Artıq bir neçə ildir ki, paytaxtın orta ümumtəhsil
məktəblərində vahid məktəbli forması tətbiq edilir.
Məktəbli formasının tətbiqinə 2007-2008-ci tədris
ilindən başlanmış və şagirdlərin uzun illər məktəbə
sərbəst geyimdə gəlmələri nəzərə alınaraq onların
məktəbli formasına psixoloji baxımdan uyğunlaşması üçün
bu proses 3 mərhələdə həyata keçirilmişdir. İlk dəfə
2010-2011-ci tədris ilində I-IV sinif şagirdləri vahid
məktəbli formasına keçib. Sonra isə mərhələli olaraq
yuxarı siniflərin şagirdlərinə vahid formalar tətbiq
edilib. Formaların hazırlanmasına gəldikdə isə bu iş
Bakı Tikiş Evi tərəfindən həyata keçirilir. Görəsən, bu
il formaların hazırlanma prosesində, satışında nə kimi
yeniliklər nəzərdə tutulur? Bununla bağlı suallarımızı
cavablandırmaq məqsədilə Bakı Tikiş Evində (BTE) olduq,
BTE-nin idarə heyətinin sədri Fədail Rəhimovla görüşdük.
-
Fədail müəllim, artıq bir neçə ildir ki, yay tətilində
övladları üçün məktəbli forması əldə etmək valideynlərin
əsas qayğılarından birinə çevrilib. Bu il də istisna
deyil. Öncə bilmək istərdik ki, bu il məktəbli forması
ilə bağlı nə kimi yeniliklər var?
- Anbarlarımız məktəbli forması ilə doludur. Biz ilboyu
tədarükümüzü görürük ki, avqust-sentyabr aylarında
sıxlıq olmasın. Qışdan bəri bütün ölçülərdə formalar
tikilərək anbarlara toplanıb. Bu il də inanırıq ki,
hamıya forma çatacaq. Hazırda bütün növ ölçüdə geyimlə
təminat baxımdan heç bir çətinlik gözlənilmir. Fabrikin
bütün sexlərində qızğın iş gedir. Bir tərəfdə pencəklər,
bir tərəfdə şalvarlar, digər yanda da köynəklər tikilib
ütülənir və asılqanlara vurulub satış məntəqələrinə yola
salınır. Forma və dizayn baxımından bu il məktəbli
formalarında elə bir yenilik yoxdur.
- Bəs formaların keyfiyyəti necədir, alıcıları qane
edirmi?
- Formaların keyfiyyətinə xüsusi diqqət yetiririk.
Türkiyənin "Bossa" firması ilə bağladığımız müqaviləyə
əsasən parçalar və aksesuarlar Türkiyədən gətirilir.
Formalar yüksək keyfiyyətlidir. Uzun müddət istifadə
edilməsinə baxmayaraq rənglər öz effektini itirmir,
yuyularkən kiçilmir. Kimyəvi təmizləməyə davamlıdır.
Bundan başqa, formalar gigiyenik cəhətdən çox
əlverişlidir və sağlamlığa heç bir zərəri yoxdur. Bizim
geyimlərimiz Avropa Birliyi laboratoriyasının,
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin sertifikatını alıb. Bu sənədlər
bir daha təsdiqləyir ki, BTE-nin geyimlərinin uşaqlar
üçün heç bir zərəri yoxdur. Yüksək keyfiyyətin
nəticəsidir ki, şagirdlər bir tədris ili müddətində
geydiyi formanı əgər ölçülərində bir o qədər fərq
olmursa ikinci ildə də rahatlıqla geyə bilir və ya
özündən kiçik bacı-qardaşlarına verirlər. Lakin bunara
baxmayaraq fabrikimiz alıcıların bütün təklif və
rəylərini nəzərə alır. Bununla bağlı BTE-də "Qaynar
xətt" (012 597 45 39) xidməti fəaliyyət göstərir.
Alıcıların hər hansı bir narazılığı olarsa zəng edib öz
təklif və ya iradlarını bildirsinlər.
- Formaların qiyməti və satış məntəqələriniz haqqında nə
deyə bilərsiniz?
-
Formalar 2 hissəyə bölünür: I-VI sinif şagirdləri üçün
26-44 ölçüdə və VII-XI sinif şagirdləri üçün 34-54
ölçüdədir. Məktəbli formalarının qiymətlərinə gəlincə
bu, ölçülərə görə dəyişir. Belə ki, I-VI sinif
şagirdləri üçün (26-44 ölçüdə) dəstin qiyməti 40 manat,
VII-XI siniflər üçün isə (34-54 ölçüdə) 52 manat müəyyən
edilib. Bundan başqa dəstə daxil olan jilet, köynək,
şalvar, yubka və pencəklər də ayrı-ayrılıqda satılır.
Elə ailələr var ki, 3-4 uşaq məktəbə gedir, onların hər
uşağa məktəbli forması almağa imkanı çatmır. Bu məsələ
ilə bizə müraciət edən ailələrə endirim edirik.
Endirimin dəyəri ailədəki uşaqların sayına görə
müəyyənləşir.
Satış məntəqələrimizə gəldikdə isə onların da sayı
ilbəil artır. Hazırda paytaxtın 11 rayonunda 16 satış
məntəqəmiz fəaliyyət göstərir. Bundan başqa Sumqayıtda,
Qubada və Abşeron rayonunda da məntəqələrimiz
müştərilərimizə yüksək səviyyədə xidmət edir.
- Bəzən formalarınızın digər ticarət mərkəzlərində
satışına rast gəlinir. Bu haqda nə deyə bilərsiniz?
- Bakıdakı "8-ci kliometr" bazarında və bəzi ticarət
mərkəzlərində BTE nişanı ilə keyfiyyətsiz, gigiyenik
tələblərə cavab verməyən, uşaqların bədənlərində
allergik səpkilər yaradan, başqa ölkələrdən gətirilmiş
və ya zirzəmi şəraitində tikilmiş məktəbli formalarına
rast gəlinir. Həmin geyimlərin BTE nişanı ilə satılması
iqtisadi cinayətdir. Belə halların qarşısının
qanunvericiliklə alınması yolunda addımlar atılır və biz
də buna qarşı ciddi mübarizə aparırıq. Lakin bizimlə
yanaşı alıcılara da bu kimi hallarda diqqətli olmağı
tövsiyə edirəm. Valideynləri belə məktəbli formaları
almamağa çağırıram. Diqqətə çatdırmaq istəyirəm ki,
saxta formaları seçmək üçün ən çox nəzər yetirilməli
məqam ondan ibarətdir ki, Bakı Tikiş Evinin tikdiyi
formaların qolunda, düyməsində və əsasən də astarında
BTE yazılıb. Bundan başqa, valideynlərə məktəbli
formalarını vaxtında almağı, alış-verişi avqust və
sentyabr aylarına saxlamamağı məsləhət görürəm. Çünki
həmin aylarda mağazalarımızda çox sıxlıq olur.
Müsahibəni apardı:
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |