Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

"Dövlət Proqramı hər bir gəncə öz potensialını aşkar etməyə imkan verir"

 

Avstraliyanın Queensland Universitetinin tələbəsi Günay Gözəlova ilə söhbət 

Günay Gözəlova 1992-ci il  fevralın  2-də  Bakı  şəhərində  anadan olub.  2009-cu ildə Bakıdakı  18 nömrəli  tam  orta  məktəbi bitirib.  Elə həmin il yüksək balla Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  beynəlxalq  iqtisadi  münasibətlər fakültəsi nəzdində ingilis dilində fəaliyyət göstərən Xüsusi İstedadlar Qrupuna daxil olub.  Təhsil aldığı  müddətdə    özünü  çox  çalışqan  və  məqsədyönlü bir tələbə kimi göstərib.  Praktiki fəaliyyətə də önəm verərək  dünyanın nüfuzlu kompaniyaları olan BP və  Ernst&Young kimi şirkətlərdə, 2011-ci ildə maliyyə bazarları və təşkilatları proqramı  üzrə  Birləşmiş Krallığın Susseks Universitetində (Sussex University), daha sonra  2013-cü ildə siyasi iqtisad proqramı üzrə  Böyük Britaniyanın  London  Kral  Kollecində  (Kings  Kollege London)  təcrübə keçib.  Bu, əlbəttə ki, bir tələbə üçün yüksək göstəricidir. Tələbəlik illərində liderlik bacarığı ilə də seçilib.  Universitetlərarası keçirilən və aparıcı şirkətlərin sponsorluq etdiyi "Bisness Case" yarışmasında məhz onun  iştirak etdiyi komanda birinci yeri tutub. Dəfələrlə ölkə səviyyəsində keçirilən yarışlarda universiteti təmsil etdiyi üçün rektorluq tərəfindən təltif olunub. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Avstraliyanın Queensland Universitetində magistr təhsili alır. Beləliklə də rubrikamızın budəfəki qonağı  Günay Gözəlovadır.

 - Orta məktəb illərində uğurlarınız barədə. Xaricdə təhsil almağa necə qərar verdiniz?

-  Orta  məktəbdə  oxuyarkən  sinif  nümayəndəsi  idim  və  hesab edirəm ki, bu, mənim liderlik bacarıqlarımın inkişafında  önəmli  rol oynayıb.  Orta  məktəbdə ingilis və riyaziyyat  fənlərinə  daha  çox  maraq  göstərmişəm.  Uğurlarım barədə deyə  bilərəm ki, ingilis dili  üzrə  məktəblərarası  fənn  olimpiadasının  qalibi olmuşam  və  universitetə qəbul imtahanında  topladığım  yüksək  bala  görə  fəxri fərmanla təltif olunmuşam.  Xaricdə təhsil almaq barəsində birinci kursdan düşünürdüm,  lakin ADİU  tərkibində  ingilis  dilində təhsil  verən Xüsusi İstedadlar Qrupu olduğundan  planlarımı magistratura təhsilinə  saxladım.

- 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi yaddaşınızda necə qalıb?

- Tələbələrin seçim prosesi kifayət qədər ədalətli,  şəffaf  və  professional şəkildə həyata keçirilir.  Xüsusilə  2013-cü  ildən  başlayaraq  Dövlət  Proqramına  qəbul prosesinə edilən dəyişikliklər təqdirəlayiqdir.  Dövlət  Proqramı  hər  bir  gəncə  öz potensialını aşkar  etməyə və qiymətləndirməyə  imkan yaradır.

- Azərbaycanın təhsil sistemində aparılan islahatlar barədə nə deyə bilərsiniz?

- Mən Azərbaycanda təhsilimi ADİU tərkibində aparıcı fakültələrdən biri olan Xüsusi İstedadlar  Qrupunda  almışam.  Buna görə də özümü şanslı hesab edirəm. Dərslər ingilis dilində xaricdə təhsil almış mütəxəssislər tərəfindən həyata keçirilirdi və ümumi olaraq təhsilin səviyyəsindən razı idim.  Lakin qloballaşma dövrünün tələblərinə uyğun olaraq bir sıra ölkələrdə olduğu kimi, Azərbaycan təhsil  sistemində  də islahatların  aparılması  vacibliyini danmaq olmaz. Xüsusən  də  müəllim  heyətinin  peşəkarlıq  səviyyəsinin və  ya  onların ixtisasının  artırılması  məsələsinə  diqqət yetirilməsinin  vacib olduğunu düşünürəm.  Hazırda  Təhsil Nazirliyinin  bu sahədə  apardığı  islahatları dəstəkləyirəm  və  nəticələrinin də  yaxın  gələcəkdə  öz  bəhrəsini  verəcəyinə ümid edirəm.

- Avstraliyadakı təhsil mühiti barədə fikirlərinizi eşitmək  maraqlı olardı...

- Əsası 1909-cu ildə qoyulmuş Avstraliyanın Queensland  Universiteti  ölkənin 3-cü  ən böyük şəhəri olan Brizbanda yerləşir   və dünyanın  ən  yaxşı  50 universiteti sırasında yer alır.  İxtisasım informasiya sistemlərinin  idarə edilməsi  üzrədir.  Universitetdə  imtahan sessiyası  bir  ay ərzində  başa çatır,  imtahanlar  arasında  bir  neçə  gün  vaxt olur. Ona  görə  semestr  boyunca  oxumaq  lazımdır ki,  materialı təkrarlamağa vaxt qalsın.

- Universitetdə  dərs prosesi necə təşkil olunub?

-  Təhsil ocağında işgüzar mühit hökm sürür. Müəllimlər  və  tələbələr  arasında asılılıq  demək olar ki,  sıfır  səviyyəsinə  endirilib.  Dərslərdə  iştirak  müstəqil seçimdir  və  buna  görə  heç  kimin  qiyməti  kəsilmir.  Yalnız  laboratoriya seminarları  istisnalıq  təşkil edir.  Təhsil sistemi  tamamilə  elektronlaşdırılıb, mühazirəyə  getmədən də  evdən  online  mühazirəni  izləmək  mümkündür.  Tələbə  məsləhət  saatlarına  gedib çətinlik çəkdiyi hissəni  müəllimlə  müzakirə  edə  bilər.

- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz?

- Xaricdə  yaşamaq  və  təhsil  almaq  hər  bir  insanın  dünyagörüşünün  artmasında  çox  mühüm  rol  oynayır.  Müxtəlif  ölkələrin,  mədəniyyətlərin nümayəndələri  ilə  ünsiyyətdə  olarkən  hər  dəfə  yeni  bir  şey  öyrənmiş  oluram. Həmçinin  belə  bir  təcrübə  stereotiplərin  aradan  qalxmasına  və  tolerantlığın artmasına  da  səbəb olur. Oxuduğum  universitet  aparıcı  təhsil  ocaqlarından  biri olduğuna  görə  dünya  standartlarına  uyğun  təhsil  almağım  da  biliklərimin möhkəmlənməsinə,  ixtisasıma incəliklərinə  qədər  yiyələnməyimə  səbəb olur. Tələbələrə  xaricdə  oxuduqları  müddətdə  iş  imkanları  axtarmağı  da  məsləhət görürəm,  çünki  bu  onların  praktikada  öz  biliklərini  tətbiq  etməyə,  həmçinin yeni  bir  mühitdə  çətinliklərin  qarşısını  almaqda  çox  köməklik  göstərəcəkdir.

- Xaricdə təhsil alan bir gənc kimi, sizcə, təhsildə uğur əldə etmək üçün nələr tələb olunur?

- Yuxarıda  qeyd  etdiyim  səbəblərə  görə  xaricdə  təhsil  almağın  tələbəyə  çox böyük  üstünlük  verdiyini  düşünürəm.  Lakin  təhsil  son deyil,  ilk  öncə  tələbələr  hansı  sahəyə  həvəsli  olduqlarını  müəyyən edib,  həmin  sahəyə  uyğun təhsil  almağa  başlasalar  daha yaxşı  olar.  Məsələn,  mən  öz  bakalavr ixtisasımdan  fərqli  sahədə  təhsil alıram,  çünki  zamanla  başa düşdüm ki,  həmin sahə  üzrə  çalışmaq  istəmirəm.  İkinci  bir məsələ tələbələrin    özlərini   sərbəst inkişaf  etdirmə  bacarıqlarına  sahib olmalarıdır.  Məktəbi  bitirdikdən  sonra  hər birimiz  özümüzü  sərbəst  fərd  kimi qəbul etməliyik  və  oxumağa  bir məcburiyyət  kimi yox,  ehtiyac  kimi  yanaşmalıyıq.

- Dərsdənkənar vaxtlarınızı  necə təşkil edirsiniz?

-  Dərslər  və  sosial  həyat  arasında  balans  qurmağa  çalışıram.  Həmçinin  fiziki cəhətdən  də  aktiv  qalmaq  mənim  üçün  çox  vacibdir,  ona  görə  idmanla məşğul olmağı  ancaq  asudə  vaxtlarıma  saxlamıram.  Müxtəlif  cəmiyyətlərə qoşulmuşam,  məsələn, "UQ Dancing Club" (rəqs klubu),  həftənin  bir  günü görüşüb tələbə dostlarımla   rəqslə  məşğul oluruq.  Semestr  sonu  tətildə  isə Avstraliyanın  müxtəlif  şəhərlərinə  səyahət  etməyə  çalışıram.  Artıq Sidney  və Melburnda olmuşam  və gələn  semestr Böyük Rif Səddinə  getməyi planlaşdırıram.

- Uzaq Avstraliyada Azərbaycan mədəniyyətini,  ölkəmizi təbliğ edə bilirsinizmi? 

- Avstraliyada  Azərbaycan  səfirliyi  fəaliyyət  göstərir.  Yaşadığım şəhər  oradan  300 km uzaqda yerləşir. İri şəhərlərin bir-birindən uzaqda yerləşməsi tədbirlərimizin mütəşəkkil  keçirilməsinə,  tələbə cəmiyyətinin  də  effektiv fəaliyyət  göstərməsinə  imkan  vermir.  Buna baxmayaraq biz çalışırıq ki, yaşadığımız  şəhərdə    Azərbaycan  cəmiyyəti  yaradıb  öz  ölkəmizi  təmsil  edək. Hazırda  Brizbanda  10 azərbaycanlı  tələbə oxuyur  və  keçirilən  beynəlxalq tədbirlərdə, festivallarda  Azərbaycan  mədəniyyəti,  adət-ənənələri   barədə məlumat veririk.  Bir  çoxları  üçün  bu  tədbirlər  maraqlıdır.   Ölkəmizin  özünəməxsus  dəyərləri  var  və  qloballaşma  prosesi nə  qədər  sürətlə  gedirsə-getsin,  biz  bu  dəyərləri  qoruyub  saxlamalıyıq.

- Gələcək planlarınız?

- Gələcəkdə öz sahəm üzrə çalışmaqdan  əlavə  informasiya sistemlərinin  idarə edilməsi  üzrə  yerli  universitetlərdə  dərs  demək  və  öz  biliklərimi paylaşmaq istərdim.   Öz  sahəm  üzrə  aparıcı  mütəxəssislərdən birinə  çevrilmək  və ölkəmizin  inkişafına  töhfə  vermək  barədə düşünürəm.

- Biz də sizə ölkəmizi xaricdə  layiqincə  təmsil  etməyi  və  təhsilinizdə  yeni-yeni uğurlar qazanmağı  arzulayırıq.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov