Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

İşğal altında olan rayonlarımızı tanıyaq

Xocalı

 

Böyütmək üçün şəkili seçinXocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdir (01.01.2010). Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi. Rayonda 1 şəhər, 1 qəsəbə (Əsgəran), 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir.

Rayonun ərazisindən uzunluğu 32 km olan birinci kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmiryolu keçirdi.

İşğala qədər rayonda 56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə, kənd təsərrüfatı və sənaye müəssisələri, aeroport və s. fəaliyyət göstərirdi.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur.

"Xocalının səsi" rayon qəzeti 1991-ci ildən nəşr edilir.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri Xocalı şəhərində məskunlaşmışdılar.

Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m.). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplarından 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçıvanlı kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanlı düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. 

www.virtualkarabakh.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov