Təhsil
naziri Mikayıl Cabbarov facebook səhifəsində media
nümayəndələrini milli mətbuatımızın yaranma günü
münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
- Əziz media nümayəndələri!
Milli mətbuatımızın yaranma günü təkcə peşə bayramı
deyil, həm də söz, milli düşüncə və mədəniyyət
hadisəsidir. Əgər biz 139 il əvvələ boylansaq görərik
ki, yeni yaranan "Əkinçi", "Kəşkül", "Kaspi"
qəzetlərinin, "Molla Nəsrəddin", "Füyuzat" və digər o
dövrdə nəşr olunan mətbuat orqanlarında əsas məzmun və
mahiyyət milli intibah, maarif işığı, mədəniyyət təməli
və tərəqqi ünvanıdır. Bu da mətbuatın təsir gücünün və
yeni ideallar uğrunda apardığı mübarizənin ayrı-ayrı
xətləri idi. Maraqlısı odur ki, Azərbaycanda milli
mətbuatın əsasını qoyan insanlar həm də müəllimlər
olublar. Ona görə də o dövrün mətbuatı əsas hədəfə -
milli dövlətçiliyin yaranması amalına nail ola bildi.
Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Ömər Faiq
Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu,
Mirzə Ələkbər Sabir, Mirzə Cəlil və onlarca digər
azərbaycanlı müəllim, milli mətbuatımızın əsasını qoyan
insanlar kimi, həm də maarif işiğını bu yolla
yayırdılar. Bu dövrdə yaranan bir çox mətbuat
nümunələrinin adları da çox zaman maarif sözü ilə birgə
çəkilirdi.
Hörmətli dostlar!
Azərbaycanın yeni cəmiyyət quruculuğu, milli
təhsilimizin inkişaf tendensiyaları həm də mətbuatımızın
güzgüsündə əks olunur. Biz hər zaman bu güzgünün şəffaf
olmasını arzulamışıq.
Gördüyümüz hər bir işin iştirakçısı həm də media olub.
Biz təhsilimizin yeni hədəflərinə doğru media ilə
birlikdə addımlayırıq. Bu da bizim üçün çox
əhəmiyyətlidir. Yeni yanaşma və addımlarımızın
keyfiyyətcə hansı mərhələyə qədəm qoyması həm də
medianın üzərinə ciddi öhdəliklər qoyur. Bu
əməkdaşlıqdan məmnunam və media nümayəndələrinin peşə
bayramını təbrik edirəm! |