Müasir
dövrümüzdə Azərbaycan ədəbiyyatşünaslığı fundamental
addımlar atır. Bu addımlar Azərbaycan təsəvvüf
ədəbiyyatı irsinin öyrənilməsi, üzə çıxarılması və
təbliği istiqamətindədir. Son dövrlərdə təsəvvüf
şairlərinin divanının, təriqət rəhbərlərinin elmi-nəzəri
əsərlərinin üzə çıxarılaraq nəşr edilməsi prosesini
izlədikcə alimlərin böyük zəhməti hesabına gördüyü
işlərə laqeyd qalmaq mümkün deyildir. Belə
riqqətəgətirici təşəbbüskarlardan biri filologiya
elmləri doktoru, professor Azadə Musayevadır. XX əsrdə
Azərbaycan alimlərindən yalnız Məhəmmədəli Tərbiyətin
"Danişməndani-Azərbaycan" adlı ensiklopedik əsərində adı
çəkilən Dədə Ömər Rövşəninin ədəbi-bədii irsinin elmi
ictimaiyyətə çatdırılması, tanıtdırılması görkəmli
alimimiz Azadə Musayevanın adı ilə bağlıdır. Belə
fundamental işin görülməsinin əsl səbəbkarı kimi
A.Musayeva mərhum professor Cahangir Qəhrəmanovu
dəyərləndirərək, bir alim kimi qədirşünaslığını ortaya
qoymuş olur: "Mərhum direktorumuz Cahangir müəllim
Qəhrəmanov (Allah ona rəhmət eləsin!) növbəti ilin
planına salınmaq üçün özünün dediyi kimi,
"dissertabelni", "perspektivli" bir mövzu götürməyimi
xeyirxahcasına, təkidlə israr edirdi. Mövzu ilə əlaqədar
tələbi ənənəvi olaraq belə idi: əlyazma olsun, əlyazma
institutumuzda olsun, müəllif azərbaycanlı və ya
Azərbaycanla bağlı olsun. Təcrübəsiz və gənc olduğumdan
mövzu seçmək mənim üçün, təbii ki, çətin idi.
Təsadüfiliyini deyə bilmərəm, amma həm də Şərq əlyazma
kataloqları əsasında "Xarici ölkələrdəki Azərbaycan
əlyazmalarının toplu kataloqu" üçün material toplamaqda
idim. Beləcə, mövzu haqqında düşünə-düşünə masanın
üzərində, qarşımda olan "İstanbul kitablıqları türkcə
yazma divanlar kataloqu"nu vərəqləyir, Azərbaycanla
bağlı əlyazmalarını üzə çıxarmağa səy göstərirdim ki,
Dədə Ömər Rövşəninin əlyazma nüsxələri ilə rastlaşdım.
Haqqında bilgi toplayarkən, əslən Türkiyənin
Aydın-Gözəlhisar elindən olan bu sufi şairin ilk
gəncliyində Azərbaycana gəldiyini, institutumuzda
əlyazmalarının varlığını öyrəndim. Beləliklə, münasib
sayılaraq, "Rövşəni və əsərlərinin elmi-tənqidi mətni"
mövzusu təsdiqləndi. Dissertasiya işimi yazmağa
başladım". A.Musayevanın mövzunu götürməsi tarixçəsini
müəllifin öz dili ilə verməkdə məqsədimiz C.Qəhrəmanovun
bir təəssübkeş alim kimi uzaqgörənliyini nəzərə
çatdırmaqdır. Ustadının xeyir-duasını almış
A.Musayevanın təsəvvüf ədəbiyyatını tədqiq etmə niyyəti
böyük araşdırmalara, bir elmi-ədəbi fəaliyyət cığırının
açılmasına səbəb oldu. Bu istiqamətdə 1976-cı ildən
günümüzə qədər bir çox elmi araşdırmaların əsası
qoyuldu, təsəvvüf şairlərinin əsərləri işıq üzü gördü.
Bu sahədə fəaliyyət göstərən alimlərdən Azadə Musayeva,
filologiya üzrə fəlsəfə doktoru, professor Mehmet
Rıhtım, filologiya elmləri doktoru, professor Möhsün
Nağısoylu, filologiya elmləri doktoru, professor Nəsib
Göyüşov, filologiya üzrə fəlsəfə doktoru, dosent
Nəzakət Məmmədlinin adlarını xüsusi qeyd etmək
lazımdır.
Azadə Musayevanın elmi əsərindən məlumatlanırıq ki,
"Dədə Ömər Rövşəni orta əsrlər türkdilli ədəbiyyatının
görkəmli nümayəndələrindəndir". Alimin təsəvvüf
ədəbiyyatı ilə bağlı araşdırmasını Dədə Ömər Rövşəni ilə
başlaması sələflər və xələflər arasında bir körpü
mənziləsindədir. Dədə Ömər Rövşəninin öyrənilməsi Seyid
Yəhya Bakuvi irsinin üzə çıxarılmasının bir qismət
çəyirdəyi oldu, deyə bilərik. Rövşəninin tələbəsi Şeyx
İbrahim Gülşəni Bərdəinin də ədəbi taleyinin davam
etdirilməsi məhz bu ilk təşəbbüsə bağlıdır. Təsəvvüf
tarixinin öyrənilməsi Azərbaycan elminin inkişafının
Şərq ölkələri tərəqqisində xüsusi rolu haqqında daha
geniş və əsaslı tədqiqatlara imkan qazandırır.
Azadə Musayeva ilk tədqiqatında yazır: "Yaradıcılığı
Azərbaycan poeziyası tarixi ilə qırılmaz tellərlə bağlı
olan Rövşəninin XV əsr Azərbaycan filosofu Seyid Yəhya
Bakuvi, şair Gülşəni Bərdəi ilə ədəbi-məfkurəvi
yaxınlığı, Qaraqoyunlular və Ağqoyunluların hakimiyyəti
dövründə Gəncə, Bərdə, Bakı, Təbriz və Şirvanda keçən
həyat və yaradıcılıq yolu ötən əsrlərdən bəri ətraflı
tədqiqini gözləyən məsələlərdən biridir. Türk
tədqiqatçısı Qasım Kufralı zamanında "Rövşəninin
şöhrətinin bütün Azərbaycana yayıldığını" göstərir".
Azərbaycan ədəbiyyatşünaslığı artıq bu məsələləri
həlletmə mərhələsindədir. Azadə Musayevanın və bu sahədə
çalışan digər alimlərin elmi araşdırmalarının bu gün
ciddi səylə təbliği gəncliyimizin yetişməsi yolunda
böyük faydalar verə biləcəyi qənaətindəyik. Yetişən
nəsildə Azərbaycan xalqının elmi təfəkkürünün gücünə
inam yaratmaq üçün Seyid Yəhya Bakuvi, Şeyx İbrahim
Gülşəni Bərdəi kimi alim və ədiblərin şöhrətini
elmi-pedaqoji ictimaiyyətə çatdırmaq zəruridir. Bunun
üçün hələ ancaq haqqında bəhs etdiyimiz Azadə Musayeva
kifayət qədər elmi əsərlər ortaya qoymuşdur: "Dədə Ömər
Rövşəni əlyazmaları üzərində araşdırmalar, 2 cilddə
(Bakı, Nurlan, 2003), Şeyx İbrahim Gülşəni Bərdəi.
Divan. /Əlyazma qaynaqları əsasında nəşrə hazırlayan və
ön sözün müəllifi Azadə Musayeva/, (Bakı, Avrasiya
Press, 2006) Azadə Musayeva. Şeyx İbrahim Gülşəni Bərdəi
və türk "Divan"ı. 2 cilddə (Bakı, Elm və təhsil, 2012),
Azadə Musabəyli. Dədə Ömər Rövşəni və külliyatı (Bakı,
Elm və təhsil, 2013), Azade Musabeyli. Dede Ömer Ruşeni
ve Külliyyatı. I cild. (Qafqaz Üniversitesi Qafqaz
Araştırmalar Enstitüsü Yayın NO:24), "Dede Ömer Ruşeni
ve Külliyyatı" əsərinin ikinci cildi nəşrə
hazırlanmaqdadır.
Azadə Musayevanın Azərbaycan təsəvvüf ədəbiyyatını
öyrənməsi yolunda atdığı addım arxasınca geniş cığır
açmış oldu. Filologiya üzrə fəlsəfə doktoru, professor
Mehmet Rıhtım tərəfindən Seyid Yəhya Bakuvinin
öyrənilməsi bu ənənənin davamıdır. Bu istiqamətdə
əhəmiyyətli çalışmalardan biri də Cahangir Zeynalovun
ərəbcədən çevirərək, geniş müqəddimə ilə nəşr etdirdiyi
Yusif Muskuri Şirvaninin "Sufi yolunu keçmək istəyənlər
üçün sirlərin izahı (Yaradılış ardıcıllığı)" əsərinin
(2006) nəşridir. "Şimali Azərbaycan sufizm
nümayəndələri bu günə kimi çox az öyrənilmişdir" deyən
Cahangir Hacıyevin araşdırmasında təsəvvüf
ədəbiyyatının öyrənilməsi istiqamətində aparılan elmi
çalışmaların əhəmiyyəti də vurğulanır: "Bu təlimin
fəlsəfəsi bu gün - XXI əsrin əvvəllərində də özünün
müxtəlif təzahürləri ilə, demək olar ki, yer kürəsinin
bütün qitələrinin - Asiya, Afrika, Avropa, Amerika -
sakinlərini cəlb etməkdədir". Tədqiqatçının məlumatı
Azadə Musayevanın elmi fəaliyyətinin ümumbəşəri
əhəmiyyətini görə bilməyimizə imkan verir.
Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin
böyük elmi işçisi |