Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində
Sumqayıt gəncləri üçün yay məktəbinin açılış mərasimi
keçirilib. Mərasimdə şəhər Gənclər və İdman Baş
İdarəsinin rəisi Musa Həsənov layihənin məqsəd və
vəzifələri barədə məlumat verib. Bildirilib ki,
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin
maliyyə dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin
və "Gənc istedadlara dəstək" fondunun birgə
təşkilatçılığı ilə Quba rayonunda təşkil olunan yay
məktəbində ayrı-ayrı sahələri təmsil edən yaradıcı,
istedadlı və ictimai fəal gənclərin öz istəkləri
əsasında iştirakı nəzərdə tutulub.
İyul-avqust ayları ərzində hər həftə Sumqayıt
şəhərindəki Heydər Əliyev Mərkəzindən start götürəcək
yay məktəbi çərçivəsində Quba rayonunun yaradıcı və fəal
gəncləri ilə görüşlər, ümummilli lider Heydər Əliyevin
abidəsinin, Quba Soyqırımı Məzarlığının ziyarət
edilməsi, "Su səsi" istirahət mərkəzində gənclər
arasında debatların, əyləncəli, şən, maraqlı oyunların,
nahar və çay fasilələrinin təşkili, təbiət qoynunda
mənalı istirahət nəzərdə tutulub.
Mərasimdə məlumat verilib ki, ümumiyyətlə, son illərdə
Gənclər və İdman Baş İdarəsi tərəfindən 7500 nəfərə
yaxın yeniyetmə və gəncin Quba və Qusar rayonlarında
mənalı istirahəti təmin edilib.
Yay məktəbinin təşkilində məqsəd Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının qarşıya qoyduğu
vəzifələrin həyata keçirilməsi, gənclərin vətəndaşlıq və
vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə
vaxtının səmərəli təşkil olunmasıdır.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |