Bu
günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində "Distant
təhsil: gələcəyə baxış" adlı IV elmi-praktik konfrans
keçirilib. Konfransın təşkilatçıları Şoloxov adına
Moskva Dövlət Humanitar Universitetinin Təhsilin
İnformasiyalaşdırılması İnstitutu, Müasir Təlim
Texnologiyaları Mərkəzi, mədəniyyətlərarası və
çoxdillilik kommunikasiyası üzrə Beynəlxalq elmi metodik
şura, Rusiya Dövləti Hidrometeorologiya Universiteti və
s. ali təhsil ocaqlarıdır. Konfransın ilk günü Rusiyanın
"Distant Təhsil" kompaniyasınn baş direktoru Svetlana
Pavlova tərəfdaşları və təşkilatçıları adından gələn
qonaqları salamlayaraq tədbirin açılışını elan edib,
sonra isə sözü çıxışçılara verib. Konfransın birinci
günü Moskva Dövlət Humanitar Universitetinin Təhsilin
İnformasiyalaşdırılması İnstitutunun direktoru,
pedaqogika elmləri namizədi Marina Efimovna Vayndorf
"Texnologiyaların müasir tədrisə uyğunlaşdırılması"
mövzusunda çıxışı dinlənildi. Sonra "Yaklass"
kompaniyasından maraqlı təqdimat olub.
Rusiyanın Müasir Təhsil Texnologiyaları Mərkəzinin
direktoru Serqey Bulanov "Kompetensiya. Yeniləmə" adlı
mövzuda məruzə ilə çıxış edib. Fasilədən sonra Rusiyanın
ali təhsil ocaqlarından, orta məktəblərindən gələn
müəllimlərə çıxış üçün söz verilib.
Konfransın ikinci günü Təhsil Problemləri İnstitutunun
Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri,
respublikanın əməkdar müəllimı Almaz Həsrət
"Müəllimlərin ixtisasartırılmasında distant təhsilin
rolu" mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Məruzə
vörkşop xarakterli idi. Çıxış konfrans iştirakçıları
tərəfindən çox bəyənilib. 4 gün ərzində davam edən
elmi-praktik konfrans internetdə sosial şəbəkədə
yaradılmış ayrıca eyniadlı Facebook (yazılı) səhifəsində
və canlı izləmək üçün isə Youtube-la yayımlanıb.
Təqdimatın sonunda konfrans iştirakçılarını Azərbaycan
təhsil sistemi ilə bağlı maraqlandıran bütün suallar
Almaz Həsrət tərəfindən cavablandırılıb. Konfrans
iştirakçıları Azərbaycanın təhsil sistemində olan
inkişafyönümlü uğurları barədə eşitdiklərinə görə
"Distant Təhsil"ə dair keçiriləcək növbəti konfransın
məhz Azərbaycanda olmasını arzuladılar. Həm Azərbaycanla
daha yaxından, həm də uğurla davam edən təhsil sistemi
ilə yerindəcə tanış olmaqdan ötrü Bakıya gəlmək
istədiklərini bildiriblər.
Rusiyanın kreativ təhsil layihələri üzrə direktorunun
müşaviri, professor Aleksandr Sergeyeviç Prutçenko
təhsilverən və təhsilalanların məktəb-idarəetmə
layihələri barədə geniş məruzə ilə çıxış edib.
Çıxışların sonunda çox zəngin müzakirələr aparılıb.
Konfransın sonrakı günlərində dünya təhsil sistemində
distant təhsil və onun son nailiyyətləri ilə bağlı çox
geniş maraqlı təqdimatlar olub, mövzular ətrafında
müzakirələr aparılıb. Distant təhsil tətbiq olunmuş
ölkələrdə onun nəticələrinin araşdırılmasına dair
müəllimlərin özlərinin praktik işləri də təqdimatlarla
nümayiş etdirilib.
Konfransa Azərbaycandan İlham Vəliyev (Bakı şəhəri, 264
nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi),
Rövşən Bağırov (Astara rayonu, N.Əliyev adına Maşxan
orta məktəbinin tarix müəllimi), Vəfa Vəliyeva (Bakı
şəhəri, 189 nömrəli tam orta məktəbin informatika
müəllimi), Könül Təhməzova (Bakı şəhəri, Bülbül adına
orta məktəbin ibtidai sinif müəllimi) qatılıblar.
Elmi-praktik konfransda müəllimlərin distant təhsilə
keçidlə bağlı tədris proseslərində peşəkarlıqlarının
artırılmasına dair "ustad dərslər" də verilib. Dərslərin
darıxdırıcı mühitdən müasir şagirdlərin maraqlarına
uyğun olan fəal dərsə necə çevirməyin yolları və
mexanizmlərinin də araşdırılması, bu sahədə görülən
işlər və əldə olunmuş nəticələr barədə maraqlı
müzakirələr və diskussiyalar da aparılıb, çoxlu çıxışlar
olub.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim
edilib.
Ramal İBRAHİMOV,
Səbinə İSMAYILOVA,
BDU-nun jurnalistika fakültəsinin I kurs tələbələri |