İyulun 24-dən avqustun 2-dək dünyasını vaxtsız dəyişmiş
Azərbaycanın görkəmli şahmatçısı, beynəlxalq
qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş
8-10-12 yaşlı uşaqlar arasında beynəlxalq şahmat turniri
keçiriləcəkdir. Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Faiq Həsənovdan aldığımız məlumata
görə, turnirdə 8-10-12 yaşa qədər oğlan və qızlar,
dünya və Avropa çempionatlarının mükafatçıları,
Azərbaycan çempionatında 1-3 yerləri tutan şahmatçılar
və I dərəcəsi olan şahmatçılar iştirak edə bilərlər.
Yarış İsveçrə sistemi üzrə keçiriləcək.
Doqquz turdan ibarət olacaq Vüqar Həşimov memorialının
qalibi Şahmat Federasiyasının hesabına Batumidə
keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa
çempionatına ezam ediləcək. Qalib şahmatçı, eyni
zamanda, Vüqar Həşimov kuboku ilə təltif olunacaqdır.
Gümüş medalçı "Baku Open 2014", bürünc mükafatın sahibi
isə "Naxçıvan Open 2015" beynəlxalq şahmat
festivallarına qatılacaq.
Hər yaş qrupunun qalibləri qiymətli hədiyyələrlə, medal
və diplomlarla təltif olunacaqlar. |