə yeniliklərin əldə edilməsi, onlardan
bəhrələnmə və dünyagörüşün artması deməkdir. Həqiqətən
professor Yusif Yusibovun işgüzar, səmərəli rəhbərliyi
altında elm və texnika üzrə prorektor Pərvin
Kərimzadənin fəaliyyəti nəticəsində ali məktəblərlə
əməkdaşlıq sahəsində ciddi uğurlar əldə edilmişdir.
Təkcə onu demək kifayətdir ki, son altı ayda qardaş
Türkiyə Cümhuriyyətində "Mövlana" mübadilə proqramı
çərçivəsində iyirmi ali təhsil müəssisəsi ilə
müqavilələr bağlanmış, 70 nəfər müəllim və tələbənin
sənədləri onların komissiyalarına göndərilmişdir.
Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə
istiqamətdə ali məktəblərlə müqavilələr bağlamışdır.
Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq,
Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri
istiqamətində Belarusun Vitebsk, Ukraynanın Poltava
Ticarət və İqtisad Universiteti, Gürcüstanın Tbilisi,
Kutaisi dövlət universitetləri, Özbəkistanın Nizami
adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı
Dövlət, Sumqayıt Dövlət, Texniki universitetləri, AMEA
Aşqarlar Kimyası, Kimya Problemləri institutları, Bakı
Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.
Universitetin beynəlxalq layihə və proqramlarda da
iştirakı istər müəllim, istərsə də tələbə hazırlığında
öz bəhrəsini verməkdədir. Gəncə Dövlət Universiteti
Avropa Şurasına daxil olmayan dövlətlərdə ali təhsilin
inkişafına, Boloniya prosesinin reallaşmasına kömək
məqsədilə yaradılmış və Avropa Şurasının layihəsi olan
"TEMPUS" proqramına qoşulmuşdur. Universitetimiz
kurikulum sisteminin Avropa standartlarına
uyğunlaşdırılması məqsədi daşıyan "CURDEUS", beynəlxalq
əlaqələrin təkmilləşdirilməsi və yenidən qurulmasına
xidmət edən "UNİVİA", əlil tələbələrin təhsilə cəlb
edilməsi məqsədilə yaranmış "ESVİDİP" layihələrində də
yaxından iştirak edir. "CURDEUS" layihəsi çərçivəsində
artıq müəllimlərimiz Polşanın Lodz, Hollandiyanın Leyden
və Portuqaliyanın Dövlət Universitetində təcrübə
mübadiləsi keçiblər.
Bütün dövlətlərdə ali təhsilin Avropa modeli üzrə
inkişafı məqsədinə, müəllim və tələbələrin mübadiləsinə
xidmət edən "ERASMUS" proqramında iştirak etməyimiz
həqiqətən universitetimiz üçün ciddi bəhrə vermişdir. Bu
əməkdaşlıq ilbəil inkişaf etdirilir. Keçən il yalnız iki
tələbəmiz bu proqramdan bəhrələnmişsə, 2014-2015-ci
tədris ilində onların sayı 10 nəfərə çatdırılmışdır.
Həmin tələbələr İtaliyada, Fransada, Polşada və
Finlandiyada bakalavr, magistratura və doktorantura
səviyyələrində təhsillərini davam etdirəcəklər.
Finlandiyadan olan 1 nəfər tələbə layihə çərçivəsində
universitetimizdə təhsil alıb.
Alman Akademik Mübadilə Xidməti olan DAAD-la da əlaqəmiz
mövcuddur. Alman dili kafedrasının müdiri Vüsalə
Kərimovanın təşəbbüsü ilə DAAD təşkilatı alman dili
müsabiqəsi keçirmiş və bu müsabiqədə qalib olan 6 nəfər
tələbəmiz Almaniyanın müxtəlif ali məktəblərində bir
müddət təhsil alacaqlar.
Universitetin fransız dili kafedrası Strasburq
Universiteti ilə ciddi əməkdaşlıq edir. Qeyd etmək
lazımdır ki, xarici dil müəllimliyi (fransız dili)
ixtisası üzrə universiteti bitirmiş tələbələrin
buraxılış işləri və imtahanı fransızlar tərəfindən qəbul
edilir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi müxtəlif
elmi tədbirlərin, o cümlədən respublika və beynəlxalq
elmi konfransların, simpozium və konqreslərin
keçirilməsinə xüsusi diqqət yetirir. Belə ki, Nazirlər
Kabinetinin müvafiq qərarı ilə hər il keçirilən
beynəlxalq və Respublika elmi konfransları Təhsil
Nazirliyinin tabeliyində olan bütün ali təhsil
müəssisələrini əhatə edir. Ali məktəblərdə beynəlxalq
elmi konfransların, simpozium və konqreslərin
keçirilməsi beynəlxalq əməkdaşlıq, təhsilin uğurla
nəticələnməsi, elmi-metodiki təcrübələrin mübadiləsi,
əməkdaşların elmi maraqlarının artması, elmi fəaliyyətdə
məsuliyyətlərinin ciddiləşməsi baxımından olduqca
əhəmiyyətlidir. Bu məqsədlə də Gəncə Dövlət Universiteti
may-iyun aylarında iki genişmiqyaslı elmi konfrans
keçirmişdir.
Universitetdə təhsilin keyfiyyətcə yüksəldilməsində,
nizam-intizamın yaradılmasında və mövcud qüsurların
aradan qaldırılmasında da ciddi uğurlar var. Məlumdur
ki, nizam-intizam olmayan yerdə uğurdan söhbət gedə
bilməz. Rektor Yusif Yusibovun gördüyü təxirəsalınmaz
tədbirlər nəticəsində universitetdə nizam-intizam xeyli
yaxşılaşmışdır. İmtahanların keçirilməsində əsl dönüşə
nail olunmuşdur.
Məlumdur ki, praktik təcrübələrin keçirilməsi məsələsi
həmişə xüsusi diqqət mərkəzindədir. Hətta təcrübələrə
verilən vaxtlar da kifayət qədər artırılmışdır. Son
30-40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar
və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə
zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz
fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan
təhsilin məzmununun formalaşmasında akademik biliklərlə
yanaşı, praktik bilik və bacarıqların, səriştənin
vacibliyinə ciddi məsuliyyətlə yanaşılmalıdır.
Universitetin rəhbərliyi bu sahəyə daim xüsusi diqqət
yetirir. Tələbələrimizin təkcə nəzəri cəhətdən yox, həm
də pedaqoji təcrübə baxımından layiqli mütəxəssislər
kimi yetişmələrinə hər cür imkan yaradılmışdır.
Tələbələrin yaxşı oxumaları onların universitetin
ictimai həyatında, tədbirlərində yaxından iştirak
etmələrinə gözəl bir stimuldur. Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar
"Ulu öndər Heydər Əliyev irsini öyrənirik" mövzusunda
keçirilən bilik yarışında universitetimizin tələbələri
birinci yerə sahib olmuşlar. Onlar həm də müxtəlif
nominasiyalar üzrə respublika musiqi festivalının üç
mükafatına layiq görülmüşlər.
Tələbələrin lazımi səviyyədə təhsil almaları ilə
bərabər, sağlam insan kimi yetişmələri də rəhbərliyin
diqqət mərkəzindədir. Onların idmanın müxtəlif növləri
üzrə hazırlaşmaları üçün universitetimiz hər cür şəraitə
malikdir. Cənab Prezidentin respublikada idmana
göstərdiyi diqqət və qayğının əvəzsiz olduğu hamıya
məlumdur. Universitetimiz də bu doğma qayğıdan qədərincə
bəhrələnmişdir. Tələbələrimiz rəhbərliyin qayğısını dərk
edir, qiymətləndirir, həmişə öndə olmaq üçün səy
göstərirlər. Son vaxtlar şəhər və respublika
yarışlarında, olimpiadalarda qazanılan nəticələr çox
uğurludur.
Göründüyü kimi, uğurlu işlər çoxdur. Universitetin
hərtərəfli inkişafına, Avropa ali məktəbləri səviyyəsinə
çatacağına möhkəm inam və davamlı fəaliyyət var. Amma
görülən işlər, əldə olunan uğurlarla yanaşı problemlər
də vardır.
Universitetin zəngin kitabxanası var. Ümumi fondu 578800
ədəddən çox olan kitabxanada 360500 nüsxədən artıq
ədəbiyyat saxlanılır. Bunlar elmi, dərslik və dərs
vəsaiti, bədii, ictimai-siyasi ədəbiyyatdır. Ancaq bu
xəzinənin saxlandığı yer həddən artıq yararsızdır.
Onların lazımi səviyyədə qorunması, tələbələr üçün
kitabxanadan istifadə şəraitinin, elektron kitabxananın
yaradılması əsl problemə çevrilmişdir. Universitetin
yeni rəhbərliyi bu qüsuru tezliklə aradan qaldırmaq
sahəsində ciddi səy göstərir.
Digər bir çatışmazlıq da tələbə yataqxanası ilə
bağlıdır. Məlumdur ki, uzun illərdir tələbə
yataqxanaları qaçqınların istifadəsinə verilmişdi. Artıq
dövlət tərəfindən tikilmiş binalar onların öhdəsinə
verilmiş, qaçqın ailələri bir nəfər kimi təzə mənzillərə
köçürülmüşdür. Yataqxanalar isə hazırda yarıtmaz
haldadır. Onların tezliklə təmir edilib tələbələrin
ixtiyarına verilməsi universitet qarşısında duran ən
mühüm vəzifələrdəndir. İnanırıq ki, bu məsələ də öz
həllini tapacaqdır.
Əliqulu QULİYEV,
Gəncə Dövlət Universitetinin fəxri professoru, riyazi
analiz kafedrasının dosenti,
Nüvər NƏSRULLAYEV,
həndəsə və cəbr kafedrasının dosenti |