Naxçıvan
Dövlət Universitetində Fransanın Azərbaycandakı
səfirliyinın təşkilatçılığı ilə Naxçıvan Muxtar
Respublikasının fransız dili müəllimləri üçün 21-25 iyul
tarixlərində beşgünlük pedaqoji təcrübə təşkil olunub.
Pedaqoji təcrübə başlamazdan əvvəl NDU-nun rektoru,
AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov
Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və
mədəniyyət attaşesi Vənsan Lorenzinini və digər
qonaqları qəbul edərək universitetdə dünya təhsilinə
inteqrasiya istiqamətində görülən işlərdən danışıb. Qeyd
olunub ki, 80-dən çox tanınmış dünya universiteti ilə
beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəbdə
300-dən çox xarici vətəndaş ali təhsil alır. Müxtəlif
beynəlxalq layihələrdə uğurla təmsil olunan
universitetdə Avropa dillərinin, eləcə də fransız
dilinin, ədəbiyyatının tədrisinə xüsusi əhəmiyyət
verilir. Hər il keçirilən ənənəvi Frankofoniya
bayramı vasitəsilə tələbələrdə fransız dilinə,
tarixinə və mədəniyyətinə maraq yaradılır. Rektor,
Fransanın Azərbaycandakı səfirliyinin ali məktəblər
arasındakı əməkdaşlığın genişləndirilməsi
istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək
ölkələrarası əlaqələrin inkişafında elm və təhsil
sahəsindəki tərəfdaşlığın rolundan bəhs edib. Qeyd
olunub ki, Naxçıvanda ilk dəfə tanınmış
mütəxəssislərin iştirakı ilə keçiriləcək pedaqoji
təcrübə fransız dilinin mənimsənilməsi və tədrisi
baxımından faydalı olacaq.
Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və
mədəniyyət attaşesi Vənsan Lorenzini Azərbaycan və
Fransa arasında bir çox sahələrdə, o cümlədən elm və
təhsil sahəsində əməkdaşlığın inkişafından danışıb,
səfirliyin təşkilatçılığı ilə həyata keçiriləcək
"Village français" (Fransız şəhərciyi) adlanan pedaqoji
təcrübə və digər layihələr haqqında məlumat verib,
"Fransa - Azərbaycan: yüksək səviyyəli tərəfdaşlıq" adlı
yeni nəşri universitet rəhbərliyinə təqdim edib. Görüşdə
gələcək tərəfdaşlıq məsələləri müzakirə olunub.
Sonra pedaqoji təcrübəyə start verilib. Qeyd edək ki,
Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və
mədəniyyət şöbəsinin (SCAC) və Azərbaycanda Fransız
İnstitutunun (İFA) təşkil etdiyi bu pedaqoji təcrübə hər
il Azərbaycanın müxtəlif rayonlarında keçirilir. Sayca
onuncu, Naxçıvan Muxtar Respublikasında isə ilk dəfə
keçirilən "Fransız şəhərciyi" adlı pedaqoji təcrübə
zamanı iştirakçılar fransız xalqının nümayəndələri,
fransız dili mütəxəssisləri ilə ünsiyyətdə olacaq, bu
dildə fəal şəkildə dialoq quracaqlar. Pedaqoji təcrübədə
muxtar respublikada fəaliyyət göstərən 40-a yaxın
fransız dili müəllimi iştirak edəcək. Pedaqoji təcrübə
zamanı Parisdən dəvət olunan fransız dili müəllimləri
xanım Selin dü Şene və Mişel Bondüran, Azərbaycanda
Fransız İnstitutunun müəllimi xanım Elsa Furtado fransız
dilinin qrammatikası, leksikologiyası və semantikası ilə
bağlı mövzular tədris edəcək, praktiki məşğələlər
aparacaqlar. Sonda pedaqoji təcrübə keçən müəllimlərə
sertifikatlar təqdim olunacaq.
Mehriban SULTAN |