Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

700 bal toplayanlar

 

Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə iyulun 20-də keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. İmtahanlarda qəbul üçün sənəd vermiş 31326 (15562 nəfər II ixtisas qrupu üzrə, 15764 nəfər III ixtisas qrupu üzrə) abituriyentdən 813-ü iştirak etməyib. II ixtisas qrupu üzrə 11079, III ixtisas qrupu üzrə isə 10569 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.  İmtahanlarda II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə - 700 bal toplayıb. Aşağıda onları təqdim edirik.

Qoşqar QƏDİMBƏYLİ  

1997-ci ildə Bakıda anadan olub. 2003-cü ildə 245 nömrəli tam orta məktəbdə birinci sinfə gedib. Burada ibtidai təhsil pilləsini başa vurduqdan sonra təhsilini 287 nömrəli "Zəkalar" liseyində davam etdirib və 2014-cü ildə buradan məzun olub.

"Zəkalar" liseyinin direktoru, əməkdar müəllim Aygün Əhmədlinin dediyinə görə, Qoşqar liseydə çox yaxşı oxuyub. Bütün fənlərdən yüksək qiymətlər alıb, nizam-intizamı ilə seçilib. Ümumiyyətlə, onların sinfi eksperimental sinif kimi nəzərdə tutulub və çox fəal olub. Ən yaxşı müəllimlər bu sinifdə dərs deyiblər. Qoşqar digər şagird yoldaşları  ilə birlikdə bilik yarışlarında, fənn olimpiadalarında iştirak edib, olimpiadanın şəhər turunun qalibi olub. Bu il isə Gənclər və İdman Nazirliyinin reallaşdırdığı "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində keçirilən respublika olimpiadasının finalında gümüş medala layiq görülüb.

Qoşqar yaxşı oxumaqla kifayətlənməyib, qəbul imtahanlarında 700 bal toplamaq üçün də mübarizə aparıb. O, həm də yaxşı şahmatçı kimi  liseydə tanınıb. Şahmat üzrə Avropa çempionatında uğurla iştirak edib. Onun kiçik qardaşı Abdulla Qədimbəyli isə şahmat üzrə ikiqat dünya və Avropa çempionudur.

Bütün bu uğurlarına, eləcə də ictimai işlərdə fəallığına görə Qoşqar liseyin rəhbərliyi tərəfindən qızıl medala təqdim olunub.

Qoşqar özü isə deyir ki, mən 700 bal nəticəsini gözləyirdim. Çünki sınaq imtahanlarında 646-674 arasında bal toplamışdım. Qəbul imtahanlarında da bütün testləri düzgün cavablandırmağıma əmin idim. Elə testlərin düzgün cavabları elan olunanda 700 bal topladığımı yəqin etdim. Lakin bu, tam yəqinlik üçün kifayət deyildi. TQDK-nın imtahanın nəticələri barədəki rəsmi açıqlamasını gözləmək lazım gəlirdi. Bu açıqlama olanda isə mən həqiqətən 700 bal topladığımı bildim və çox sevindim. 


Samir RZAYEV 

1997-ci il iyun ayının 18-də Bakı şəhərində anadan olub. İbtidai məktəbə yaşadığı Binəqədi rayonundakı 246 nömrəli məktəbin 1 "b" sinfində başlayıb. 2007-ci ildə   4-cü sinfi bitirdikdən sonra Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinə daxil olub.  Oxuduğu müddət ərzində müəllimlərin və müdiriyyətin hörmətini qazanıb,  dərslərdə fəallığı və hazırcavablığı ilə seçilib.  

Təlim-tərbiyəsi ilə yoldaşlarına nümunə olub, məktəbdə və məktəbdənkənar bilik yarışlarında fərqlənib. IX sinifdən 2 -ci ixtisas qrupunu seçərək dərsləri ilə daha müntəzəm məşğul olmağa başlayıb. Müəllimləri ilə sıx münasibət qurub, bir çox fəxri fərman və təqdirnamələrlə təltif edilib.

Digər şagirdlərdən fərqli olaraq əlavə müəllim yanına getməyərək, liseyin təşkil etdiyi kurslarda davamlı olaraq iştirak edib.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi sınaq imtahanlarında  600-dən yuxarı bal toplayaraq  yüksək  nəticələr göstərib. Bütün bunlar isə onda özünə olan  inamını artırıb.

Arzusu imtahanlarda maksimum nəticə göstərərək  700  bal toplamaq olub.

Bizimlə söhbətində Samir "700 bal toplayacağını gözləyirdinmi" sualına belə cavab verdi:

- İmtahan testlərinin cavablarını yaxşı yazmışdım. Yüksək bal toplayacağıma əmin idim. Lakin, doğrusu, 700 balı gözləmirdim. O həm mənim üçün, həm də  müəllimlərimə, valideynlərimə, bir növ, sürpriz oldu. Xəbəri eşidəndə çox sevindim.

2-ci ixtisas qrupunu seçməkdə ona biznesə, iqtisadiyyata, maliyyəyə olan marağı kömək olub.  Bu işdə valideynlərinin və müəllimlərinin dəstəyini də alıb.

Hazırda "ADA" Universitetində "Biznesin idarə edilməsi" ixtisası üzrə təhsil almağı düşünsə də gələcəkdə dünyanın daha prestijli təhsil ocaqlarında öz təhsilini davam etdirmək arzusundadır.

Biz inanırıq ki, o, bu arzusunu da gerçəkləşdirərək, vətəninə, ölkəsinə, millətinə layiqli vətəndaş olacaq.  

Hazırladı:
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov