Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

TQDK imtahanların nəticələrini açıqladı

 

 İyulun 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri iyulun 22-də açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumatlara görə, imtahanlarda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq öz nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan nəticələrinə dair məlumat vərəqini isə İnternet vasitəsilə əldə etmək olar.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 31326 (15562 nəfər II qrup üzrə, 15764 nəfər III qrup üzrə) abituriyentdən 813 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 30513 abituriyentdən 33 nəfəri isə qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

II ixtisas qrupu üzrə 11079, III ixtisas qrupu üzrə 10569 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə - 700 bal toplayıb.

II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

- Ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan;

- Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

III  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

- Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan.

- Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində    dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcəkdir. 

TQDK abituriyentlərin nəzərinə çatdırır ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaqdır. Qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri "Abituriyent" jurnalının 4-cü sayında təqdim olunub.

İxtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər çap edilib.

Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.

Xatırladılır ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov