Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü
il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" bu gün uğurla həyata keçirilir.
Strategiyanın əsas hədəflərindən biri səriştəli müəllim
kadrlarının yetişdirilməsi və müəllim nüfuzunun
yüksəldilməsidir. Bu baxımdan Azərbaycanda təhsilin
inkişaf tarixinə nəzər saldıqda həyatın mənasını
böyüməkdə olan nəslin təlim - tərbiyəsində görən və gənc
müəllimlərə örnək olan maarifpərvər ziyalılarımızı,
müəllimlərimizi hörmət və ehtiramla xatırlayır, onlarla
qürur duyuruq. Belə ziyalılardan biri yarım əsrdən çox
Azərbaycan maarif və mədəniyyətinə xidmət göstərmiş və
anadan olmasının 125 illiyi qeyd edilən Mirzə Xosrov
Axundzadədir.
X.Axundzadə 1889-cu ildə Şuşa şəhərində, ziyalı
ailəsində anadan olmuşdur. Atası Mirzəli Zeynalabdin
oğlu müəllim olmaqla bərabər şair və musiqişünas idi.
Mirzə Xosrov ilk təhsilini Şuşadakı rus-müsəlman ibtidai
məktəbində almış, sonra Şuşa şəhər məktəbində oxumuş və
oranı 1905-ci ildə bitirmişdir. 1906-cı ildən 1913- cü
ilə qədər Şuşada "Nəşr-maarif cəmiyyəti"nin,
1913-1917-ci illərdə şəhər məktəbində müəllimlik
etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə
məktəblərin milliləşdirilməsinin fəal iştirakçısı olmuş
və anadilli təhsili öz işi ilə təbliğ etmişdir.
1920-ci ildə Şuşada təşkil edilmiş "Nərimaniyyə" və
"Haşimiyyə" məktəbləri əhalinin maariflənməsində
müstəsna rol oynamışdır. Bu məktəblərdə o dövrün
mütərəqqi fikirli müəllim və maarif xadimlərindən Hüseyn
Axundov, Mirzə Camal Yusifzadə, Hüseyn Qayıbov, Hacı
Zalov, Mirzə Bəşir Yusifzadə, Zülfüqar Abdullayev,
Mirzəcabbar Vəzirov və başqaları ilə yanaşı, Xosrov
Axundzadə də çalışırdı.
X.Axundzadə 1928-ci ildə dərs demək üçün Martuni (indiki
Xocavənd) rayonuna göndərilir. 1932-ci ildə yenidən
Şuşaya qayıdan X.Axundzadə müəllimliyini burada davam
etdirməklə yanaşı, eyni zamanda savadsızlığın ləğvi
hərəkatında fəal iştirak edir. Həmçinin 1935-ci ildən
başlayaraq Şuşa şəhər kütləvi kitabxanasının müdiri kimi
geniş maarifləndirici iş aparır.
Şuşa şəhər 7 illik məktəbin ibtidai sinif müəllimi
X.Axundzadə məktəbə ilk dəfə gəlmiş uşaqların təlimi
üzərində böyük əmək sərf etmişdir. O, hər şeydən əvvəl
kiçikyaşlı uşaqlara düzgün yazı və rəvan oxu bacarığı
vermək, onlarda kitaba, elmə həvəs oyatmaq işinə böyük
əhəmiyyət vermiş və buna nail olmuşdur.
X.Axundzadə ədəbi yaradıcılıqla da məşğul olmuş, "Şaiq"
təxəllüsü ilə əruz və heca vəznində yazdığı lirik -
emosional ovqat doğuran nəzm əsərləri ilə tanınmışdır.
Vətənə məhəbbət hissi ilə yaşayan X.Axundzadənin ədəbi
yaradıcılığının əsas bir hissəsini əlyazma şəklində
olan, xalqımızın həyat və məişətini özündə ehtiva edən
270-ə qədər bayatısı və 75 qoşması təşkil edir.
Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa haqqında
yazdığı "Qarabağın tarixi" əsəri, "Şuşanın çayı",
"Qarabağın təsviri" poemaları diqqətəlayiqdir. Qarabağ
tarixinə və ayrı-ayrı məşhur ziyalılara aid verdiyi
məlumatlar bu gün də tarixi həqiqətlər kimi aktualdır.
X.Axundzadənin müxtəlif mövzularda yazdığı satirik şeir
və felyetonları da maraqlıdır. "Haray - aman
müftəxorların əlindən", "İnsaflı diş həkimi", "Əkinçi və
ulaq", "Ağa və nökər", "Özgənin məktubunu oxuma",
"Həkimin adəti", "Pəzəvəng" və s. kimi satirik şeirləri
yüksək tərbiyəvi əhəmiyyətə malikdir.
1956-cı ildə X.Axundzadənin pedaqoji fəaliyyətinin 50
illik yubileyi Qarabağda təntənəli şəraitdə bayram
edilmişdir. Onun vaxtilə dərs deyib tərbiyə etdiyi
onlarca şuşalı sonralar tanınmış ədəbiyyat və incəsənət
xadimi, elm və mədəniyyət işçisi kimi yetişmişdir.
Akademiklər Ələkbər Abdullayev, Səttar Əsədov, Lətif
İmanov, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı
laureatı, əməkdar elm və texnika xadimi Süleyman
Vəzirov, filologiya elmləri doktorları Kamran Məmmədov,
Əkbər Ağayev, Zeynal Tağızadə, professor Sabir Rüstəmov,
Azərbaycan SSR EA-nın müxbir üzvü, əməkdar müəllim Murad
Tutayuk vaxtilə onun şagirdləri olmuşlar.
1956-cı ildən fərdi təqaüdçü olan qocaman müəllim
pedaqoji və ədəbi yaradıcılığına aid əlyazmalarını
sistemləşdirməklə məşğul olmuş, zəngin pedaqoji təcrübə
və müşahidələri əsasında "Pedaqoji mülahizə və
təcrübələrim" adlı əsərini yazmışdır.
Xosrov Axundzadə 1960- cı ilin may ayında çox sevdiyi
vətəni Şuşada vəfat etmişdir.
X.Axundzadənin həyat və yaradıcılığına aid bir sıra
dəyərli arxiv materialları da diqqəti cəlb edir. Belə
ki, 1981-ci ildə respublika Mərkəzi Dövlət Səsyazmaları
Arxivində və 1987-ci ildən isə respublika Dövlət
Ədəbiyyat və İncəsənət Arxivində Mirzə Xosrov
Axundzadənin şəxsi fondları yaradılmışdır.
X.Axundzadənin adının əbədiləşdirilməsi ilə əlaqədar
1991-ci ilin sentyabr ayında Şuşa şəhər XDS İcraiyyə
Komitəsi Şuşa şəhər 3 nömrəli internat məktəbinə onun
adının verilməsini qərara almışdır. 1993-cü ilin
sentyabrında Azərbaycan Respublikası Nazirlər Kabineti
Xosrov Axundzadənin adının Bakı şəhəri 102 nömrəli orta
ümumtəhsil məktəbinə verilməsi barədə Bakı XDS Rəyasət
Heyətinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
razılaşdırılmış təklifinin qəbul edilməsi barədə qərar
vermişdir.
Professor Y.Talıbovun və dosent Pərviz Axundzadənin
"Mənalı həyat" kitabında (Gənclik - 1976) Xosrov
Axundzadənin həyatı və pedaqoji fəaliyyəti
işıqlandırılmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili
Muzeyində Xosrov Axundzadənin şəxsi əşyaları, dərs
proqramları, nümunəvi şagirdlərinin dəftərləri və digər
materialları saxlanılır, ekspozisiyada nümayiş
etdirilir.
X.Axundzadənin zəngin pedaqoji təcrübəsi, ədəbi irsi,
Qarabağa aid tarixi-etnoqrafik məlumatları təhsil və
mədəniyyət tariximizdə layiqli yer tutan mənəvi
sərvətimizdir.
Jalə ƏBİLOVA,
Xalq Təhsili Muzeyinin elmi işçisi |