Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24
oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"na əsasən təhsilin nəticələrinə görə
cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin
formalaşdırılması, maliyyə və inzibati resurslarının
vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil
idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat
qurulması ölkənin təhsil sahəsinin qabaqcıl dünya
standartları səviyyəsinədək təkmilləşdirilməsi
prosesində başlıca vəzifələrdəndir.
Struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət
göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam
təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının
artırılmasına, təhsilalanların və təhsilverənlərin hüquq
və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin
reallaşdırılmasına xidmət etməlidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunu
təkmilləşdirmək məqsədi ilə, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı
regional idarələri yaradılsın:
1.1. Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon
təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil
İdarəsi;
1.2. Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil
şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi;
1.3. İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil
şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi;
1.4. Şəki şəhər, Oğuz və Qəbələ rayon təhsil şöbələrinin
bazasında Oğuz Regional Təhsil İdarəsi;
1.5. Balakən, Zaqatala və Qax rayon təhsil şöbələrinin
bazasında Balakən Regional Təhsil İdarəsi;
1.6. Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin
bazasında Ağstafa Regional Təhsil İdarəsi;
1.7. Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil
şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi;
1.8. Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy,
Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin bazasında
Gəncə Regional Təhsil İdarəsi;
1.9. Yevlax və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon
təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil
İdarəsi;
1.10. Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd
rayon təhsil şöbələrinin bazasında Tərtər Regional
Təhsil İdarəsi;
1.11. Ucar, Zərdab, Kürdəmir və Göyçay rayon təhsil
şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi;
1.12. Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil
şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi;
1.13. Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala,
Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin bazasında
Salyan Regional Təhsil İdarəsi;
1.14. Masallı, Yardımlı və Cəlilabad rayon təhsil
şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi;
1.15. Lənkəran şəhər, Astara və Lerik rayon təhsil
şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi.
2. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturu" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3.4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı
zəruri maliyyə və maddi-texniki təminat məsələlərini
həll etsin;
3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
və normativ xarakterli aktların bu Sərəncama
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təhsil
sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş
maliyyələşməyə keçməsini təmin etsin.
6. Bu Sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2014-cü il |